Əsas Səhifə > Şou-biznes > "Binamız olandan sonra bütün imkanlarımızı ortaya qoyacağıq"
"Binamız olandan sonra bütün imkanlarımızı ortaya qoyacağıq"13-10-2024, 09:18 |
“Bir neçə gün öncə cənab nazir Adil Kərimli Yuğ Dövlət Teatrının kollektivi ilə görüşdü. Görüşdə qeyd etdi ki, bina probleminiz gündəmdədir və inşallah ki, öz həllini tapacaq. Bir çox məsələlər haqqında danışdıq. Çox sağ olsun, Dövlət Kukla Teatrı və teatrın direktoru Rəşad Əhmədzadə, onlar bizə dogma evimiz kimi oldular. Amma “El-elə sığar, ev-evə sığmaz”. Ona görə hər bir teatrın öz binası olmalıdır ki, daha gözəl fəaliyyət göstərsin. Biz də ümid edirik ki, bina problemimiz həll olunacaq” Bunu Moderator.az -a açıqlamasında Yuğ Dövlət Teatrının aktrisası Zümrüd Qasımova deyib. O daha sonra əlavə edib. “Bilirsiniz ki, Yuğ böyük potensiallı teatrdır. Binamız olandan sonra bütün imkanlarımızı ortaya qoyacağıq ki, gözəl tamaşalar hazırlayaq, ölkəmizi xaricdə layiqincə təmsil edək. Cənab nazirlə çox səmimi söhbət oldu, bütün problemlərimizlə maraqlandı, təkliflərimizi dinlədi, bizi eşitdi. Ən əsası budur ki, bina problemimiz həll olunacaq. 18 oktyabrda bizim teatrın 35 illik yubileyidir. 35 il bir teatr varsa bu böyük göstəricidir. Heç nəyə baxmayaraq biz teatrımızı ayaqda saxlamağa çalışırıq. Baş rejissorumuz Mikayıl Mikayılovun bu işdə, yaradıcılıqda çox böyük əməyi var” deyə aktrisa bildirib. “Fəxri adlarla bağlı cənab nazirə sual ünvanladınız?” sualına aktrisa belə cavab verib. “Xeyr, fəxri adlarla bağlı heç bir sualımız olmadı. Çünki bizim teatrın əməkdaşlarına kifayət qədər diqqət var. Əlbəttə ki, bizim teatrda elə aktyorlar var ki, onlar fəxri ad almalıdırlar. Bu il də bizim teatrdan bir neçə nəfər prezident mükafatı aldı. Onların arasında mən də var idim. Çox təşəkkür edirəm. Bizim ən böyük problemimiz binadır, o da həllini tapandan sonra gözəl tamaşalar hazırlanacaq” deyə aktrisa bildirib. Geri qayıt |