Əsas Səhifə > Şou-biznes > "Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..."

"Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..."


24-10-2024, 09:31
"Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..."
“Almaz mənə görə çox yüklü, koloritli roldur. O elə obrazdır ki, bir aktrisa orada özünü maksimum göstərə bilər. Obraz buna şərait yaradır. Bu da aktrisa üçün çox önəmlidir. “Vətəndaş A” çoxseriyalı filmin ssenarisi Cəfər Cabbarlının “Almaz” pyesinin motivləri əsasında yazılıb. Şəhərdən ucqar kəndə gəlmiş bir müəllimə yalnız dərs demir, cahilliklə mübarizə də aparır. Serialda qaldırılan problemlər indi də gündəmdədir. Niyə 16 yaşında qız dərsini oxumaq əvəzinə ərə gedir? Almaz kənddə təzyiqlərə məruz qalır. Hətta məktəbdən qovulur, döyülür də... Güclü, mühafizəkar, mübariz qadın obrazıdır Almaz”.

Bu sözləri Teleqraf.com-a son günlər “Vətəndaş A” serialı ilə gündəmdə olan aktrisa Günəş Mehdizadə deyib.

Hər həftənin şənbə günü yayımlanan “Vətəndaş A”nın artıq beş seriyası arxada qalıb. Geniş tamaşaçı marağına səbəb olan ekran əsərinin çəkilişləri əsasən Daşkəsənin Bayan kəndində, müəyyən qismi isə Bakıda aparılıb.

Günəş Mehdizadə deyir ki, kənddə çəkilişin özünəməxsus çətinlikləri var:

“Bayan kəndi sıldırımlı qayalıqlar üzərində yerləşir deyə yol qət etmək, maşınların gedib gəlməyində maneələr yaranırdı. Uzun məsafələri ayaqla getməli olurduq. Amma bütün bu çətinliklər kəndin gözəlliyinin qarşısında yoxa çıxırdı. Bayan gözəl təbiəti olan kənddir”.

- Deyəsən, çəkilişlərə öz övladlarınızı da aparmışdınız?

- Bir-iki dəfə apardım. Çünki orda çox qaldım, arada zarafatla deyirdim, artıq filmin texniki heyət üzvünə çevrilmişəm. Bütün aktyorlar gəlib-gedirdi, mənsə orda qalırdım. Demək olar ki, əksər səhnələrdə yer almışam. Bütün səhnələri də keyflə işləmişəm.

Rejissorumuz Elvin Rüstəmzadə işinə çox məsuliyyətlə yanaşan biridir və heç bir səhnəni “yola vermirdi”. Bu baxımdan onunla işləyən aktyor və aktrisanın çəkildiyi səhnəni yola verməyə ixtiyarı yoxdur. Ümumiyyətlə, “Vətəndaş A”nın çəkiliş meydançasında olan ab-hava, durum film çəkiliş meydançasındakı kimiydi. Bizim əksər serial çəkilişlərində əyri-əksiklər o qədərdir ki...Bir adam neçə işi görür, kostyumer bu gün aktyoru geyindirirsə, sabah qrim edir. Bu və digər məsələlər çəkiliş zamanı adama qıcıq verir.

- “Vətəndaş A”nın prodüseri Sevinc Əliyevadır, o özü həm də aktrisadır. Görünür, bu da işə öz təsirini göstərib.

- Bəli, Sevinc özünə və peşəsinə hörmət edir. Bu, hiss olunurdu. Ona görə çalışırdı ki, çəkiliş meydançasında hər şey yüksək səviyyədə olsun.

- Universiteti bitirən kimi ailə qurmusunuz. Hələ sənət yolunun başlanğıcındaykən bu qərarı vermək çətin olmadı ki?

- Həyatda hər şeyi balansda saxlamağı sevirəm. Həmişə bu prinsiplə yaşayıram. Əgər bu gün sizinlə burda çay içirəmsə, sabahkı günümü evdə keçirməliyəm. Yaxud bu gün idmandayamsa, sabah yataqda uzanıb tənbəllik edəcəm. Hər gün eyni rejimdə qalmağı sevmirəm. Universitetə daxil olan ildən işləməyə başladım, mütamadi filmlərdə çəkildim, paralel olaraq bir ailəm də olsun dediyim dönəmdə ailə qurdum.

- Çox insan o balansı saxlamaqda çətinlik çəkir...

- Dəstəkdən çox şey asılıdır. Həyat yoldaşım Rasim (səs rejissoru Ramzes ləqəbi ilə tanınan Rasim Mehdizadə-red.) çox dəstək olur, mənə ürək-dirək verir. Bəzən tərəddüd etdiyim hansısa layihənin qərar anında mənə elə söz deyir ki, əməlli-başlı stimul olur və fikrim müsbətə doğru dəyişir.

Çəkildiyim “Suğra və oğulları” filmi Hindistanda festivalda iştirak edəndə filmi yaradıcı heyətdən mənim təmsil etmək məsələm ortaya çıxdı. Getməmək qərarında idim, tək getmək istəmirdim, üstəlik, xarici pasportumun vaxtı bitmişdi. Rasim dedi ki, sən Hindistana indi getməsən, öz xoşunla heç vaxt bilet alıb getməyəcəksən, bu şansı qaçırma.

Orda üç gün qalandan sonra qayıtmaq istədim, havası isti, yeməklərini yeyə bilmirəm, üstəlik də darıxıram. Hər yerdən ədviyyat iyi gəlir. Geri dönmək istəyirdim, onda da Rasim mənə ürək-dirək verdi, qaldım. Bəzən insan bir sözə bənd olur... Mənim üçün söz çox önəmlidir. Xoş söz umuram...

- Şanslısınız. Siz onunla çox şeyi bölüşüb məsləhətləşə və önəmlisi danışa bilirsiniz.

- Mən onun yanında böyüdüm. 11-ci sinifdə oxuyanda biz artıq tanış idik. O, telekanalların birində işləyirdi. Mən universitetə daxil olandan hər şey onun yanında, gözünün önündə olub. Rasimin mənə belə dəstəyi olduğuna görə həm sənəti, həm də ailəni paralel apara bilirəm. O olmasaydı hansı birindəsə axsayacaqdım. Ya ailədə, ya da sənətdə...

- Sevgi tükənirmi?

- Yox. Mən sevgini suya bənzədirəm. Suyun formulu heç vaxt dəyişmir. Formulu qalır, formasını dəyişir. Övlad olandan sonra başqa cür sevirsən, daha da doğmalaşırsan.

- Uşaqlı halınızla sənəti necə davam etdirdiniz? Ana kimi qayğılarınız var idi axı...

- Uşaqlar balaca olanda çətin idi. Fikirləşirsən ki, o səni istəyir, sənin üçün darıxır. Kimsə sənin üçün darıxanda sən rahatlıq tapa bilmirsən. Oğlum 9 aylıq olanda Moskvaya 1 günlük kastinqə çağırılmışdım. O bir gün mənim üçün bir əsr kimi keçdi. Bütün fikrim oğlumun yanında qalmışdı. Kastinqdən keçə bilmədim. Bəlkə də ilk işim idi ki, uğursuz alınırdı. Getdiyimə peşman idim.

- İndi övladlarınızın neçə yaşı var?

- Oğlumun 15, qızımın 9.

- Sizin “Yuğ” teatrındakı tamaşalarınıza baxırlar?

- Oğlum bu ildən gəlib baxır. İndiyə qədər nə qədər gətirsəm də baxmırdı. Artıq dostlarıyla gəlir baxır, hətta bir tamaşaya bir neçə dəfə gəlir. Bu məni sevindirir.

- İnsan hər şeydən nələrsə öyrənir. Dostlarından, ailədən, hətta övladlarından... Siz övladlarınızdan nələr öyrənmisiniz?

- Ailəm olandan sonra özümü tanımağa başladım. Günəş ailədə beləymiş, belə ana ola bilərəmmiş dedim. Əslində çətin sualdır, bu barədə düşünmək lazımdır. Amma diqqətimi çəkən bir detal var: uşaqlar böyüdükcə onlarla daha çox dost oluram.

Düzü, bunun belə olması üçün səy göstərməmişəm. Amma baxıram ki, getdikcə belə olur. Bəzən oğlum elə sirlərini mənimlə bölüşür ki, düşünürəm, nə yaxşı bunu mənə deyib. Onu cəzalandırmıram, bir dostum mənə etibar edib sirrini desə, nə edərəmsə, onunla da elə davranmağa çalışıram.

Geri qayıt