Əsas Səhifə > Şou-biznes > "İndiyə qədər onu yuxularımda görürəm..."

"İndiyə qədər onu yuxularımda görürəm..."


24-01-2014, 08:44
"İndiyə qədər onu yuxularımda görürəm..."
Rəqqasə Oksana Rəsulovanın Milli.Az-a müsahibəsi.

-​ Uşaqlıqdan bu vaxta qədər başınızda qalan adət hansıdır?

-​ Cizgi filmlərinə baxmaq. Uşaqlıqda cizgi filmlərinə həddindən artıq çox baxırdım. İndi də bu vərdişimi tərgidə bilməmişəm (gülür).

-​ Həyatınızda ən acı həqiqət hansıdır?

-​ Ailə, övlad sahibi olmamağım.

-​ Bəs xoşunuza gəlməyən nədir?

-​ Yalançı və paxıl insanların olmağı. Bəzən də bu insanların təsadüfən gəlib mənim əhatəmə düşməsi.

-​ Paxıllığınızı çəkənlər çoxdur ki?

-​ Bəli, belə insanlar var. Amma bilmirəm ki, mənim paxıllığımı niyə çəkirlər.

-​ Elşad Xosedən niyə ayrıldınız?

-​ Bu ailədaxili sirrdir. Onu açıqlamayacam, yalnız bunu deyə bilərəm ki, mən bir daha ona qayıtmayacam.

-​ Ondan sonra sizə elçi düşən olub?

-​ Xeyr, buna imkan verməmişəm.

-​ Bəs yenidən ailə qurmaq haqqında düşünürsünüz?

-​ Bundan sonra düşünmürəm.

-​ Bu yaşa qədər nəyə cəhd etdiniz ki, o, sizdə alınmadı?

-​ Ailə qurmaq məndə alınmadı.

-​ Nə dəyişib sizdə?

-​ Sərtləşmişəm. Rəfiqələrimi həyatımdan silmişəm.

-​ Sizin üçün çətin olan nədir?

-​ Səbrli ola bilmirəm. Çox səbrsiz insanam.

-​ Sonucu dəfə haçan ürəkdən oynamısınız?

-​ Mən bütün rəqslərimi ürəkdən oynayıram. Xüsusən də hind rəqslərini. Bu, məndə çox yaxşı alınır.

-​ Nədən soyumusunuz?

-​ Sanki bir az işlərimdən soyumuşam. Təsəvvür edin ki, mən müqavilə əsasında Hindistana getməliyəm, amma nədənəsə getmək istəmirəm. Heç özüm də bunun nə ilə əlaqədar olduğunu bilmirəm.

-​ İndiyə qədər qəlbinizi ağrıdan səhvləriniz var?

-​ İki böyuk səhvim var ki, onun təsiri hələ də məndə qalıb. Amma onların nə olduğunu deməyəcəm.

-​ Nədən gileylənirsiniz?

-​ Haqsızlıqdan, qadın zorakılğından, ananın istəyə-istəyə doğulmamış uşağından qurtulmaq istəməsindən və s.

-​ “Başınızı götürüb” hara qaçmaq istəyirsiniz?

-​ Anamın, atamın yanına. Orada rahatlıq tapıram.

-​ Kompleksləriniz var?

-​ Bəli, var. Amma açıqlamayacam, çünki şəxsidir.

-​ Çıxılmaz vəziyyətə düşəndə nə edirsiniz?

-​ Çalışıram ki, özümü itirmədən ələ alıb problemi həll edim.

-​ Gözünüzün qabağından getməyən hadisə hansıdır?

-​ Yaxın rəfiqələrimdən birinin yas mərasimi, onu məzarda görmək heç vaxt gözümün qabağından getmir. İndiyə qədər onu yuxularımda görürəm.

-​ Get-gedə sizdən nəyin uzaqlaşdığını hiss edirsiniz?

-​ Gənciliyimin...

-​ Nəyə peşmansınız?

-​ Anamın sözlərinin qədrini bilmədiyim üçün peşmançılıq hissi duyuram. İndi ağıllanmışam.

-​ Mən təəssüf edirəm ki... Bu fikri necə tamamlamaq istərdiniz?

-​ Mən təəssüf edirəm ki, ötən illərimi qaytara bilmirəm. Hər şeyi başqa cür başlamaq şansım olmadığına görə çox üzülürəm.

Geri qayıt