Əsas Səhifə > Şou-biznes > "Eşitdim ki, ATV-də kriminal verilişinə aparıcı tələb olunur"
"Eşitdim ki, ATV-də kriminal verilişinə aparıcı tələb olunur"31-07-2014, 10:50 |
DİA.AZ teleaparıcı Aysel Nazimqızının Milli.Az-a müsahibəsini təqdim edir. - Aysel xanım, aparıcı olmaq sizin üçün çətin oldu? - Mən uşaqlıqdan arzu edirdim ki, aparıcı olum. Əslində, xarici dil üzrə təhsil almışam. Ancaq bu sahə üzrə işləmədim. Çünki aparıcı olmaq qəti qərarım idi. Bunun üçün müəyyən kurslar keçdim və bir şans yarandı. Eşitdim ki, ATV-də kriminal verilişinə aparıcı tələb olunur. Mən də kastinqdə iştirak etdim və seçildim. O gündən arzuma çatdım, aparıcı kimi fəaliyyətə başladım. - "İsti izlər"i aparmaq nə dərəcədə asandır? - Aparıcılıq baxımından bir problem yoxdur. Ancaq onu deyə bilərəm ki, bu səpkidə bir veriliş aparmaq çox ağır və məsuliyyətli bir işdir. Çünki ağlagəlməz hadisələrin şahidi olub onları tamaşaçıya çatdırmaq məcburiyyətində qalırsan bəzən. - Kimin izinə düşə bilməmisiniz? - İnandırım sizləri, çoxlarının izinə düşmüşük. Lakin itirilmiş izlər var ki, onlar da məxfi saxlanılır. O artıq bizlik yox, aidiyyatı qurumlarlıqdır. - Hələ subayçılıqdır, yoxsa?.. - Bəli, subayam. Qapıma elçilər gəlsə də, birmənalı şəkildə yox deyirəm. Çünki indi mənim üçün ən önəmlisi karyeradır. Ailə qurmaq barədə hələ ki, düşünmürəm. - Evdən sizi buna təkid etmirlər? - Anam tez-tez deyir ki, Aysel, nəvə istəyirəm (gülür). - Heç sevməmisiniz? - Sevmişəm, amma nədənsə alınmayıb. - Həmkarlarınız haqqında ümumilikdə nə deyə bilərsiniz? - Hamısına şamil etmirəm, lakin bəziləri özlərini apara bilmirlər. Bu, efirdə yolverilməzdir. - Bəs sizcə, sizin haqqınızda nə düşünürlər? - Yəqin ki, mənfi fikirdə olmazlar. Ən azından bunu üzümə deyən olmayıb, nə də eşitməmişəm. Bəlkə də ürəklərində nəsə düşünürlər (gülür). - "İsti izlər"i apara-apara artıq bu sahədə müəyyən təcrübəyə sahib olmusunz. Maraqlıdır, özünüz müstəntiq olsaydınız, kimləri ittiham etməzdiniz? - Müstəntiq də olmaq istərdim... Ehtiyac üzündən oğurluğa əl atan kasıb insanları mühakimə etməzdim. - Özünüz kasıblıqdan əziyyət çəkmisiniz? - Hər bir ailənin kasıb vaxtı olub, məncə. Deməzdim ki, bir o qədər də əziyyət çəkmişəm, ancaq imkansızlıq olub. - "Aparıcılar qaz vurub, qazan doldururlar" deyənlərə nə demək istərdiniz? - İnanın ki, bu doğru ifadə deyil. Biz də məvacibə işləyirik. Bəzən heç əziyyətimizə dəymir. - Sizi ağlatmaq asandır, yoxsa güldürmək? - Çox həssas bir insanam. Məni adi bir hadisə də ağlada bilər. Duyğusalam. - Efirdə olan bir xanım həmişə geyimi ilə diqqət çəkməlidir. Sizin geyim üslubunuz apardığınız verilişə uyğun olur, yoxsa istədiyinizi geyinirsiniz? - Əsas odur ki, yaraşsın. Mənim geyim barədə bir kompleksim yoxdur. Amma heç vaxt çox açıq geyimlərdən istifadə etməmişəm. Xoşlamıram belə tərzdə geyinməyi. - Sizin üçün mütləq olan nədir? - Bu mütləqdir ki, xəyalını qurduğum, arzu etdiyim hər bir şeyi vaxtında və yerində həyata keçirim. Gec və ya tez, fərq etmir, həyata keçməlidir. Mənim həyatımda bu qanun mütləqdir. Geri qayıt |