Əsas Səhifə > Şou-biznes > "Sifarişlə 1-2 mahnıdan əlavə mahnı yazmamışam"

"Sifarişlə 1-2 mahnıdan əlavə mahnı yazmamışam"


22-09-2024, 23:58
"Sifarişlə 1-2 mahnıdan əlavə mahnı yazmamışam"
““Cənab leytenant” mənim öz iç sifarişimdir. Bu kənardan mənə sifariş olunmayan bir mahnıdır. Mən ümumiyyətlə sifarişlə 1-2 mahnıdan əlavə mahnı yazmamışam. Sayca 40-a yaxın mahnım var. “Cənab leytenant” mənim 7-ci mahnımdır. Əvvəla onu deyim ki, mahnının pafosdan uzaq, dinləyicilərlə sadə dialoq qurmağa hesablanan mətni var. Janr etibarı ilə bu müəllif musiqisidir, şanson tərzində yazılıb. Keçmişin, sülh dövrünün romantizmi var burada. Eyni zamanda müharibənin, savaşın, acı gerçəklərin və bu həqiqətlərin hiss və həyəcan dolu gözləntiləri, melodiyası var burada”

Bunu Moderator.az-a açıqlamasında məşhur vətənpərvərlik mahnılarının müəllifi, şair-bəstəkar, AYB-nin Hərbi-Vətənpərvərlik Komissiyasının sədri Şahin Musaoğlu deyib. O daha sonra əlavə edib.

“Müharibə təkcə ön cəbhədən ibarət olmur. Müharibənin arxa cəbhəsi də var. Burada iki obraz var. Biri sevgilisini, həyat yoldaşını, yaxud oğlunu, atasını cəbhəyə yola salan və gözü yolda, qulağı səsdə olan minlərlə Azərbaycan qadının ümumiləşdirilmiş obrazı, digər isə Azərbaycan Silahlı Qüvvələrinin zabitləri timsalında olan bir leytenantın obrazı. Daha doğrusu bu mahnıda həmin iki obrazın dialoqunu verməyə çalışmışam. Burada həm də bir sublimal mesaj var. O demək istəyir ki, mənim cənab leytenantım, unutma ki, vətən uğrunda ölmək şərəfdirsə, sənin borcun, qələbə, zəfər naminə geri dönmək və yaşamaqdır. Bilirsiniz ki, bu mahnı mənim bütün mahnılarımın içərisində sevilən və daha çox populyarlıq, məşhurluq qazanan mahnılarımdan biri olub. Dünyanın bir çox ölkələrində, hətta Ermənistanda da bu mahnı böyük bir auditoriya qazanıb. Mən bu mahnını yazarkən Müdafiə Nazirliyinin tibb idarəsində, eləcə də Müdafiə Nazirliyinin hərbi kinotelestudiyasında çalışırdım. Mən həmin dövrlərdə Azərbaycan zabiti olaraq tez-tez cəbhə bölgələrində, ön cəbhədə olurdum. Eyni zamanda qospitallarda həkim olaraq fəaliyyət göstərirdim. Bu mahnı həmin dövrlərdə yarandı. O ki, qaldı “Vətən əmanəti” mahnıma... Bir dəfə bir jurnalist məndən soruşdu ki, “İgid əsgər möhkəm dayan” yoxsa “Cənab leytenant” mahnısı? Dedim ki, “Vətən əmanəti”. Düzdür, bütün sənət adamlarının, şairlərin, bəstəkarların yaratdığı bütün əsərlər onlar üçün övlad, doğma kimidir. Sən deyə bilməzsən ki, hansı övladını çox sevirsən. Amma mən “Vətən əmanəti”-ni dedim. Vətən anlayışı ən üst, uca məqamda dayanan bir anlayış, məvhumdur. Vətən bir xalqın, bir millətin həm yaddaşının, hafizəsinin, tarixinin, adət ən-ənəsinin, şüurunun, iradəsinin, kimliyinin, onun coğrafiyasında təşəkkül tapdığı məkandır. Vətən hər birimizin şəxsiyyətinin fərdiyyəti üzərində inşa edilmiş danılmaz həqiqətdir. Kiminə üçrəngli bayraqdır, kiminə bu bayraqdakı ay-ulduzdur, kiminə dədə-baba torpaqlarıdır. Mən də bütün bunları anlatmaq, dinləyicilərə çatdırmaq üçün yazmışam bu mahnını. Öz sifarişimdir, öz istəyimlə yazmışam. Bu mahnı da janr etibarı ilə şanson tiplidir. Dialoq var. Ana-ata duası var burada. Nakam arzuların fəryadı, narahat ruhların harayı, çağırışı var burada. Bu da mənim cəbhə illərimdə, hərbi mütəxəsis, zabit olaraq yazdığım mahnılardan biridir” deyə Şahin Musaoğlu bildirib.

Şahin Musaoğlu bildirib ki, bu gün hərbi-vətənpərvərlik mahnılarının auditoriyası məhduddur. Buna da səbəblər var..

“Səbəblərdən biri kimi bəstəkarlarımızın və bəstəkar iddiasında olanların bu mövzuya olan marağından, həvəsindən, bacarıq və istedadından qaynaqlanır deməyə dilim gəlmir, amma çox təəssüflər olsun ki, bu belədir.. Söhbət müasir, bugünümüzün bəstəkarlarından gedir. Bizə qədər yazıb-yaradan bəstəkarların bu dediklərimə heç bir aidiyyatları yoxdur. Kifayət qədər bu sahədə çox populyar, xalq tərəfindən bəyənilən əsərlər var. Burada həm maraq, həm həvəs olmalıdır. İkinci bir səbəb isə vətənpərvərlik mövzusu əslində hər kəsin intelektindən, dünyagörüşündən, zövqündən asılı olmayaraq hamımızın ruhuna və ağlına hakim kəsilməsi olduğu halda, yenə də təəffüslər olsun ki, bu belə deyil. Görürsən ki, intellekt, zövq, dünyagörüşü məsələsi yenə öz sözünü deyir. Bunun iki səbəbi var. Bu işi özünə peşə, sənət bilənlərin öz problemidir. İkinci də auditoriya problemidir. Vətənpərvərlik mövzusu, auditoriyası bütün dünyada belədir. Amma onlardan fərqli olaraq bu bizdə özünü daha qabarıq göstərir. Hərbi-vətənpərvərlik auditoriyası az və məhduddur. Hərbi-vətənpərvərlik təbliğatı kortəbii, kampaniya xarakterli və görüntü xətrinə aparılılır. Baxmayaraq ki, müasir dövrümüzdə, yaxın 30-40 il ərzində başımız nə qədər zülmlər çəkdi. Biz bunlardan bir dərs almalıyıq. Mənə elə gəlir ki, bir xalq olaraq bu 44 günlük müharibəmizin də düzəməlli bir tarixi qiymətini özümüz-özümüz üçün verməmişik. Bu günlərdə cənab prezidentimiz bir günlük antiterror əməliyyatı ilə bağlı Dövlət Suverenliyi gününü təsis etdi. Bu bir xəbərdarlıq oldu ki, axı biz dövlət olaraq böyük işlər görmüşük. Mümkünsüz olanın mümkün olduğunu görmüşük. Bu çox önəmli məsələdir. 30 ilə yaxın idi ki, bizə təqdim edirdilər ki, bu savaş sülh yolu ilə həll olunmalıdır. Amma bir günün içərisində biz bu məsələni həll edə bildik. Məsələ ermənini Dağlıq Qarabağın içərisində çıxarmaq deyil. Məsələ Dağlıq Qarabağı erməninin içindən çıxarmaqdır. Ordumuz, dövlətimiz, sərkərdələrimiz, Ali Baş Komandanımız bu məsələni həll etdi, separatçıları oradan çıxartdılar. İndi o biri məsələlər bizim, sənət adamlarının üstündə dayanır. Biz elə etməliyik, o qədər təbliğatımız güclü olmalıdır ki, bu Qarabağı onların içindən çıxartmalıyıq. Gəlsinlər, yaşasınlar, qalsınlar, amma Qarabağ bizimdir deməsinlər” deyə bəstəkar bildirib.

Geri qayıt