Əsas Səhifə > Şou-biznes > Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?

Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?


Bu gün, 10:14
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Xalq artisti, mərhum aktrisa Səfurə İbrahimova haqqında yayılan məlumatlarda bildirilir ki, sənətkar “Alma-almaya bənzər” filminin çəkilişlərində övladını itirir. Belə ki, film çəkilişləri baş tutarkən aktrisa hamilə olub və çay səhnəsində ona həddindən artıq soyuq olur və aktrisanın bətnindəki körpəsi tələf olur. Aktrisa bir daha ana ola bilmir.

Əməkdar İncəsənət xadimi, filmdə Kərimov obrazını canlandıran Cəmil Quliyev Moderator.az-a bildirib ki, bu hadisədən xəbərsizdir.

“Səfurə İbrahimova mənim ən hörmət etdiyim aktrisalardan idi. Qubada onunla birgə çəkilirdik, bir oteldə, yanaşı otaqlarda qalırdıq. Çox qiymətli bir insan, şəxsiyyət idi. Amma bu məsələdən xəbərsizəm. Çünki o şəxsi həyatını heç vaxt açıb danışmağı sevməzdi. Mən bircə onu xatırlayıram ki, filmdəki çay səhnələri gec çəkilib. Su soyuq olanda. Həsən Məmmədovla Səfurə İbrahimova orada bağla qaçır. Bu filmdəki epizod yağışsız çəkilib. Amma bir epizod da süni yağışla çəkilmişdi. Bu səhnə sonradan filmə əlavə olunmadı. Bu yağış səhnəsində hər iki sənətkar xəstələnmişdi” deyə Cəmil Quliyev bildirib.

Xalq artistinin yaxın qohumu olan müğənni Samirə Yusifqızı isə saytımıza açıqlamasında bunları bildirib:

“Səfurə İbrahimovanın heç vaxt övladı olmayıb. O deyirdi ki, guya mənim atam ona ağır qazan qaldırtdırıb və o bundan sonra sonsuz olub. Onun bacısının da uşağı olmayıb. Onların nəsillərində sonsuzluq var idi. Yazıq nə yatdı ki, nə də yuxu görsün? O çox sadiq adam idi. Ölənə qədər o həyat yoldaşı Rəcəbə sadiq qaldı. Baxmayaraq ki, onu teatrda sevən aktyorlar çox idi. Rəcəbdən sonra heç kimi qəbul etmədi. Bu hadisədən sonra tənhalıqa qapandı. Düzdür, müsahibələrində bu haqda danışır. Amma bu sözləri o özünə təsəlli vermək üçün deyib. Səfurənin bir çox keyfiyyətləri var idi ki, mən bilirdim. Çünki məndən çox yanında qalan olmayıb. Heç kimi yaxınına buraxmırdı. Yeməyi bir dəfə bişirirdi, ikinci dəfə onu yemirdi" deyə müğənni bildirib.

Geri qayıt