Əsas Səhifə > Şou-biznes > “Ailəsi onun mənimlə evlənməyinə razı olmadı”
“Ailəsi onun mənimlə evlənməyinə razı olmadı”25-12-2014, 10:08 |
Bir neçə ildir Amerikaya köçən aparıcı Günel Musəvi bu yaxınlarda Bakıya gəlib. Axşam.az-ın əməkdaşı onunla görüşərək müsahibə alıb. - Qürbətdə həyat necə keçir? - İlk vaxtlar adaptasiya prosesi, başqa mədəniyyətə isinmək, onu qəbul etmək böyük psixoloji gərginliyə səbəb oldu. Birinci il mən və ailə üzvlərimiz üçün depressiya ilə keçdi. Çox gülünc olsa da, hətta Bakıdakı ağaclar üçün darıxırdım. Parka baxırdım, deyirdim, yox, bizim ağaclar başqadır və başlayırdım ağlamağa. Qürbət insanı sındırır. Hər şey o qədər təsir edir ki... Sınandan sonra isə həyata daha möhkəm bağlanırsan. Mən heç vaxt çətinlik görməmişəm. Evim, hər bir şəraitim olub. Həmişə hazıra nazir yaşamışam. Amerikaya gedəndə də sıfırdan başlamadım. Amma orada Günel Musəvi yox, sadəcə Günel var idi. Telefonu qaldırıb kiməsə zəng vurub nəsə istəyə bilməzdim. Zamanla buna öyrəşdim. - Bu müddət ərzində nələr etdiniz? - Universitetə daxil oldum, uşaq psixologiyası fakültəsini bitirdim. www.everyazeri.com adlı internet sayt yaratmışam.Burada xanımlarımız müxtəlif mövzularla bağlı fikirlərini, təcrübələrini bölüşürlər, həyat hekayələrini paylaşırlar. Məqsəd xaricdə yaşayan Azərbaycan xanımlarına özlərini tanıtmaq şansı vermək, həm də onları bir araya yığmaqdır. Sayt ingilis və Azərbaycan dillərində fəaliyyət göstərir. - Psixoloq peşəsi sizə çətin gəlmir? - Bir müddət bu sahədə çalışdım. Mən nikbin əhval-ruhiyyəli, pozitiv insanam. Bu isə depressiya gətirən iş idi. Gördüm ki, mənlik deyil, getdikcə daha da depressiyaya düşürəm. Psixoloq kimi uşaqlarla söhbət etdikcə ürəyim ağrıyırdı. Daha sonra qərar verib bu peşədən ayrıldım. - Bakıya gəlişinizin səbəbi nədir? - Bibi olmuşam. Yeni doğulan körpəmizi görmək üçün gəldim. Həmçinin dostlarımla görüşürəm. Yeni ili qeyd etdikdən sonra qayıdacağam. - Azərbaycanı niyə tərk etdiniz? - Ailəm Amerikaya köçüb: atam, anam, bacım və iki qardaşım. Burada yalnız bir qardaşım qalıb. Mən də özümü Bakıda tənha hiss etdim və onların yanına getdim. Buralar üçün darıxıram. Vətənin yerini heç nə vermir. Mən çalışıram bu vəziyyətə başqa cür yanaşım: məsələn, qız gəlin köçür və hərdən ana evinə gedir. Özümü belə bir halda təsəvvür edirəm. Burada mənə çətin idi. Ailəm olmadan sanki boşluqdaydım. Mənim üçün Vətən elə ailənin olduğu yerdir. - Telekanallardan aparıcılıq təklifləri almısınız? - Təkliflər olsa da, maraq göstərmirəm. Onlar da bilirlər ki, mən burada qalan deyiləm. Ona görə də, bu məsələnin çox üstünə getmirlər. “Youtube”da “Every Azeri” adlı kanal yaratmışam. Səfər etdiyim bütün ölkələrdən videolar çəkib oraya yerləşdirirəm. İndi də Bakıda hər yerə kamerayla gedirəm. Qısa çarxlar hazırlayıb, internetə yerləşdirəcəyəm. Bu, mənim mənəvi qidamdır. Qarşılığında maddi heç nə gözləmirəm. Tamaşaçıların bu videolara baxması, dəyər verməsi mənim üçün ən böyük hədiyyədir. - Amerika ilə müqayisə etsək, bizim telekanallarda, aparıcılarda nə çatışmır? - Aparıcılarımız çox məlumatsızdırlar, öz üzərlərində işləmirlər. Üzərində işləmək manikür-pedikür, daim brend arxasınca qaçmaq yox, kitablar oxumaq, xəbər bazasını genişləndirməkdir. Peşəkar, dilotu yeyib, çox danışandır? Yoxsa, lazımi məlumatı qısa, anlaşılan formada verən? Azərbaycan aparıcıları arasında bunu ayırd edə bilmirəm. Bizdə peşəkarlar çox azdır. Bəzi kanallarda böyük layihələr yayımlanır. Amma çəkiliş prosesi, işə münasibət, davranış qaydaları, bir sözlə, mətbəx olduğu kimi qalıb. İnkişaf etmək üçün xaricə getmək, təcrübə toplamaq lazımdır. - Bakı dəyişib? - Dekorasiya baxımından bəli. Bakı olduqca gözəldir. Hətta dünyanın ən möhtəşəm şəhərləri siyahısına daxil ola bilər. Amma cəmiyyət necə var idisə, elə də qalıb. - Ailə qurmağı düşünmürsünüz? - Düşünürəm... Namizədlər həmişə olub. Mənim bir xasiyyətim var. Hər şeyə ürəkdən yanaşıram. Evlilik də ciddi addımdır. Ailə həyatı mənə status üçün lazım deyil. Adət-ənənələr, “30 yaşın oldu evdə qaldın”, “mütləq ərə getməlisən” kimi düşüncələr məni narahat etmir. Mən anamın, başqalarının istəyinə görə ailə qurmuram. Elə insanla birlikdə olmalıyam ki, ona özümü bəxş edə bilim. Həyatımla oyuncaq oynayan deyiləm ki... Mənim missiyam kiminsə arzusunu yox, öz ürəyimin istəyini yerinə yetirməkdir. Sevdiyim insanla ailə həyatı qurmaq istəyirəm. Əgər belə biri olsa, onunla hətta Afrikanın kəndində belə yaşayaram. Əcnəbiyə ərə getmərəm. Məni öz həmyerlilərim cəlb edir. Bir vaxtlar sevdiyim olub, amma mənimlə evlənmədi. Amerikada yaşayan azərbaycanlı idi. Ailəsi buna razı olmadı. - Valideynlərin ailə qurarkən övladlarının seçiminə müdaxilə etməsinə necə baxırsınız? - Çox pis... İndi sevinirəm ki, o insanla ailə qurmadım. O qədər seçimimə sahib çıxanam ki, heç kim, hətta anam-atam da qarşımda dura bilməz. Məni sevən başqasının qarşısında baş əyirsə, sevgisini qoruya bilmirsə, o, mənə lazım deyil. Valideyn övladın sevgisinə mane olmaqla onu bədbəxt edir. Böyüklər məsləhət verməlidir, amma qabağını kəsmək, “ya o, ya bu” seçimi ilə üzləşdirmək düzgün deyil. Geri qayıt |