Əsas Səhifə > Şou-biznes > Yaşar Nurinin gizli sevgilisi kimi ad çıxaran aktrisadan olginc açıqlamalar

Yaşar Nurinin gizli sevgilisi kimi ad çıxaran aktrisadan olginc açıqlamalar


21-05-2014, 08:51
Yaşar Nurinin gizli sevgilisi kimi ad çıxaran aktrisadan olginc açıqlamalar
DİA.AZ xalq artisti Firəngiz Mütəllimovanın Milli.Az-a müsahibəsini təqdim edir:

-​ Aktrisa olmaq çoxdankı arzunuz olub?

-​ Bəli, uşaqlıq illərimdən aktrisa olmaq istəmişəm. Teatr binası evimizin yaxınlığında yerləşirdi. Tez-tez oraya tamaşalara baxmağa gedirdim. Aktyor heyətini görürdüm. Bütün bunlardan sonra bu sənətə qarşı qəlbimdə bir sevgi, bir istək yarandı. Qərara gəldim ki, aktrisa olacağam. Şükürlər olsun ki, məqsədimə çatdım.

-​ Bu qərarı verərkən ailənizdə hər hansı bir etirazla qarşılaşdınız?

-​ Elə də böyük bir etirazla qarşılaşmadım. Xüsusilə rəhmətlik atam mənə böyük dəstək oldu.

-​ Sənətə gələrkən çətinliklər yaşamısınız?

-​ Uşaqlıqda heç nədən korluq çəkməsəm də, tələbəlik illlərində əziyyətim çox olub. Çox gözəl əl qabiliyyətim var. Yadıma gəlir, toxuculuq işləri ilə məşğul olurdum. Sifarişlər qəbul edib pul qazanırdım.

-​ İndi başqa yerdən gəlir əldə edə bilirsiniz?

-​ Artıq illərdir ki, pedaqoji fəaliyyətlə məşğul oluram. Bir də ki, filmlərə, seriallara çəkilirəm və s.

-​ Sizcə, teatra qədəm qoyan gənc aktrisaların əsas problemləri nədir?

-​ Çox istedadlı gənclərimiz var. Lakin onların ən başlıca problemləri maddi problemdir. Aldıqları məvacib yetərincə deyil.

-​ Peşəkar bir aktrisa kimi açıq-saçıq səhnələrin çəkilməsinə sizin münasibətiniz necədir?

-​ Mən qəti əleyhinəyəm. Ümumiyyətlə, belə səhnələrin səhnəyə, yaxud da filmə gətirilməsinin tərəfdarı deyiləm və bunu lüzumsuz görürəm.

-​ Sizə belə səhnələrdə çəkilmək üçün təkliflər olub?

-​ Xeyr, indiyə qədər belə təkliflə rastlaşmamışam. Yalnız bir dəfə “Təhminə və Zaur” filminin sınaq çəkilişlərində iştirak etmişəm, orada da açıq səhnənin olduğunu görüb uzaqlaşmışam.

-​ Nəyin üstündən “xətt” çəkmisiniz?

-​ Elə də bir şeyin üzərindən xətt çəkməmişəm. Mənim üçün indi hər şey normaldır. Gələcəyə nikbin baxıram. Əvvəllər müəyyən qədər arzular, xəyallarla yaşayırdımsa, indi o illərə nisbətən daha çox realist insan olmuşam.

-​ Ağır bir xəstəlik keçirdiniz. Problem nə idi?

-​ Problem diaqnozun düzgün qoyulmaması idi. Sən demə, uşaqlıqdan mənim başımda şiş var imiş. Amma mənim bundan xəbərim olmayıb. Ona görə də əməliyyata girməli oldum.

-​ Əməliyyata girəndə nə fikirləşdiniz?

-​ Ağlıma heç nə gəlmirdi. Nə olacaqsa, olsun deyirdim. Həmin anda mənim üçün hər şey öz əhəmiyyətini itirmişdi. İmza atıb çox agır bir əməliyyata girirdim çünki. Allaha şükürlər olsun ki, indi ayaq üstəyəm.

-​ Sevgi bir dəfə olur... Bu fikirlə razısınız?

-​ Bu fikrə müxtəlif aspektlərdən yanaşmaq olar. Ən azından onu deyə bilərəm ki, mən bir dəfə sevmişəm. Lakin alınmayıb. Uzun illər sonra geriyə dönüb baxanda isə gülməyim gəlib. Yəni ki, sevgi mənim üçün olub və keçib, vəssalam.

-​ Bəs sizə qarşı olan sevgi necə olub?

-​ Məni də seviblər. O dərəcədə seviblər ki, hətta mənə görə indiyə qədər ailə həyatı qurmayanlar da var.

-​ Bəs niyə o sevgilərin heç birinə qarşılıq verməmisiniz?

-​ Çünki mən elə bilirdim ki, onların hamısı məni yox, “Gülnar”ı sevirdilər.

Yaşar Nurinin gizli sevgilisi kimi ad çıxaran aktrisadan olginc açıqlamalar

-​ Rəhmətlik Yaşar Nuri ilə illərlə dostluq etmisiniz. Bu dostluğa sevgi donu geyindirənlər də oldu. Buna münasibətiniz necədir?

-​ İnanın mənə, bizim aramızda heç bir sevgi münasibəti olmayıb. Yaşar mənim xəyalımdakı kişi obrazı deyildi. Sadəcə olaraq, biz çox yaxın və mehriban dost olmuşuq. Bir-birimizi çox istəmişik. Hətta bu yaxınlarda onun nəvəsi oldu. Ona Gülnar adını verdilər. Bir faktı da deyim, mən indiyə qədər bir dəfə də olsun onun məzarının üstünə getməmişəm.

-​ Niyə?

-​ Çünki onun yoxluğuna inana bilmirəm. Otağımda şəkilləri var. Elə bilirəm ki, sağdır və hər gün mənimlə danışır.

-​ Onun məzarını ziyarətə getsəniz, ilk sözünüz nə olacaq?

-​ Bilmirəm... Ona nə deyəcəyimi heç özüm də bilmirəm.

-​ Plastik əməliyyatdan istifadə etmisiniz?

-​ Tam səmimi deyirəm, bu vaxta qədər heç bir plastik əməliyyatdan istifadə etməmişəm. Ancaq bir ara istədim ki, qaşlarımın ətrafında bir az dəyişiklik edim, sonra dedilər ki, lazım deyil, sənə belə yaraşır (gülür).

-​ İllər sizdə heç nəyi dəyişməyib?

-​ Deyilənə görə, dəyişilməmişəm. Fikrimcə, əsas odur ki, qəlbim və düşüncələrim dəyişməsin. Həmişə sabit qalsın.

-​ Paxıllığınızı çəkənlər çoxdur?

-​ Kifayət qədərdir. Ancaq mən belə şeylərə əhəmiyyət verən insan deyiləm.

-​ Sizdən nə istəyirlər ki?

-​ Bilirəm ki?.. (gülür)

-​ Yadınızdan çıxmayan nədir?

-​ Şuşanın işğalı. Həmin gün mən qastrol səfərində idim. Eşitdim ki, Şuşa işğal olunub. Həmin gün heç vaxt yadımdan çıxmır, bundan sonra da çıxmayacaq.

-​ Mənim ağlıma da gəlməzdi ki... Bu fikri necə tamamlamaq istərdiniz?

-​ Mənim ağlıma da gəlməzdi ki, ağlıma gəlməyən şeylər başıma gələcək...

Geri qayıt