Əsas Səhifə > Şou-biznes > “Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir”

“Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir”


28-10-2024, 06:25
“Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir”
Aşıq sənəti xalqımızın qədim sənət növlərindən biridir. Hər əlinə saz götürüb, özünü aşıq adlandıran şəxs ozan sayılmır. Onlar əksinə xalqımızın bu qədim sənətini nüfuzdan salmağa çalışırlar.

Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli Moderator.az-a bildirib ki, bu özbaşnalığın qarşısı aidiyyatı qurumlar tərəfindən alınmalıdır.

“Türk xalqının bir əlində qılınc olubsa, digər əlində saz olub. Bəzi qurumlar var ki, buna xüsusi diqqət etməlidir. Aşıqlıq sənətində elə sənətçilərimiz var ki, toy məclislərində aşıqa yaraşmayan hərəkətlərə yol verirlər. Məsələn, məclislərdə aşığı stolun üstünə qoyurlar. Alırlar çiyinlərinə qaldırırlar. Aşıq stol ətrafında sazı atıb-tutur. Bu hərəkətlər saza, kökümüzə hörmətsizlikdir. Bu günə qədər el sənətkarlarımız bu sənəti yaşadıblar, bizim də borcumuz budur ki, bu gün aşıq sənətini biz yaşadaq. Aşıqlar Birliyi bununla bağlı hansısa addımlar atırsa bunu mən yox, el deyə bilər. Bu gün saz kursları var, aşıqlıq sənətini təbliğ edirlər, amma çox istərdim ki, bu kurslar pərakəndə şəkildə fəaliyyət göstərməsin. Bunlar tam təməlli şəkildə olmalıdır. Folklor institunun, Mədəniyyət və İncəsənət universitetinin təşkilatçılığı ilə kurslar yaranmalıdır. 3-5 saz havası öyrənib, məclislərə getməklə aşıq olmur. Əgər o şəxs sazı çiynində gəzdirib, məclisə girirsə onun təməli möhkəm olmalıdır, klassik aşıqlarımızı dərindən tanımalıdır. Bir neçə qurum bu işdə biləvasitə məsuliyyət daşıyır. Aşıqlıq elə sənətdir ki, çörək qazanmaq olar, toya getmək olar, onu layiqincə davam etdirmək lazımdır ki, gələcək nəsillərə nümunə olsun. Aşıq, ozan bizim kökümüzü qoruyub. Aşıqlar, ozanlar belə nalayiq hərəkətlərə yol verməməlidir” deyə o bildirib.

Xətai Ələsgərli bildirib ki, rəhbəri olduğu “Dədə Ələsgər ocağı” ictimai birliyinin nəzdində ozan aşıq məktəbi kursları açıb.

“İstəyirik ki, bu sahəni daha doğru, düzgün şəkildə təmsil edək. Ona görə də ozan aşıq məktəbini yaratmışıq. Mədəniyyət və İncəsənət universitetindən də, Folklor institundan da müəyyən şəxsləri ora cəlb edib, tövsiyyələrindən yararlanacağıq. Biz aşıq sənətini inkişaf etdirmək istəyiriksə, mütləq o sahədə mütəxəssislər rəylərini verməlidir. Bu sənət doğru-düzgün inkişaf etməlidir. Düzdür, bugünki gündə çörək pulu üçün sazı götürüb məclislərə gedənlər var. Onları qınamıram, dolanışıq yerləridir. Amma aşıq adını daşıyan hər bir şəxs bu sənəti mükəmməl bilməlidir. Bizim məktəbi bitirən şəxslər sonda sertifikat alacaqlar. İşimizin əsas amalı, məqsədi də budur ki, həmin sertifikatdan sonra onlar əsl aşıq adlanacaqlar” deyə aşıq Ələsgərin nəticəsi bildirib.

Geri qayıt