Əsas Səhifə > Şou-biznes > Mədəniyyətimiz bizim tələsən, tezbazar tərəfimizdir...

Mədəniyyətimiz bizim tələsən, tezbazar tərəfimizdir...


15-07-2024, 07:56
Mədəniyyətimiz bizim tələsən, tezbazar tərəfimizdir...
Milli mentalitet bir xalqın tarixlə mübarizədə qazandığı və onu sağ saxlayan düşüncələr, davranışlar sistemidir.
Xalq öz mentalitetini yalnız özünə güzəştə gedə bilər, o da ölüm-dirim seçimi qarşısında qaldıqda.
Biz milli mentaliteti ələ salmağı maarifçilərimizdən öyrənmişdik, onlara da rus çarı göstəriş vermişdi, işğal etdiyi şimalı Azərbaycanı ruhən də müsəlman Şərqindən ayırmaq üçün.
Qazancımız nə oldu? Şüur hadisəsi olan mədəniyyətmizlə şüuraltında pusquda yatan mentalitetimiz bir-birinin düşməninə çevrildi.
Mədəniyyətimiz məğlub tərəfimizdən boy atırdı, mentalitetimiz isə səbrlə qalib gələcəyi günü gözləyirdi.
O gün bu gündür: mədəniyyətimiz məğlub, mentalitetimiz qalibdir, istər məişət olsun, istər müharibə meydanı.
Məişətdə də, müharibə meydanında da uduzanlarımız mədəniyyətimizi təmsil edənlərdi.
Məişətdə də, müharibə meydanından da qalib gələnlərimiz milli mentalitetimizdən güc alanlardır.
Bu gün mədəniyyətimizin bütün ərazilərinin mentalitetimizin əlinə keçməsi bir qisas hadisəsidir.
"Azadlıq" meydanında qalib gəlmək üçün iki əsr gözləyən də, Qarabağda qələbə çalmaq üçün otuz il səbrlə fürsət axtaran da mədəniyyətimiz deyildi, mentalitetimiz idi.
Mədəniyyətimiz bizim tələsən, tezbazar tərəfimizdir.
Və bu mentalitet ta Türkmənçay müqaviləsindən bu yana səbrlə maarifçilərdən qisas alacağı müstəqillik illərini gözləyirdi. Biz indi o illərdə yaşayırıq.
Bizim nəslin səhvi o oldu ki, müstəqilliyimizin yeni dəyərlərini yaratmaq əvəzinə çar Rusiyasının diqtə etdiyi "əsarət maarifçiliyinin" keçmiş dəyərlərinə üz tutduq.
Mentalitetimiz sələflərimizi qəbul etmədiyi kimi, bizi, onların xələflərini də qəbul etmədi. Çünki mədəniyyətimizin bizə Türkmənçay məğlubiyyətinin qarşılığı olaraq verildiyini çox yaxşı bilirdi.
Milli mentalitetimiz artıq mədəniyyətimizdən şübhələnmək təcrübəsi qazanmışdı.
Bu gün qalib mentalitetimizin məğlub mədəniyyətimizi qəfəsdə saxlamasının səbəbi də bu şübhədir.
Mentalitetimiz mədəniyyətimizin ona yad biriylə xəyanət edəcəyindən şübhələnir və ta Türkmənçay məğlubiyyətindən bu yana onu mədəniyyətin adından tənqid edənləri müxtəlif yollarla tələf edib meyitlərini mədəniyyətlə öz arasında yaradılmış uçruma doldurur.
Bu meyitlərdən biri olacağını düşünmək və bir gün o uçruma yuvarlanacağın günü gözləməkdən başqa əlacının olmadığını bilmək iztirabdır. Həm də smart iztirabdır, duyğusuz, dərk olunmuş iztirabdır.
Canlı varlıqlar yaşamaq uğrunda mübarizədə həmişə ən yaxşısını seçmirlər, ən pisini də seçib növünü qoruyanlar var. Məsələn, digər canlıların nəcisiylə dolanan mayböcəkləri.
Xalqlar, millətlər də canlı varlıqlar olduğu üçün tarixlə mübarizədə həmişə ən yaxşı dəyərləri seçmirlər, yaxud ən yaxşılardan dəyər yaratmırlar. Ən pisin və pislərin hesabına mövcudluğunu qoruyan xalqlar, millətlər də var, olub, olacaq.
Ona görə də fərdin pis, iyrənc gördüyü dəyər xalq üçün varlıq səbəbi olur. Mentalitet bunun təsdiqidir.
İnsanlığa yaraşmayan o qədər xoşbəxtlik növü var ki...

Aqşin YENİSEY - Dia-az.İnfo

Geri qayıt