Əsas Səhifə > Şou-biznes > "Biz hələ çox konsertlər verəcəyik..."
"Biz hələ çox konsertlər verəcəyik..."22-10-2024, 08:40 |
“26 oktyabrda baş tutacaq “Mintonasiya” stendap konsertim ölkədə əsas səhnədə ilk qadın stendapçının konserti olacaq. Bu konsertə doğru uzun illərdir yol gəlirəm. Konsert qəhqəhə dolu gülüş vəd edir. Daha çox özümüzdən, adət ən-ənələrimizdən danışacağıq. Çox söhbətlər var. Bir onu deyə bilərəm ki, gülüş qarantidir. Çox gözəl situatsiyalar, hadisələr, hekayələr, yorumlar, yozumlar var. Bu konserti, həmin tarixi günü çox istərdim ki, xalqımız da dəstəkləsin və bilet alıb gəlsinlər. Çünki illər boyu həmişə televiziyadan baxıb izləyiblər. Bir dəfə isə əziyyət çəkib konsertə gəlsinlər. Bilet alaraq ad günümdə mənə hədiyyə edə bilərlər” Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Dilarə Əliyeva deyib. O bildirib ki, bu konsertlər davamlı olacaq. “Mən stendap konsertimi ard-arda etməyi də düşünürəm. Bu konsertlə turneyə çıxmağı da fikirləşmişəm. Türkiyə, Rusiya, Amerika və s.ölkələrə indidən vaxtlar da təyin edirik” deyə o bildirib. Dilarə Əliyeva konsertin adının “Mintonasiya” olmasına da aydınlıq gətirib: “Çox vaxt dediyimiz sözlər qalır bir yana, intonasiyamız əksər hallarda bütün məsələləri ya düzəldir, ya da məhv edir. Hər cür intonasiya var. Min cür intonasiya var. “M” hərfi ilə intonasiyanı birləşdirmişik. Hər iki halda söz anlaşılır. Bu gecəni illərimin dostu, yazar Fariz Əliyev, onun “Farizona” şirkəti hazırlayıb. Ssenari çox dinamik və maraqlıdır. Onun düşüncəsi, kreativ yanaşması, bizim bir komanda olaraq bir-birimizi anlamağımız o deməkdir ki, biz hələ çox konsertlər verəcəyik. İnşallah ki, uğurlu işlərə tamaşaçılarımızı da dəvət edək, baxsınlar, zövq alsınlar” deyə aktrisa bildirib. Dilarə Əliyeva bildirib ki, həyəcanlıdır. “Əslində həyəcanın olması pis bir şey deyil. Həyəcan olsun. Həyəcan gözəldir. Həyəcan varsa bu o deməkdir ki, sən yeni bir addım atırsan, səhifə açırsan. Həyəcansız olmur. Əgər sən həyəcanlanmırsansa, demək yerində addımlayırsan. Gördüyün iş səndə həyəcan yaratmır. Özümə yeni-yeni həyəcanlar arzulayıram” deyə aktrisa bildirib. Geri qayıt |