Əsas Səhifə > Şou-biznes > "Rusiya çox ciddi informasiya fəlakəti ilə üz-üzədir və verdiyi qərarlar təəssüf doğurur"
"Rusiya çox ciddi informasiya fəlakəti ilə üz-üzədir və verdiyi qərarlar təəssüf doğurur"29-03-2022, 08:59 |
Azərbaycanın daha bir saytının - “oxu.az” xəbər portalının Rusiyada yayımı qadağan edilib. "Roskomnadzor"un (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti - red) qərarına əsasən, “oxu.az” saytı bloklanıb. Saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən atılan bu addım birbaşa söz azadlığına, demokratiyaya, plüralizmə zidd hesab olunur. Ekspertlərə görə, "Roskomnadzor"un belə addım atması qərəzli və qanunsuzdur. Bu addım eyni zamanda Rusiya cəmiyyətinin obyektiv məlumat almaq, alternativ fikirlə tanış olaraq düzgün nəticəyə gəlmək hüququnun məhdudlaşdırılmasıdır. Xatırladaq ki, “oxu.az” iki dildə - Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Bundan əvvəl rusdilli “Haqqin.az” və “Minval.az” saytları da Rusiya hökuməti tərəfindən ayrıseçkiliyə məruz qalıb. Ekspertlərin fikrincə, Azərbaycan KİV-lərinin Ukrayna ilə bağlı yayımları, Rusiya-Ukrayna müharibəsində tutduğu obyektiv mövqe Moskvanı narazı salır. Lakin Rusiyanın Azərbaycan media qurumlarına belə yanaşması iki ölkə arasındakı münasibətlərə hörmətsizlikdir. Kremlin bloklama siyasəti dövlətin öz informasiya məkanını “yad elementlərdən” təmizləmək istəməsi kimi dəyərləndirilə bilməz. Çünki Azərbaycan KİV-ləri heç bir halda söz və ifadə azadlığından sui-istifadə etmir. Onlar müharibəyə işğal faktı prizmasından yanaşırlar. dia-az.life-ın məlumatına görə, qərarı “Şərq”ə dəyərləndirən media eksperti, professor Qulu Məhərrəmli deyib ki, bütün dünyanı informasiya müharibəsinə məruz qoyan Rusiyanın özü indi məhz həmin təbliğatın ən ciddi qurbanlarından birinə çevrilir. Professor bildirib ki, dünyanı yalana bürümüş Rusiya təbliğatı çökür, dayaqları çat verir. Ona görə də Moskva özünü gerçək informasiyadan qorumaq üçün müəyyən addımlar atır: “Yadınızdadırsa, bir neçə həftə əvvəl Rusiya parlamenti yalan məlumatlar, feyklər haqqında qanun qəbul etdi, ciddi cəzalar müəyyənləşdirdi. Yüksək cərimələrlə yanaşı, uzunmüddətli həbslər də nəzərdə tutulur. Bu, ilk növbədə Rusiya vətəndaşlarını qorxutmaq üçündür ki, onlar mövcud hakimiyyətin siyasəti əleyhinə istifadə etməsinlər. Rus ictimaiyyəti rusdilli saytlardan məlumat aldığı, orada yazılan reallıqları gördüyü üçün Rusiyanın müvafiq idarəsi saytları bloklayır. Rusiya hakimiyyəti ölkə ictimaiyyətinin gerçəkləri öyrənməsindən həddindən artıq qorxur”. Ancaq Q.Məhərrəmli hesab edir ki, bununla bağlı Rusiya-Azərbaycan münasibətlərində hər hansı gərginlikdən danışmaq tezdir: “Bu, Rusiyanın “özünümüdafiə” və həqiqətdən qorunmaq instinktidir. Kreml bunun üçün bütün vasitələrdən istifadə edir və təkcə Azərbaycanla bağlı deyil. Gürcüstan və Ermənistanın da rusdilli saytlarının ölkədə yayımı qadağan olunub. Ukrayna haqqında ümumiyyətlə heç bir məlumat vermək olmaz. Prezident V.Zelenskinin rus mediasına verdiyi müsahibənin tirajlanmasına ölkənin müvafiq qurumu tərəfindən qadağa qoyulub. Rusiya çox ciddi informasiya fəlakəti ilə üz-üzədir və verdiyi qərarlar təəssüf doğurur”. Geri qayıt |