Əsas Səhifə > Şou-biznes > "Bir milləti biabır etmək üçün 10 dəqiqə vaxtını aldın, iki saat vaxtını aldın, nə dəxli var?"

"Bir milləti biabır etmək üçün 10 dəqiqə vaxtını aldın, iki saat vaxtını aldın, nə dəxli var?"


30-03-2024, 10:24
"Bir milləti biabır etmək üçün 10 dəqiqə vaxtını aldın, iki saat vaxtını aldın, nə dəxli var?"
"Bu gün dünyanın başının pozulduğu bir vaxtda biz bir xalq, bir millət olaraq soyumuza, kökümüzə qayıtmalıyıq".

Bunu Redaktor.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.

O söyləyib ki, ümumi dünyanın içində it-bat olmaq istəmiriksə, televiziyaların eybəcər, iyrənc, gülünc, aşağılayıcı işlərinə ehtiyac yoxdur:

"Buna qarşı ilk söz deyən, ilk mübarizəyə başlayan mənəm. Üç nəfər, beş nəfər tullantı kimi baxdığımız, həşərat kimi baxdığımız, Azərbaycan xalqına nümunə ola bilməyəcək, ərin qoyan, arvadını qoyan, uşağını qoyan, dədəsindən qaçanlar saatlarla niyə təbliğ edilməlidir? Bu gün gənclərə niyə öyrədirik? Abır, ismət deyilən şeydən niyə qaçırıq? Efirə çıxıb oxumaq üçün ətəyi qurşağa kimi qaldırmağa nə ehtiyac var? Bu nə deməkdir? Oxumaqdır, sənətdir, mədəniyyətdir, inkişafdır? Həvva nənə nümunəsi var da, əncir yarpağını bağlayaq, çıxaq səhnəyə. Avropada, dünyanın başqa ölkələrində kimsə bunu edirsə, bunun bizə nə aidiyyatı var? İnsanın abrı, isməti onun Allah verdiyi əndamındadır, bədənindədir. Kimsə sinəsini şişirdir, kimsə balağını qaldırır. Bunların xalqa ideologiya, təbliğata, mədəniyyətə, mənəviyyata nə dəxli var? Çox təəssüflər olsun ki, buna kütləvi surətdə şərait yaradırlar, təbliğ edirlər. Kütləvi surətdə məhz bu televiziyalarla, verilişlər şərait yaradır. Milli musiqi mədəniyyətimiz, mahnı ifaçılığımız bərbad vəziyyətə salınır, dağıdılır. Bu kimi hallara dəstək verən, bunu təşkil edən maraqlar dövlət səviyyəsində aydınlaşdırılmalıdır. Hansı televiziyalar bunu təbliğ edirsə, arxasında hansı maraqlar durursa aydınlaşdırılmalıdır. Bir milləti biabır etmək üçün 10 dəqiqə vaxtını aldın, iki saat vaxtını aldın, nə dəxli var? Söhbət mahiyyət etibarilə, prinsip etibarilə o cür verilişlərin birdəfəlik yığışdırılmasından gedir. Hər şeyin alternativ nümunəsi var. Azərbaycanda yeni, normal ağsaqqal, ağbirçək, normal ailələr, böyük ifa mədəniyyəti olan, böyük bir nitq mədəniyyəti olan, böyük elmi olan elm, mədəniyyət, sənət xadimlərimiz yoxdur ki, sən ayrıca alternativ olaraq onlarla veriliş edəsən? Millət görsün, bu da var və seçim şansı olsun, bu pisdir, bu yaxşıdır. Kütləvi surətdə əxlaqsızlığı, mənəviyyatsızlığı gecə-gündüz təbliğ edirsən, uşaq da, böyük də baxır. Hamı axı eyni şüurun sahibi deyil. Mənəviyyatsızlığı təbliğ edənləri güllələmək, edam etmək təklifində deyiləm. Gələcək nəsillərimizə nümunəvi faktorlar, epizodlar, verilişlər qoymaq lazımdır".

Xalq artisti dedi ki, bəzi verilişlərin vaxtının azalması növbəti fırıldaqdır, fikir yayındırmaqdır:

"Bu verilişlər kökündən dayandırılmalı, durdurulmalıdır. Ciddi danışılası ziyalılarımız da var, görüləsi işlərimiz də var. Bunlar hamısı bərpa olunmalıdır. Reklam xatirinə millətin əxlaqını, mənəviyyatını, ideologiyasını, dövlətin siyasətini məhv edə bilmərik. Allahı çağırıb, qanunlarımıza sığınıb, bir-birimizə arxa olub, soyumuza söykənib, özümüzü bərpa eləməliyik, bərpa olunmalıyıq. Artıq bıçaq sümüyə dirənib, millətin, sümüyün doğrayırlar. Küçəyə çıxa bilmirəm, yüzlərlə adam üstümə hücum edir ki, "ay Şeyx, ay ağsaqqal, bu televizyalar nə gündədir". Məndən çox çıxıb danışan yoxdur, mən neyləyim ki? Hamı məni düşmən gözündə görür, Allahın toy manısları məni görəndə üzlərini döndərib, gedirlər. Gedib sənətləri ilə məşğul olmurlar. Ataların bir misalı var. Deyir ki, ağıllı fikirləşənə kimi, dəli vurub çayı keçir. İstedadlı insanlar, abır-həya gözləyən insanlar olurlar, bu istedadsızlar toy manısları pulun hesabına hər iş görür. Burada xalqın da günahı var, baldırını, sinəsini açanları 3-5 minə toyuna çağırırlar, o da gedib hoqqalardan çıxır. Birinci günah elə xalqın özündədir".

Geri qayıt