Əsas Səhifə > Şou-biznes > "Aktyor gərək anadan aktyor doğulsun"

"Aktyor gərək anadan aktyor doğulsun"


13-04-2024, 09:31
"Aktyor gərək anadan aktyor doğulsun"
“Bu gün yazarlarımız yox dərəcəsindədir. O vaxt Seyfəddin Dağlı, Salam Qədirzadə, İsi Məlikzadə, Rüfət Əhmədzadə, Cahangir Aslanoğlu kimi yazarlar ssenarilər qələmə alırdılar. Bu gün Əhməd Orucoğlu, Rafiq Səməndər kimi peşəkarlar az qalıb. Mən bu sadaladığım insanların ssenarilərini oynamışam. Bu ssenarilərdə mən də, digər böyük sənətkarlarımız da improvizə edirdilər. İndi yazarlar cılızlaşdığına görə improvizə də yoxdur. İmprovizə etmək üçün material, əsər olmalıdır, məqam gəlməlidir. O məqam yoxdur. Ona görə də yersiz, şit parodiyalar çoxalıb. Səviyyəsiz dərəcəyə gəlib çıxır. Təbii ki, peşəkarcasına oynayan uşaqlar da var, onlara uğurlar arzulayıram”

Bunu Moderator.az-a açıqlamasında Akademik Musiqili teatrın aparıcı aktyoru, əməkdar artist Çingiz Əhmədov deyib. O daha sonra əlavə edib.

“Aktyor gərək anadan aktyor doğulsun. Sonra da getsin oxumağa. O vaxt mənim yadımdadır ki, Əliağa Ağayev, Fazil Salayev sənətə gələndə aktyor kimi peşəkar idilər. Bu gün Mədəniyyət və İncəsənət Universitetində təhsil alanlar var ki, hamısı aktyor olmayacaq. Universiteti bitirib alverə, satışa gedirlər. Bu sənət də heyif olur. Mən gözləmirdim ki, oğlum İbrahim gəlib peşəkar aktyor olacaq. Təbii ki, evin içində hər şeyi görüb-götürüb, sonra da universitetə daxil oldu. Maşallah bu gün reytinqdə mənimlə eyni balansdadır. Sənəti sevib gəlmək lazımdır” deyə aktyor bildirib.

Çingiz Əhmədov bildirib ki, hansısa sənətkardan öyrənmək olar, amma onu yamsılamaq yox.

“Mən 10 yaşımdan televiziyada böyümüşəm. Hamını görmüşəm. Hərəsindən nəsə götürmüşəm, amma özümü kiməsə bənzətməmişəm. Odur ki, Əliağa əmi (aktyor Əliağa Ağayev) həmişə mənə deyirdi ki, “sən özünü qoru, gələcəyin var”. Bu mənim qulağımda qalıb. Nəsibə Zeynalova, Eldəniz Zeynalov evimizin içi idi. Mən onları da yamsılamamışam. Aktrisa Ofeliya Məmmədzadənin ruhu qarşısında baş əyirəm ki, o 1984-cü ildə məni teatra apardı. Nəhənglərlə çalışıb onlardan çox şey öyrənmişəm, amma öz yolumu getmişəm. Heç kəsi də təbliğ, təkrar etməyi sevməmişəm. Allah Hacıbaba Bağırova rəhmət etsin, sağlığında öz rollarını mənə verib, kənara çəkildi. 40 il olacaq ki, teatrda çalışıram. Hacıbaba Bağırov deyirdi sevinirəm ki, teatrda davamçım var, təlxək yox, o da Çingiz Əhmədovdur” deyə aktyor bildirib.

Geri qayıt