Əsas Səhifə > Şou-biznes > “Musiqi zövqü korlanan insanların tərbiyəsi də olmur”

“Musiqi zövqü korlanan insanların tərbiyəsi də olmur”


8-04-2023, 05:23
“Musiqi zövqü korlanan insanların tərbiyəsi də olmur”

Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyev Bakıya birdəfəlik qayıtdıqdan sonra bir çox verilişlərdə qonaq olub, mütəmadi olaraq müsahibələr verdi. Cavanşir müəllim kimi sənətkarı tez-tez görməyə, məsləhətlərini eşitməyə necə də ehtiyac duyurduq. Hələ ki, bayağılığın, insanların zövqünü korlayan mahnıların, ifaçıların qulağımıza, gözümüzə zülm etdiyi bir vaxtda onu və onun kimi dühaları axtarırıq.

Bu məqamda hər nə qədər Azərbaycandakı mobil nömrəsini bilməsək də, ev telefonuna zəng edib, Cavanşir müəllimlə qısa söhbət etdik.

DİA.AZ-ın məlumatına görə, bəstəkar “Sherg.az”a Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin monitorinqlərindən, mədəniyyət sahəsində aparılan islahatlardan, səhhətindən danışdı.

-Yəqin ki, “Mahnılarımız monitorinq aynasında” kitabından və siyahılardan xəbərdarsınız. Bu addımla bağlı siz nə düşünürsünüz?

-Mən və bəzi həmkarlarım 30 il bundan əvvəl bu barədə danışmışdıq. Həmin qəzetlər mənim arxivimdədir, saytlarda dərc olunan açıqlamalarımın arxivi qalıbsa, orada da durur. Biz deyirdik ki, bu işin axırı pis olacaq. O dövrdə Yutüb, Feysbuk yox idi, yalnız elektron məktublar yaza bilirdik. Hər şey televiziya kanallarında, konsertlərdə baş verirdi. Onda deyirdik ki, bu gedişat təhlükəlidir, keyfiyyətsiz mahnıları təbliğ etmək olmaz. Bizi dinləyən olmadı. Çünki bəzi insanlar fikirləşirlər ki, hansısa vəzifəyə təyin olunanda, gecə yatıb səhər durana qədər bütün biliklər beyinlərinə dolacaq. Belə hiss edirlər ki, hamıdan çox bilirlər və kimsəni dinləmirlər.

-Hələ o dövrdən siz xəbərdarlıq etmisiz...

-Bəli. Bildirirdik ki, sonu pis olacaq, milyonlarla zövqsüz və musiqi qulağı olmayan insan yetişdirəcəksiniz. Bunlar sürü halında olacaq və heç nəyi dinləməyəcəklər. Bu keyfiyyətsiz, bayağı adlanan mahnılardan başqa heç nəyə qulaq asmayacaqlar. Onların zövqləri korlanacaq. Zövqü korlanan insanın mədəniyyəti də, tərbiyəsi də olmur. O vaxt dediklərimizin hamısı indi baş verir. Dövlət strukturu də işə qarışmağa məcbur olub. Bəs biz bunu onda deyəndə niyə diqqət edilmirdi? İndi isə heç nəyin faydası olmayacaq. Çünki internet dövründə bunların qarşısını ala bilməyəcəklər. Bu mahnıların əksəriyyəti sosial şəbəkələrdə səslənir, efirdə o qədər də çox deyil. Şəhərdə dəfələrlə görmüşəm ki, avtomobildə dinləyirlər, səsini də yüksəldirlər ki, yolda gedən insanlar da eşitsin. Baxın, belə tərbiyəsiz nəsil yetişir. Onları heç bir dəyərli keyfiyyəti sənət əsərlərinə cəlb etmək mümkün olmayacaq. Bu uşaqlıqdan gəlməlidir. Yekə adamlardır, onlara zorla nəyisə dinlətdirmək olmaz.

-Sizcə, heç irəliləyiş olmayacaq?

-Proqnozum çox pessimistdir. Azərbaycan cəmiyyəti get-gedə mədəniyyətsizləşir. Baxmayaraq ki, Filarmoniayda çox konsert təşkil olunur. Amma bu gənclərin maraq dairəsində deyil, getmirlər. Tədbirlərə yığışan insanlar ya musiqiçilərin dost-tanışıdır, ya da musiqiçilərdir. Televiziyada yayımlananda da başqa kanala çevirirlər. Vəziyyət yaxşı deyil. Bu elə bir vəziyyətə gətirib çıxaracaq ki, Azərbaycanda musiqiçilərin də keyfiyyəti aşağı düşəcək. Hər şeyi itirəcəyik. Üzeyir bəyin bünövrəsini qoyduğu mədəniyyət zəlzələdə yıxılan binalar kimi çatlayıb töküləcək.

-Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Adil Kərimli bir sıra islahatlar həyata keçirir. Məsələn,
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru dəyişdi, Xalq artisti Yusif Eyvazov bu vəzifəyə təyin olundu. Bundan başqa, bir sıra işdən çıxarılmalar oldu. Siz nə düşünürsünüz, fikrinizcə, mədəniyyətimizin inkişafında bu islahatlar hansı rolu oynayacaq?

-İslahatlar lazımdır. Mən daha dərin islahatlar keçirərdim. İnşallah faydası olar. Hər bir islahatı alqışalamaq lazımdır. Hamımız nəticəsinin yaxşı olmağını istəyirik.

-Özünüz, səhhətiniz necədir?

-Şükür Allaha. Sizinlə söhbət edirəmsə, deməli danışmaq imkanım var (gülür).

-Bakıya yeni gələndə sizi verilişlərdə tez-tez görürdük. Sanki indi daha az efirə çıxırsız. Səbəb nədir? Dəvət gəlmir, yoxsa özünüz getmək istəmirsiz?

-Məlumatınız yanlışdır. Son zamanlarda da gəlib çəkirlər. Ola bilər ki, siz sadəcə görə bilmirsiniz. Verilişlərdə yenə varam, problem yoxdur.

-Yaradıcılığınız nə yerdədir? Yeni əsərlər bəstələyirsiniz?

-Dayanmadan yazıram. Amma əsərlərim haqda danışmaq istəmirəm.
Geri qayıt