Əsas Səhifə > Şou-biznes > “Ailəsi imkan vermədi yoldaşımla birgə yaşayaq"...
“Ailəsi imkan vermədi yoldaşımla birgə yaşayaq"...1-07-2014, 09:37 |
- Özün haqqında məlumat verərdin? - Təvəllüdüm sirr qalsın. Şuşa şəhərində anadan olmuşam. Əli bəy Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universitetinin Kino və Dram aktyorluq fakültəsini bitirmişəm. Ailədə 3 uşaq idik - 2 bacı və 1 qardaş. Qardaşım rəhmətə getdi. 2000-ci ildən bu sənətdəyəm. - Necə oldu ki, müğənni oldun? - Tələbə vaxtı “Ay işığı” ansamblı var idi, mən də oranın üzvü idim. Elə o vaxtdan da oxuyuram. Amma əvvəllər teatrdan çıxmaq fikrim yox idi, sadəcə maddi duruma görə teatrı tərk etməli oldum. Teatrda maaş çox aşağı idi. Qərara gəldim ki, müğənni olum. - Sənətin sirlərini kimdən öyrənmisən? - İlk dəfə sənətin sirlərini mənə müəllimim, xalq artisti rəhmətlik Kamal Xudaverdiyev öyrədib. Sonra isə əməkdar artist Səidə Quliyevadan dərs almışam. İkisi də sənət müəllimim olub. - İlk məhəbbətin neçə yaşında olub? - Bu hiss mənə yaddır. Xatırlamıram. Çünki heç vaxt sevmədim. - Övladın varmı? - 3 yaşında Hüseyn adında oğlum var. - Ailə qurandan sonra sənətdən niyə uzaqlaşdın? - Sənətdən ailə qurandan sonra uzaqlaşmadım. Sadəcə, qardaşım rəhmətə gedəndən sonra bir müddətlik uzaqlaşdım, sonra da maddi durumum az olduğuna görə elə də efirlərə çıxa bilmədim. - Məndə olan məlumata görə həyat yoldaşından ayrılmısan? - Bilirsiniz necədir, gizlətmirəm, hal-hazırda ayrılmışam. Onun haqqında nə isə demək istəmirəm. Bir onu deyə bilərəm ki, bizi ayırdılar. Müğənni olduğuma görə guya ki, mənimlə ailə qurmaq olmazmış... Məgər müğənninin ailə qurmağa haqqı yoxdur? Özü yaxşı insan idi. Ailəsi imkan vermədi ki, birgə yaşayaq, axır ki, ayrılmağımıza nail oldular. - Bildiyimə görə bir müddət rəhmətlik Məhəbbət Kazımov sənə çox dəstək olub. - Allah Məhəbbət müəllimə rəhmət eləsin! Çox böyük dəstək oldu mənə. İndi də onun çörəyini yeyirəm. Çox böyük insan idi. - Şou-biznesin açarı kimin əlindədir? - Aygün Kazımovanın, bir də kimin yaxşı pulu varsa elə açar da onun əlindədir. - Günay, səmimi olaq, bir çox həmyaşıdların var ki, səninlə səhnəyə bir gəldilər, hazırda populyardırlar. Bu səni narahat etmir ki? - Düzdür, həmyaşıdlarımın çoxu bu dəqiqə populyardır. Bu məni qətiyyən narahat etmir. Mən özüm çox tənbələm. Tez ruhdan düşənəm, bir də şans məsələsi var də… Düzdür, yaxşı başlamışdım, məni ruhdan saldılar. Bu efirlə bağlıdır. Klip çəkdirirdim, mahnı yazdırırdım, aparırdım efir götürmürdü. Ancaq elə insanların - müğənnilərin (deməyəcəyəm ki, kimdir, çünki ayıbdır) klipləri, mahnıları efirə gedirdi ki, mən əsəbimdən oturub ağlayırdım. Yəni bu qədər haqsızlıq olar?! Mən ən azından məktəb görmüşəm, professional səhnə görmüşəm. Yaşar Cəfərovdan dərs almışam. Mən bu sənətə təsadüfi düşənlərdən deyiləm. Mənim ilk mahnım da professional bəstəkar mahnısı olub. İlk addımlarda Nadir Əzimovla işləmişəm. Çox çətinliklə irəliləmişəm, heç bir dəstəksiz - filansız. AzTV-də “Qızıl açar” müsabiqəsinin laureatı olmuşam. İndi də bunu qiymətləndirməyəndə adam ruhdan düşür. Nə isə… Ürəyim doludur. - Qısqanc xanımsan? - Hansı xanım desə ki mən qısqanc deyiləm, inanmayın. Bu mümkün deyil. Düzdür, özünə, gözəlliyinə güvənən xanımlar bir az soyuqqanlı olurlar. Yəni mən gözələm, kimə qısqanacam sevgilimi və yoldaşımı? Amma buna baxmayaraq, hər bir xanımın içində güclü bir qısqanclıq hissi var. - Səni nə narahat edir? - Məni hazırda narahat edən övladımın gələcəyidir. Onu ürəyim istəyən kimi böyütmək istəyirəm. Allah bütün balaları qorusun, mənim də balam onların içində. - Şou-biznesdə özünüzü görürsünüz? - Yox, görmürəm. Çünki elə şeylər var ki, onları mən bacarmıram. - Yaradıcılığında nə kimi yeniliklər var? - Hələ ki, bir yenilik yoxdur. Amma son vaxtlar ətrafımda mənə mənəvi dəstək olan, mənə ruh verən insanlar var. Bu da məni həvəsləndirir, bir-iki mahnı yazdırmaq fikrindəyəm. Aktrisa kimi bir filmə də dəvət almışam. İnşallah, bu haqda gələcəkdə danışaram. - Yenidən ailə qurmaq istəyirsən? - Elə bir fikrim yoxdur. Amma bu həyatdır, gələcəkdə hər şey ola bilər. Ailə gözəl şeydir. - Qalmaqala münasibətin necədir? - Qalmaqalı çox sevirəm. Çünki özüm də davakaram. Uşaqlıqdan beləyəm. Hətta qonşuda kimsə dalaşanda mən də müdaxilə edirəm. Yoxsa ürəyim partlayar. Bu cəhətimə görə evdə həmişə dalaşmışam. Amma maraqlıyam də belə şeylərə. O ki qaldı şou-biznes qalmaqallarına, adamın ürəyi bulanır bu qalmaqallardan. Heyf ki, əlimə biri düşmür anladam ona qalmaqal necə olur. - Nədən utanırsan? - Şükürlər olsun ki, utanacaq qədər bir işim olmayıb. Ancaq bir şeyi etiraf edim ki, hər dəfə Günay Şuşalı kimi təqdim olunanda Şuşasız olduğumdan utanıram. - Necə insansan? - Mən çox vətənpərvər insanam. Hətta ilk albomum çıxanda - 2005-ci ildə mənə dedilər ki, albomun adını sevgidən, məhəbbətdən, ayrılıqdan qoy, gənclərdə maraq doğursun, satılsın. Albomda belə mahnılarım da çox idi, ancaq mən heç kimə qulaq asmadım, albomun adını “Al qoynuna, məni Şuşam” qoydum. Belə bir mahnı oxumuşdum, sözləri də bacım Solmaza aid idi. - Bu gün keçmişə baxanda nə kimi hisslər keçirirsiniz? - Təəssüf hisslərim çoxdur. Dönüb keçmişə baxanda səhvlərim çox olub, lap çox... - Qadına xoşbəxt olmaq üçün nə lazımdır? - Qadına xoşbəxt olmaq üçün ağıl lazımdır. Mən belə düşünürəm, bu mənim subyektiv fikrimdir. Ağılsızlığın ucbatından xoşbəxt deyiləm. - Ailənizdə sizdən başqa bu sənətlə məşğul olan varmı? - “Qızıl açar” müsabiqəsindən sonra bir də “Lider” kanalında “Talant şou” müsabiqəsində bacımla birgə olmuşuq. Bacımın da gözəl istedadı var, gözəl rəqqasdır, professional hind rəqsləri ilə məşğuldur. Özü filoloqdur, ədəbiyyatçıdır, ancaq rəqs onun həyatıdır. - Bu sənətdə yüksəlmək üçün nəyin çatmadı? - Yalnız pulum o qədər olmadı ki, istədiyim kimi efirlərdə olum. Hər şey maddiyyatın üstündədir - yalnız pul. - Şou-biznesdə nə baş verir? - Şou-biznesdə heç nə baş vermir. Çünki mən heç nə görmürəm. Əlbəttə, pulun yoxdursa, yerin də yoxdur. Ümumiyyətlə deyirlər ki, pul çox şeyi həll edir, ancaq hər şeyi də həll etmir axı. Bu fikirlə heç razı deyiləm. Pulun varsa, hörmətin də var, dostun da var, qohum-əqrəban da var, pulun yoxdursa demək sənin heç bir şeyin yoxdur. - Bu sənətdə dostların varmı? - Əlbəttə, mənim gözəl dostlarım çoxdur. Heç kimlə də pis münasibətdə deyiləm. - Yenidən həyat yoldaşınla bir arada ola bilərsənmi? - Həyatda hər şey ola bilər, amma məncə bu olmaz. Biz istəsək də buna imkan verməzlər. \\ mediainfo.az \\ Geri qayıt |