Əsas Səhifə > Şou-biznes > "Pul qazanmaqdan ötrü müxtəlif yollara əl atırlar"
"Pul qazanmaqdan ötrü müxtəlif yollara əl atırlar"7-12-2024, 10:12 |
“Musiqi alətləri ifaçı üçün birinci dərəcədə yararlı olmalıdır. Musiqi aləti ərköyün uşaq olmamalıdır. Biz onlara problemlər, mürəkkəblik gətirməməliyik. Əgər varsa onların problemlərinin həllinə çalışmalıyıq. Alət məndən ötəri canlı bir varlıqdır. Milli alətlərimiz kimliyimizdir, varlığımızdır, mənliyimizdir. Mən tarı Qız qalası abidəsindən də yüksəkdə tuturam. Biz tarın dövlət standartlarını hazırladıq. Mədəniyyət Nazirliyi ilə birgə komissiya təşkil olundu və bu komissiyada qərarlar verildi. Uzun illər buna vaxt sərf olundu ki, tarı daha da sadələşdirib, ifaçılar üçün münbit şərait yaradaq” Bunu Moderator.az-a açıqlamasında Milli Konservatoriyanın Elmi Tədqiqat labaratoriyasının rəhbəri Məmmədəli Məmmədov deyib. O, daha sonra əlavə edib. “Amma bəzi musiqiçilər, alət düzəldənlər neynir? Tarın çanağını üçbucaq, dördbucaq, ay və ulduz edirlər. Tarın, kamançanın, sazın çanağına buta qoyub onu daha da qəlizləşdirirlər. Ustalara, ifaçıya niyə problem yaradırsan? İndi mənə deyin, bir nəfər usta buta kamança düzəldir? Düzəldə də bilməyəcək, olmayacaq. Azərbaycan milli alətlərin şou gətirmək olmaz. Bura estrada deyil, meyxana sənəti deyil. Pul qazanmaqdan ötrü müxtəlif yollara əl atırlar. Pulu mən belə də qazanıram. Dövlətim mənə müraciət edir. Beynəlxalq Muğam Mərkəzindəki musiqi alətlərindən ibarət muzeyi mən yaratmışam. Biz qədim musiqi alətlərimizi bərpa edib, onları muzeylərə hədiyyə edirik” deyə o bildirib. Məmmədəli Məmmədov bildirib ki, musiqi alətlərinin bərpası həssas prossesdir: “Alətin quruluş sxemi çəkilir, ölçü sistemini müəyyən edərək işə başlayırıq. Alətlərin əksəriyyəti dana, ceyran və balıq dərisindən hazırlanır. Bərpa prossesi uzun müddət vaxt alır. Bir çox dahi sənətkarlarımızın unikal musiqi alətlərini bərpa edib, muzeylərə təqdim etmişik. Həmin musiqi alətlərinin pərdələri, dəriləri və aşıqları sıradan çıxmışdı. Bu işləri görəndə fikirləşirəm ki, onların ruhları şaddır. Çünki bir zamanlar onlar bu musiqi alətlərini sinələrinə basaraq, insanlara ifaları ilə böyük sevinc bəxş ediblər” deyə Məmmədəli Məmmədov bildirib. Geri qayıt |