Əsas Səhifə > Şou-biznes > "Əgər onlar aktyordurlarsa, bəs Yaşar Nuri, Səməndər Rzayev, Yusif Vəliyev kimdir?"
"Əgər onlar aktyordurlarsa, bəs Yaşar Nuri, Səməndər Rzayev, Yusif Vəliyev kimdir?"19-12-2014, 09:20 |
Bakı Uşaq Teatrının aktyoru Cavanşir Məhərrəmovun Milli.Az-a müsahibəsi. - Cavanşir, gənc aktyorlara qarşı münasibət bir o qədər yaxşı olmur. Söhbət sənətdə sözünü demiş aktyorlardan gedir. Obraz ilə kimisə qısqandırmaq düzgündürmü? - Məncə, aktyor obrazları ilə heç kimi qısqandırmamalıdır. Çünki biz nə ediriksə, sənət üçün edirik. Sənət baxımından “qısqandırmaq” sözü heç düzgün ifadə deyil. O ki qaldı sənətdə yad münasibət görməyimə... Onu deyə bilərəm ki, teatra gələndən istər yaşlı, istərsə də gənc nəsil mənə əllərindən gələn köməyi göstərir. Elə günü bu gün də. Bizim kollektivimiz çox mehribandır. - Səncə, aktyor xarici görünüşünə görə rol almalıdır, yoxsa istedadına görə? - Mənim üçün xarici görünüş də, istedad da əsasdır. Hal-hazırda bəzi rejissorlar məndən aktyor kimi düzgün istifadə etmirlər. Amma məncə, aktyor istedadına görə rol almalıdır. - Cavanşir, deyəsən, “Qaynana” serialında qazandığın şöhrəti bir anda itirdin. Necə düşünürsən? - Mən deyərdim ki, itirmədim, əksinə, qazandım (gülür). Çünki bu serialdakı rolum yaradıcılığımda tramplin rolunu oynadı. - Amma bu serialdan sonra yadda qalan hər hansı ekran işinə dəvət almadın... - Mən bu günə qədər kimdənsə məni çəkməklərini xahiş etməmişəm. Əgər tanıyırlarsa, özləri dəvət edib, çəkəcəklər. Amma onu deyim ki, bu günlərdə “Zabit şərəfi” adlı qısametrajlı bir filmə çəkildim. Film çox uğurlu alındı. Səbəbi isə rejissorun mənə sərbəstlik verməsi oldu. - Bir neçə il əvvəl səndən müsahibə alarkən evlənmək istədiyini bildirdin, amma “aktyora qız vermirlər” deyib dad edirdin... - Elə bu gün də deyirlər ki, “aktyora qız vermərəm”. Həm də axı aktyor kasıbdır. Mən hal-hazırda 173 manat maaş alıram, 200 AZN isə ev pulu verirəm. Maddi vəziyyətim yaxşı olmadığından evlənə də bilmirəm. Bu dəqiqə aktyor olmaq istəyənlərin sayı-hesabı yoxdur. Sənəti çox ucuzlaşdırıblar. Aktyor sənəti çox çətindir. Bizdə aktyora hələ ki, qiymət verən yoxdur. İstər kinoda, istərsə də teatrda. Aktyoru qorumaq lazımdır. Amma hal-hazırkı dövrdə aktyora fəhlə kimi baxırlar. Yoldan keçəni də teatra dəvət edirlər, kinoya çəkirlər. 2 dəfə efirə çıxıb, özlərinə aktyor deyənlər məni “yandırırlar”. Əgər onlar aktyordurlarsa, bəs Yaşar Nuri, Səməndər Rzayev, Yusif Vəliyev kimdir? - Fikirləşirsənmi ki, müğənni olsaydın, daha çox qazanardın və tanınardın? - Xeyr, müğənni olmaq istəməzdim. Ola bilər ki, bir müddət efirdə olmayım, amma əsas tamaşaçının yaddaşında qalmaqdır. Elə aktyorlarımız var ki, kiçik bir obraz oynayıblar və tamaşaçının yaddaşında əbədi olaraq qalıblar. Budur ustalıq, budur sənətkarlıq. Bu gün mən aktyoramsa, o demək deyil ki, yalnız tanınmağa görə aktyor olmaq istəyirəm. Xalqın gözü tərəzidir. Geri qayıt |