Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı aktrisa: “Hər gün sevgi təklifi alıram”
Azərbaycanlı aktrisa: “Hər gün sevgi təklifi alıram”14-11-2014, 11:12 |
Ailem.az saytının müsahibi model, aktrisa Ülviyyə Xəlilbəylidir. Ülviyyə hazırda Lider TV ekranlarında veriliş aparır. Eyni zamanda “Taksi parkı” və “Qız atası” seriallarına çəkilir. - Ülviyyə Xəlilbəyli kimdir? - Çoxları elə bilir ki, mən modeləm, amma mən bununla razı deyiləm. İstəmirəm, məni model kimi tanısınlar. Hazırda aktrisa kimi fəaliyyətimi davam etdirirəm. Tam olaraq özümə aktrisa da deyə bilmərəm, çünki bizim peşəkar aktrisalarımız var. Mən özümə aktrisa desəm, onlar məndən küsər. Həvəskar aktrisa desək, daha yaxşı olar. Əsl sənətim aparıcılıqdır. 2011-ci ildən etibarən aparıcı kimi fəaliyyət göstərirəm. İlk əvvəl “Mədəniyyət” kanalında, “Muz TV”də, daha sonra bir sıra “Production”larda çalışmışam. “Production”larla olan verilişlər “Lider Tv”də yayımlanırdı. Hazırda bu kanalda yayımlanan “Barkod” verilişinin aparıcısıyam. - Azərbaycanda aktrisa və yaxud modellərin durumu hansı səviyyədədir? - Yaxşı aktrisalarımızın sayı çoxdur. Bu sahədə olan inkişaf özünü göstərir. Modelliyə gəldikdə isə deyə bilərəm ki, Azərbaycanda modellik o qədər də inkişaf etməyib. Elə insanlar var ki, modellik deyəndə ağıllarına başqa fikirlər gəlir. Məhz buna görə də mən model kimi tanınmaq istəmirəm. - Aktrisa olmaq çətindir, yoxsa model? - Əlbəttə ki, aktrisa. - Deyirlər, artistlik yaxşıdır, amma həyatda yox, səhnədə. Bu fikirlə razısınız? - Həyatda artist deyiləm. Bəziləri kimi kiminsə vəzifəsinə, məşhurluğuna, hörmətinə görə yaltaqlanmamışam. Türklərin məşhur bir sözü var: “Sözün düzünü deyəni 9 kənddən qovarlar”. Bu söz mənə aiddir. - Model-aktrisaların seriallarda azlıq təşkil etməsi nədən irəli gəlir? - Mən bu fikirlə razı deyiləm. Deyərdim, bu yöndə inkişaf özünü göstərir. - Hansı seriallarda çəkilmisiniz? - İlk əvvəl “Taksi parkı” serialında çəkilmişəm. Serialın çəkilişləri hələ də davam edir. Mən bu serialda Asya obrazını canlandırıram. Canlandırdığım obraz haqqında da danışmaq istərdim. Asya öz şəxsi mənafeyinə görə hər kəsi qurban verən, daha çox pula önəm verən bir xanımdır. Bundan başqa “Qız atası” serialının çəkilişinə başlamışıq. Bu serialda bir çox tanınmış simalar - Azər Axşam, ATV kanalının aparıcısı Mətanət, aktrisa Xəyalə xanım ilə birgə çalışıram. Serial iki həftəyə ATV kanalında yayımlanacaq. - Canlandırdığınız Asya obrazı ilə Ülviyyə arasında oxşarlıq var? - Xeyr. Əgər elə olsaydım, indiki vəziyyətimə baxanda daha yüksək yerlərdə olardım. - Serialların izlənmə səviyyəsi necədir? - O serialların keyfiyyətindən asılıdır. Serial elə çəkilməlidir ki, tamaşaçının zövqünü oxşasın. Daha çox çalışmaq lazımdır ki, pafoslu çıxışlar olmasın. Belə olsa, izlənmə daha yaxşı olar. - Seriallarda çatışmayan cəhətlər hansılardır? - Mən iki serialda çəkilirəm. Məncə, seriallarda çatışmayan cəhət birinci maddi vəziyyətdir. Bu, yaxşı olsa, o zaman rejissor da yaxşı işləyər. Yaxşı rejissorlarımız, aktyorlarımız, aktrisalarımız var. Bu sektorda pul çox olsa, serialların keyfiyyəti daha yaxşı olar. - Azərbaycanda çəkilən seriallara olan maraq niyə azdır? - Çunki, bizim seriallarda daha çox sünilik var. Düşünürəm ki, bu sünilik zaman ötdükcə azalacaq. - Gözəl xanımsınız, sevgi təklifi edən olub? - Demək olar ki, hər gün sevgi təklifi alıram. - Bu sənətə gəldiyiniz üçün peşman deyilsiniz? - Deyiləm, amma elə olur ki, işlərim düzgün getməyəndə peşman oluram. - Hər bir sənət insana nəyisə öyrədir, bəs sənətiniz sizə nəyi öyrətdi? - İlk öncə həyatı, daha sonra insanları tanımağı. Bir sözlə, bu sənət mənim gözümü açdı. Geri qayıt |