Əsas Səhifə > Şou-biznes > “Xan Şuşinski, Sara Qədimova, Qədir Rüstəmov da toylara gediblər, amma onlar...”

“Xan Şuşinski, Sara Qədimova, Qədir Rüstəmov da toylara gediblər, amma onlar...”


19-01-2023, 10:52
“Xan Şuşinski, Sara Qədimova, Qədir Rüstəmov da toylara gediblər, amma onlar...”
“1-ci və 2-ci kurslarda Cövdət Hacıyevin tələbəsi olmuşam. 3-cü kursda Cövdət Hacıyev dedi ki, məndən nə öyrəndinsə öyrəndin, indi sənə məsləhət görürəm ki, Qara Qarayevin sinfinə keçəsən. Mən təəccübləndim. Amma onlar Qara Qarayevlə bu məsələni artıq həll etmişdilər. 3-cü kursdan mən Qara Qarayevin tələbəsi oldum və müasir musiqiyə çox böyük həvəsim başladı. Qara Qarayev həmişə mənə deyirdi ki, sən həm gözəl pianoçu, həm də bəstəkarsan. Amma 7-8 saat pianoçu kimi vaxtını sərf etmə, daha çox musiqi yazmağa fikir ver. Biz müəllimlərimizi sevmişik, onlara heyran olmuşuq. Bu gün uşaqlar öz müəllimlərinə heç hörmət etmirlər, onları sevmirlər, heyranlıq deyilən bir şey yoxdur. Bəzən gənclər müasirliyi eybəcərliklə səhv salırlar”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib.

“Heç vaxt musiqi yazmağa vaxtım olmayıb. Həmişə dərs demişəm, pul qazanmışam, yoldaşım da, mən də ailə saxlamışıq. Konservatoriyaya gedib həftədə 32 saat dərs deyirdim. Türkiyədə 3 yerdə işləyirdim. Musiqi həyatımın cöhvəridir” deyə bəstəkar bildirib.

Firəngiz Əlizadə yeni yazılan mahnılardan da danışıb.

“Telekanallarda bədii şuralar bərpa olunandan sonra bir az dəyişiklik var. Amma heç nə tam, 100 faiz deyil. Mütləq o bədii şuralarda bəstəkarlar olmalıdır. Çünki telekanal biləvasitə musiqi ilə əlaqəlidir. Təəssüf hissi ilə deyirəm ki, biz hələ də klassik bəstəkarlarımızı, onların əsərlərini lazımı qədər təbliğ edə bilməmişik. Bizim muğam çox yüksək səviyyədədir, amma əcnəbi dillərdə biz bunları yetərincə təbliğ edə bilmirik. Verilişlər, proqramlar toyxanaya çevrilməməlidir. Xan Şuşinski, Sara Qədimova, Qədir Rüstəmov da toylarda ifa ediblər, amma bu onların əsas işinə çevrilməyib. Özü də onlarda başdan ayağa toyu aparmayıblar. Sevənləri olub ki, dəvət edib, gedib hörmətlə, izzətlə, sanballa 1-2 mahnı oxuyub gəliblər. Müasir mahnıların bir çoxuna qulaq asırsan, bilmirsən hind mahnısıdır, yaxud da ərəb? Sözlər də mənasız, çox bəsitdir, eyni fikirlər, sözlər 10-15 dəfə təkrar olunur. Mövzu da yoxdur. Nə vətənpərvərlik mövzusu var, nə də ki, sevgi, məhəbbət. Başa düşürəm ki, gənclər şux mahnı istəyirlər, amma bizim öz şux mahnılarımız da az deyil. O vaxt bəstəkar mahnı yazırdı, fikrində tuturdu ki, bu mahnını filankəs oxusun. Yaxud da öncədən bilirdi ki, mahnını kimi nəzərdə tutub yazır. Bu gün mahnını müğənni yazır, müğənni oxuyur. Söhbət mahnıdan gedirsə, burada məsuliyyət daşıyan müğənni yox, bəstəkardır” deyə sənətkar bildirib.

Geri qayıt