Əsas Səhifə > Şou-biznes > "Sənətə baxış da, sənətin gedişatı da dəyişib"

"Sənətə baxış da, sənətin gedişatı da dəyişib"


24-09-2024, 13:56
"Sənətə baxış da, sənətin gedişatı da dəyişib"
“Teatrda artıq yeni mövsümə başlamışıq. Bilirsiniz ki, ötən mövsümdən öz doğma Akademik Opera və Balet teatrıma qayıtmışam. Xalq artisti, həmkarım Mənsum İbrahimovla birlikdə rol aldığım “Leyli və Məcnun” tamaşasını ustad dərsi kimi səhnədə oynadıq. Tamaşa o qədər anşlaq oldu ki, bir neçə dəfə tamaşaçı qarşısına çıxdıq. Bu mövsüm ərzində hansı tamaşalarda oynayacağımı bilmirəm. Bizə rollar təklif edirlər, biz də onları ifa edirik. Hansı rol uyğundursa ifa edəcəm. Hələ ki, bu ay repertuarda mənim iştirakımla tamaşa yoxdur, gələn aydan hansısa tamaşalar ola bilər. İndiyə qədər kiçikli-böyüklü 7 rolum olub. Çalışmışam ki, rollara öz yanaşmam olsun, öz məhsulum olsun” Bunu Moderator.az-a açıqlamasında xalq artisti Nəzakət Teymurova deyib. O daha sonra müəllimi, görkəmli xanəndə Arif Babayevdən danışıb. O bildirib ki, müəllimi onu hər zaman izləyir.

“Arif Babayev mənim ustadım, həm də Azərbaycan mədəniyyətinin, muğam sənətinin qoruyucusu, sütunlarından biridir. Onun səsi ilə o qədər nəsillər yetişib ki.. Arif müəllimin səsində Qarabağın, ümumilikdə Azərbaycanın gözəlliyini görmək olar. Mən həmişə deyirəm ki, Arif Babayev sənətdə hər xanəndənin arzuladığı bir zirvədədir. O hərtərəfli xanəndədir. Opera və Balet teatrında onun tamaşalarına bilet alanların sayı-hesabı olmayıb. Hətta danışırlar ki, onun iştirakı ilə baş tutan tamaşalarda insanlar sırf Arif müəllimin oxuduğu hissəyə qulaq asıb, sonra teatrı tərk edirdilər. Bu günkü gündə Arif müəllimin oxuduqlarını gənc xanəndələrimiz dərslik kimi öyrənirlər. Əsl kişi səsidir. Onun tələbələrinin sayı-hesabı yoxdur. Onların içərisində xalq, əməkdar artistlər də, əməkdar müəllimlər də var. İki gün bundan öncə mənə zəng etdi. Haradasa muğam oxumuşdum. Dedi ki, Nəzakət, çoxdandır səsini eşitmirəm. Demək olar ki, Arif müəllim bütün solo konsertlərimdə iştirak edib. Həmişə zəng edib diqqətli tamaşaçı kimi fikirlərini mənə və digər tələbələrinə deyir” deyə sənətkar bildirib.
Arif Babayev müsahibələrinin birində Nəzakət Teymurovanın səsini ölməz sənətkarımız Rübabə Muradovanın səsinə bənzətdiyini bildirib. Həmin müsahibəni sevilən xanəndəyə xatırladırıq.

“Rübabə Muradova Azərbaycan qadın xanəndəlik sənətinin ən layiqli nümayəndələrindən biridir. Sözün düzü mənim müəllimlərim kişi olduğu üçün hansısa qadın xanəndənin ifasına oturub qulaq asmamışam. Arif müəllim mənim səsimi Rübabə Muradovanın səsinə oxşadırsa nə xoş. Bunu mənə Arif müəllimdən başqa adamlar da deyib. Mən çalışmamışam ki, kimisə yansılayım, kiminsə izi ilə gedim. İzlə gedənin izi qalmaz. Bənzətmələri heç sevmirəm. Bu gün öz tələbələrimə də deyirəm ki, mən sizə muğamın sirrlərini öyrədirəm, amma siz bunu necə görürsünüzsə elə oxuyun. Bu mənim gördüyümdür, yanaşmamdır. Çalışmışam ki, elə ifa edim ki, tamaşaçı mənim səsimi dinləyəndə desin ki, Nəzakət Teymurova oxuyur” deyə sənətkar deyib.
Xalq artisti Nəzakət Teymurova bildirib ki, xanəndə toya getməlidir, amma o bu toyları da seçməlidir..
“Onlar da özlərini göstərib, qazanmaq istəyirlər. Təəssüflər olsun ki, dərin muğamlar, ciddi nələrsə ifa etmirlər. Qazanc arxasınca getmək istəyirlər. Bu da normaldır. Ritmik mahnıların üzərində qururlar hər şeyi. Hamısı oynamaq istəyir. Sənətə baxış da, sənətin gedişatı da dəyişib. Xanəndəlik sinfində təhsil alan gənclər bu sinfin aliliyinin, muğam sənətinin böyüklüyünün haqqını verməlidirlər. Hər ifaçı xanəndəlik sənətini daşıya bilməz. Nə olsun ki, o xanəndəlik sinfində oxuyub! Gəlin araşdıraq ki, o hansı muğamları ifa edib?!” deyə xanəndə bildirib.

Geri qayıt