Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı müğənni: "İçimdə bir uşaq var..."

Azərbaycanlı müğənni: "İçimdə bir uşaq var..."


29-09-2014, 08:54
Azərbaycanlı müğənni: "İçimdə bir uşaq var..."
DİA.AZ müğənni Sevinc Musayevanın Milli.Az-a müsahibəsini təqdim edir:

- Sevinc Musayeva - bu ad çoxlarına nə dərəcədə tanışdır? Bəlkə, bunu özünüz deyəsiniz?

- Əslində, özüm barədə danışmağım bir az düz çıxmaz. Amma demək olar ki, məni tanıyanlar tanıyır. Sənətə qalmaqalla gəlməmişəm. Ən azından, çoxlarından fərqli olaraq musiqi təhsilim var. Düzgün oxunuş qaydalarına bələdəm. Məncə, bunlar mənim necə müğənni olduğuma kifayət qədər dəlil, sübutdur.

- Yəni düşünürsünüz ki, özünüzü kifayət qədər sübut edə bilmisiniz...

- Sübut etməmiş olsa idim, bu gün istər efirlərdə, istərsə də “toy bazarı”nda adı çəkilən müğənnilər arasında olmazdım.

- Toylara ildə bir dəfə, yoxsa tez-tez dəvət alanlardansınız?

- Şükür Allaha ki, toylarım olur. Həm bütöv toyu idarə edirəm, həm də yarım saatlıq proqramlara gedirəm. Publikanı əla almağı bacardınsa, toyların da bol olacaq. Təkcə səs deyil, səhnə mədəniyyəti də önəmlidir. Bu, əsas amildir.

- Hər bir müğənninin peşə fəaliyyətinə onun möhürünü vuran bir mahnı olur. Daha doğrusu, loru dildə desək, onunla “tutuzdurur”. Bəs sizin məşhurluğunuzu birə-beş artıran hansı mahnınız oldu?

- Düşünürəm ki, “Əziz müəllimim” adlı mahnı ilə mən öz sənətimə möhür vurdum.

- Çox maraqlıdır, o mahnını məclislərdə sifariş edirlər?

- İnandırıcı gəlməsə də, edirlər. Hətta elə olub ki, mən içəri girən kimi məndən birinci o mahnını ifa etməyi xahiş ediblər.

- Soyunmaqla gündəmə gələnlərdən olmadınız. Bu vaxta qədər də sizin açıq-saçıq şəkillərinizi nə bir göz gördü, nə də ki qalmaqallarınızı qulaq eşitdi. Bu nədən irəli gələn bir amildir?

- Uşaq vaxtından məndə formalaşan xarakterdən irəli gəlir. Şou-biznesin çirkinliklərindən qorunmağı bacardım. Ona görə də atılan “daşlar” həmişə məndən yan keçdi.

- Bəlkə, elə buna görədir ki, indiyə qədər sponsorunuz yoxdur? Hər şeyi öz hesabınıza edirsiniz?

- Tamamilə razıyam. Mənim indiyə qədər sponsorum olmayıb. Toylardan, məclislərdən qazandığım pulları sənətimi inkişaf etdirmək üçün sərf etmişəm. Heç kimə heç nə üçün ağız açmamışam. Yalnız Allahıma güvənmişəm. Ümumiyyətlə, bizdə sponsor anlayışını çox ucuzlaşdırıblar.

- Ucuzlaşan başqa nədir?

- Mənim gözümdə hər şey ucuzlaşıb, heç nə üçün narahat olmuram. Dünya evinin həqiqətən də fani olduğunu dərk edən insanlar, yəqin ki, mənimlə həmfikir olarlar.

- Efirlərə çıxmaq üçün tələb olunan pula görə verilişlərdə az-az görünürsünüz, yoxsa buna bir o qədər də can atmırsınız?

- Bunu sırf maddiyyatla bağlamaq olmaz. Efirlərə tez-tez dəvət almasam da, amma az da çıxıram demək olmaz. Sözün düzü, mənim üçün məşhurluğun “pik nöqtəsi”nə çatmaq bir o qədər də önəmli deyil. Milyonların arasından seçilmək əsas deyil, əsas olan milyonların arasından birini seçməkdir. Bu daha çətinidir.

- Siz bunu bacarmısınız?

- Dediyim kimi, bu asan məsələ deyil. Hələ ki, buna cəhd edirəm.

- Ona görə hələ də subaysınız?

- Xeyr, mən o mənada demədim, ümumilikdə dedim (gülür).

- Mən isə məhz onu nəzərdə tuturam... Nə əcəb hələ də subaysınız?

- Bu işdə tələsmək olmaz. Hər şeyi zamana həvalə edirəm.

- Zaman sizə nə göstərdi ki?

- Zaman məni çox şeydən agah elədi. Öz yolumu tapdım. Ruhum azadlıq tapdı. Bəndələrdən yox, Allahdan “yapışdım”. Hər gün onunla danışdım. İndi də danışıram.

- İbadət əhlisiniz?

- Bəli, artıq xeyli zamandır ibadət edirəm.

- İbadətlə müğənnilik nə dərəcədə uyğun gəlir?

- Düzdür, mən əslində, içki məclislərinə getməməliyəm, kişilər olan yerdə oxumamalıyam. Amma bu mənim sənətimdir. Allah tərəfindən verilən bir istedaddır. Bu bacarıqdan bacardığım qədər düzgün isitfadə etəməyə çalışıram. Bilmək olmaz, bir də görərsiniz ki, Sevinc Musayeva tamamilə örtündü.

- Siz daxilən çox sakit və rahat insansınız, deyəsən...

- Bəli, bayaq da dediyim kimi, ruhum tam azaddır. İçimdə bir uşaq var. Hərdən mənə elə gəlir ki, mən mən deyiləm. Bütün hərəkətlərim, danışığım o uşağa məxsusdur...

Geri qayıt