Əsas Səhifə > Şou-biznes > "Elvinin yanında dik durmağa çalışıram"
"Elvinin yanında dik durmağa çalışıram"27-04-2022, 08:43 |
“Elvinin vəziyyəti çox ağırdır. Yemək yeməkdə çətinlik çəkməyə başlayıb, bundan əlavə də danışıq qabiliyyətində problemlər yaranıb. Sənət dostları, əsasən Elçin Lənbəranski, Valeh Əhmədov, Amiran Babayev və Kənan Yusif daim bizimlə əlaqə saxlayırlar. Heç vaxt inanmazdım ki, belə bir hadisə ilə üzləşəcəyəm, Elvin xəstə yatağına düşəcək. Mən belə bir şeylər eşidəndə və görəndə deyirdim ki, bu insanın sevdiyi şəxs görəsən onun xəstəliyinə necə dözür, mən olsam ölərəm! Amma indi var gücümlə dözürəm, Elvinin yanında dik durmağa çalışıram. Övladımız Elvinə çox bağlıdır, bütün günü atasını axtarır, çağırır”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xəstəlikdən əziyyət çəkən tanınmış aktyor Elvin Ağayevin həyat yoldaşı, aktrisa Elvina Atakişiyeva deyib. O daha sonra əlavə edib. “Bu xəstəlik Elvində özünü tam göstərmədi. Birdən-birə rəngi saraldı, kilo itirməyə başladı. Ağrıları əmələ gələndə bildik ki, Elvin qaraciyər sirrozundan əziyyət çəkir. Mən video çəkirdim, Elvin öz dili ilə dedi ki, mən bəlkə də ömrümün son günlərini yaşayıram. Bu sözü eşitmək mənim üçün çox ağırdır! Çox ümidli idi ki, sağalacaq, amma son günlərdə hiss edirəm ki, Elvin özü də ümidsizliyə qapanıb. Mən istəyirəm ki, Elvinə dəstək olsunlar, o yaşasın. Özünə gələn kimi birinci oğlunu soruşur, sadəcə xəstəxanaya buraxmırlar deyə uşağı görmür. Bu hal onu bir az da narahat edir” deyə aktrisa bildirib. Elvina Atakişiyeva həyat yoldaşı ilə tanışlığının tarixçəsini də bizimlə bölüşüb. “Təbii ki, aktyor-aktrisa kimi bir-birimizi tanıyırdıq, amma ünsiyyətimiz yaranmamışdı. 2018-ci ilin mart ayında onunla birlikdə bir film tədbirində idik, orada ünsiyyətimiz də adımızın uyğunluğuna görə yarandı. Daha sonra ara-sıra başladıq danışmağa, dostlarla bir yerdə gəzintiyə çıxmağa. Düzünü deyim ki, ilk illər Elvinin məndən, mənim də Elvindən xoşum gəlmirdi, hətta bir-birimizə nifrət də edirdik. Daha sonra necə oldusa ünsiyyət qurmağa başladıq və gördük ki, xarakterlərimiz bir-birinə uyğundur. Gədəbəyə “Adam” filminin çəkilişinə getmişdik, oradan qayıdanda evlənməyə qərar verdik. 2019-cu ilin fevral ayında ailə həyatı qurduq. Çox maraqlı, əyləncəli, məni hər zaman başa düşən, dost olan ailəyə sahib oldum. Amma indi onu itirmək üzrəyəm” deyə aktrisa bildirib. Qeyd edək ki, Elvin Ağayev qaraciyər sirrozundan əziyyət çəkir. Geri qayıt |