Əsas Səhifə > Şou-biznes > “Direktor məni teatrdan uzaqlaşdırdı, belim bükülməyib, əlim əsmir, başım fırlanmır..."
“Direktor məni teatrdan uzaqlaşdırdı, belim bükülməyib, əlim əsmir, başım fırlanmır..."25-06-2024, 08:57 |
“Mənim belim bükülməyib, əlim əsmir, başım fırlanmır, səhnədə gəzə bilirəmsə, niyə teatrda olmamalıyam?! Xaricən də çox cavan görünürəm, daxilən də özümü cavan hiss edirəm. Teatra yaşlı aktyorlar lazımdır. Ağasadıq Gəraybəyli 90 yaşında “Əliqulu evlənir” tamaşasını oynayırdı. Sözün əsl mənasında o rolu yaradırdı. Bizim kimi yaşlı aktyorlar teatrda yoxdur, yaşlı rolları bəs kim oynayacaq?! Cavanın nə qədər saçını ağartsan da, üzünə saqqal yapışdırsan da, onun gözləri par-par parıldayır. Amma yaşlı adamların gözləri sönük olur, yaşlı görünür. Mənim rollarımı o teatrda olan aktyorların heç biri oynaya bilməz. Mən o teatrın böyük aktyoru olmuşam. Ola bilsin ki, bir az özümü tərif etmiş oldum, amma bu faktdır” Bunu Moderator.az-a açıqlamasında xalq artisti, məşhur aktyor Tariyel Qasımov deyib. O daha sonra əlavə edib. “Teatrımıza xanım direktor gəldi. Dedi ki, ərizə yazın, onsuz da yaşlı adamlar işdən çıxarılacaq. Özləri yazmasalar belə biz onları çıxaracağıq. Teatra yaşlı aktyorlar lazım deyil?! Xalq artisti Rafiq Əzimov məndən də bir yaş böyükdür, nə olub ona? Gözəl də oynayır! AZDRAMA ona qiymət verir! Mən də min cavana dəyərəm. 3 teatrda dirrektor və bədii rəhbər işləmişəm, quruluş vermişəm. Qarşımda olan aktyoru ya danlayanda, ya da nəsə söz deyəndə mən onu nəzərə almışam. Gələn xanım da Mədəniyyət Nazirliyində işləyib, hər zaman yubileylərimdə gül gətirib məni təbrik edib. O bilir ki, Gənc Tamaşaçılar Teatrında ən birinci aktyor Tariyel Qasımovdur. Mənə heç kim bir söz deyə bilməz. Mənə söz deyər, cavabını qaytararam! Bizdə cavan aktyorların bir çoxu zəifdirlər, yardım heyətinə yarayırlar. O cavan aktyora bir söz desə başını aşağı salıb danışmayacaq. Amma Yasin Qarayevə, Tariyel Qasımova söz desə biz onun cavabını qaytaracağıq. Ona görə də o məndən ehtiyat etdi. Ola bilər də gələcəkdə teatra gecikə bilərdim, o mənə nəsə söz deyə bilərdi.. Halbuki mən rəhbər işlədiyim teatrlarda aktyorları yığıb deyirdim ki, kim nizam-intizamı pozsa o aktyor işdən çıxarılacaq. Teatra zəif aktyor da lazımdır. Amma işin nizam-intizamını pozan aktyor istəyir xalq artisti yox, SSRİ xalq artisti olsun, mən onu teatrdan çıxararam. Nizam-intizam olan yerdə yaradıcılıq olar. Nizam-intizam olmayan yerdə yaradıcılıqdan söhbət gedə bilməz. Xanım yəqin fikirləşib ki, birdən Tariyel 5-10 dəqiqə gecikə bilər, mən ona bir söz deyə bilməyəcəm. Özünü qorumaq üçün bu addımı atdı. Bu işdə bir az Yasinin də (xalq artisti Yasin Qarayev) təqsiri var. Yasinə deyib ki, yaşlı adamlar ərizə yazıb, işdən çıxsınlar. Mənə də Yasin Qarayev dedi ki, gəl ərizə yazıb, işdən çıxaq. Hər ikimiz yazdıq. Yasin ərizə vermədi, mən isə əriəmi verdim. O işləyir, mən isə işdən çıxmışam. Məsləhətdirsə o da işdən çıxarılardı da! O da qocadır da. Yasin işləməlidir də! Orada başqa yaşlı aktyorlar da var, onlar da işləməlidirlər. Mən bir yerə çağırılmamışamsa, bir yerə lazım deyiləmsə o yerə getmərəm” deyə o bildirib. Geri qayıt |