Əsas Səhifə > Şou-biznes > "Canlarım, hələ də şokdayam"

"Canlarım, hələ də şokdayam"


20-12-2014, 10:40
"Canlarım, hələ də şokdayam"
Ailə qurduqdan sonra uzun illərdir Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova Azərbaycanın ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb.

ANS PRESS-in məlumatına görə, 20 ildən çoxdur İstanbul şəhər Bələdiyyə Teatrında aktrisası və rejissor kimi fəaliyyət göstərən əməkdar artist bu xəbərin gözlənilməz olduğunu deyir.

Aktrisa sevincini hər kəslə sosial şəbəkədə bölüşüb:

“Canlarım, hələ də şokdayam. İstanbul şəhər Bələdiyyə Teatrının gözəl insanları, dostlarım, canlarım, çox xoşbəxtəm. Bu gün sənətin və sənətkarın yanında olan, onlara dəstək çıxan, ölkənin ən çətin vaxtlarında onları bir an belə tək buraxmayan, hər addımda varlığını hiss etdirən Azərbaycanın prezidenti İlham Əliyev cənabları Vətənimdən uzaqlarda olsam da, məni əməkdar incəsənət xadimi fəxri adına layiq görüb.

Artıq 24 ildir bu teatrda çiyin-çiyinə çalışırıq. Bu ada layiq görülməyimdə Bələdiyyə Teatrının, siz dəyərli sənət dostlarımın çox böyük əməyi, qatqısı var. Bu mərtəbəyə məni sizlər çıxardınız. Vətənimdən uzaqlarda sıfırdan başladığım sənət yolumda sizin sevginiz, anlayışınız, dəstəyiniz sayəsində bu mərtəbəyə gəldim. Məni təkrar yoxdan var etdiniz. Sənət adına bərabər addımladığımız bu yolda, yaxşı və pis gündə daima yanımda olub, mənə dəstək olan sizlər - dəyərli dostlarım qarşısında sayğı ilə baş əyirəm. Hamınızı sevirəm. Sizlər mənə Allahın bir lütfüsünüz”.

Qeyd edək ki, 1991-ci ildə Türkiyə vətəndaşı ilə ailə quran və İstanbulda yaşayan Məlahət Abbasova iki uşaq anasıdır. Onun Uğur və Sudə adında övladları var. Məlahət xanım Türkiyədə aktrisalıq fəaliyyətini davam etdirməklə yanaşı, rejissorluq və tərcüməçilik də edir. İstanbul şəhər Bələdiyyə Teatrının aktrisası və rejissoru kimi çalışan sənətçi bu teatrın səhnəsində bir çox rollar yaradıb. Hazırda Hüseyn Cavidin “İblis”, “Kitabi-Dədə Qorqud” əsərləri üzərində çox ciddi şəkildə çalışır.

Məlahət Abbasova “Sürəyya”, “Hüzün çiçəyi” , “Həyatın içindən”, “Köpək”, “Min bir gecə”, "Mahmud və Məryəm" və s. türk serialları və filmlərində yaratdığı obrazlarla da sevilib. Xatırladaq ki, "Mahmud və Məryəm" Türkiyə və Azərbaycan arasında baş tutan ilk müştərək kino layihəsidir.

Türkiyədə bir sıra işlər görən Məlahət xanım İstanbula iş axtarmağa gedən və orada ailə qurub yaşayan azərbaycanlı qızdan bəhs edən “Yaxşı Cazibə” serialında danışman olub. Bundan başqa, o, Azərbaycan dramaturqlarının, eləcə də Elçinin üç əsərini türk dilinə çevirib. “TRT Avaz”da “Aşkın pusulası” adlı verilişə aparıcılıq edib.

Tanınmış sənətçi qazandığı uğurları ilə bağlı Türkiyədə dəfələrlə mükafatlara layiq görülüb.

Geri qayıt