Əsas Səhifə > Şou-biznes > “Atam anama görə filmdəki yataq səhnəsindən imtina etdi, əks halda...”
“Atam anama görə filmdəki yataq səhnəsindən imtina etdi, əks halda...”11-09-2021, 09:17 |
“Bu gün çox sevinirəm ki, atam daim xatirələrdə yaşayır, unudulmur. O o qədər yardımsevər, xoşxasiyyətli biri idi ki, bunu özünün oynadığı “Bizim Cəbiş müəllim” filmindəki müəllim obrazı ilə göstərə bilib. Onu da deyim ki, Cəbiş müəllimlə atam arasında çox oxşarlıq var. Heç kimin xətrinə dəyməzdi. Həmişə mənə deyirdi ki, qızım, çalış hamıya yaxşılıq et, yaxşılıq edə bilmirsənsə pislik də etmə. Bu onun həyat devizi idi. Məndə incəsənətə, ədəbiyyata həvəsi də uşaqlıqdan atam yaradıb. 18 il bitirdiyim APİ-də pedoqoji fəaliyyətdə olmuşam” Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, “Bizim Cəbiş müəllim” filminin baş qəhrəmanı Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova deyib. O daha sonra əlavə edib. “Rejissor Həsən Seyidbəyli Cəbiş müəllim obrazının sınaq çəkilişlərinə bir neçə aktyoru dəvət etməli olub. O Rza Təhmasib ilə atam arasında seçim edə bilmirdi. Son məqamda üstünlük atama verilir və bu obraza atam çəkilir. Hətta filmin ikinci rejissoru atama “səni baş rola çəkirik deyib”. Atam buna öncə razı olmayıb. Səbəbini isə belə izah edib ki, “məni neçə dəfə aldadıblar ki, səni baş rola çəkirik, amma sonunda çəkməyiblər. Baş rol istəmirəm, epizod varsa gəlib çəkilim”. Daha sonra Həsən Seyidbəyli atama zəng edib və “dur gəl, sənin nə işin var, mən səni Cəbiş obrazına çəkəcəyəm” deyib. Filmdə Cəbiş müəllim sürəti ona görə real alınıb ki, o özünü oynayırdı. Həyatda da həmin xarakterdə idi. Necə ki, kinoda Şəfiqə xanımdan çəkinirdi, evdə də anamdan çəkinər, ona böyük hörmət edərdi. Anam zəhmli, sərt qadın idi. Evdə də onun sözü keçirdi, bu da yəqin ki, atamın anama qarşı olan sevgisindən qaynaqlanırdı. Atam anamı böyük məhəbbətlə sevib və son günə qədər də ona bağlı və sadiq olub. Hətta atam anamı itirəndə ona dedi ki, Leyla, gözlərini aç, məni hara qoyub gedirsən? Bu çox dəhşətli bir mənzərə idi. Anamdan sonra atam elə hey ağlayırdı. Baxmayaraq ki, teatrda rolları var idi, təsəlli yeri var idi, amma sakitcə oturub fikrə gedərdi. Anamın şəkili ilə söhbət edirdi, şəkilini böyütdürüb başının üstündən asmışdı. O vaxt belə sevgilər olub, insanlar bir-birinə qəlbən bağlı idi” deyə aktyorun qızı bildirib. Sevil Ələsgərova deyir ki, atası anasına görə “Bizim Cəbiş müəllim” filmində bir neçə səhnəni rejissordan dəyişdirməyi xahiş edib. “Atam bu obraza özündən əlavə ştrixlər əlavə etmişdi. Filmdə belə bir səhnə var ki, Cəbiş üzünü qırxarkən arvadı yataqdan durub onu arxadan qucaqlayır və pul qazanmağın yolları haqda söhbət açır. Ssenari üzrə bu səhnə başqa cür çəkilməli idi, yəni ər və arvad yataqdan uzanmış şəkildə söhbət etməli idilər. Anam da atamı çox sevirdi və onun belə səhnədə çəkilməsi evdə heç də xoş qarşılanmazdı. Atam rejissor Həsən Seyidbəyliyə xatırladıb ki, əvvəla Cəbiş müəllimdir. Onun arvadı ilə bir yataqda göstərilməsi düzgün olmazdı. Bu sözdən sonra Həsən Seyidbəyli atamı qucaqlayıb öpüb və “bu mənim heç ağlıma da gəlməmişdi” deyib. Daha sonra bu səhnə atamın dediyi kimi çəkilib” deyə aktyorun qızı əlavə edib. Geri qayıt |