Əsas Səhifə > Şou-biznes > "İncilin tərcüməsi xristianlığın evini yıxdı"

"İncilin tərcüməsi xristianlığın evini yıxdı"


24-09-2024, 08:29
"İncilin tərcüməsi xristianlığın evini yıxdı"
Düşünmək bacarığı yazmaq və oxumaq prosesinin davamı olaraq ortaya çıxır.
Vizual bilgi düşündürmür! Ya da bilginin vizual forması zəka yaratmır deyək. Dünya get-gedə bilgili, amma zəkasız adamlarla dolur.
Bunu Misirdə piramidaya baxanda öz üzərimdə müşahidə etmişdim. Məni həmin anda piramida haqqında düşündürən önümdə öz div görkəmi ilə dayanmış tikili deyildi, bu tikili haqqında o vaxta qədər oxuduqlarım idi.
İnsan haqqında oxumadığı, yazmadığı şeylər haqqında düşünə bilmir, düşünmür.
İncilin tərcüməsi xristianlığın evini yıxdı. Çünki tərcüməyə qədər xristianlar İncili ancaq kilsə divarlarında freskalar kimi görürdülər. İsanın işıq haləsinə bürünmüş freskaları bütün xristian dünyasını "Qaranlıq çağ"a məhkum etmişdi.
Görüntü düşüncə yaratmadığından İncil düşünmə prosesinə məruza qalmırdı. İncili ana dilində oxuyan xristian onun haqqında yazmaq ehtiyacı hiss etdi və öz dinini yalnız bundan sonra anladı.
Xristian öz dininin inanı yox, anlayanı oldu.
Tanrını ağılla deyil, qəlblə hiss etməyin mümkünlüyü dini tələdir. Din bilir ki, onu anlasalar inanmayacaqlar. Xristianlar İncili anladılar və inanmadılar. Çarmıxdakı İsa karikaturalaşdı, ağlatmadı, güldürdü.
Çağımız bilginin yenidən vizuallaşdığı çağdır. Mən artıq növbəti "Qaranlıq çağ"a girdiyimizdən duyuq düşmüşəm.

Aqşin YENİSEY - Dia-az.İnfo

Geri qayıt