Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı teleaparıcı: "Daha ürəyimə qulaq asmıram..."
Azərbaycanlı teleaparıcı: "Daha ürəyimə qulaq asmıram..."27-01-2015, 09:17 |
dia-az.life teleaparıcı Lalə Azərtaşın Milli.Az-a müsahibəsini təqdim edir: - Lalə xanım, bir müddət tamaşaçılara “sabahınız xeyir!” dediniz. Həm səhər proqramının aparıcılığını edirdiniz, həm də xəbərlərin efirindən tamaşaçıları salamlayırdınız. İndi isə sizi yalnız xəbərlərdə görürük. Niyə səhər proqramından uzaqlaşdınız? - İndi də “hər vaxtınız xeyir!” deyirəm (gülür). Əslində, xəbərlərlə yanaşı, səhər proqramında da özümü sınamaq qərarına gəldim. Sözün düzü, alınırdı. Hər şey istədiyim kimi idi. Sadəcə olaraq, həmin proqramın ampluası bir az fərqli idi. İstər-istəməz daha pozitiv, daha dinamik olmalı idim. Tamaşaçılara səhər-səhər müsbət enerji ötürməli idim ki, onların günü yaxşı keçsin. Bu, bir məsuliyyət idi. Çünki insan səhəri necə başlayırsa, günün sonuna qədər də həmin əhval-ruhiyyədə olur. Mən buna çox inanıram. Tamaşaçıların dediklərinə görə, mən səhər efirində bu müsbət enerjini onlara verə bilirdim. Amma öz xəbər “sima”mı itirməmək üçün səhər proqramından uzaqlaşmaq qərarına gəldim. - Keçmişdə aparıcı olan bir çoxları indi fərqli sektorlarda çalışırlar. Sizə belə bir təklif olubmu? - Təkliflər həmişə var. Hətta mən ailə qurandan sonra bir müddət televiziyadan uzaqlaşdım. Həmin ərəfədə mənə digər sahələrdən bir çox təkliflər gəlməyə başladı. Ancaq qəbul etmədim. Yənə də “Azad Azərbaycan”a qayıtdım. Çünki mən xəbəri sevirəm. Sevmədiyim bir işdə heç vaxt işləyə bilmərəm. - Bəs xəbər necə, sizi “sevir”? - Tamaşaçıların fikrinə görə, “sevir”. İndiyə qədər yadımdadır, sosial şəbəkələrdə belə bir fikir də yazmışdılar - “Lalənin xəbəri, xəbərin laləsi”. Elə mənim fikrimcə də, xəbər məni mənim onu sevdiyim qədər “sevir”. - Başqa bir sahədə çalışmazsınız, dediniz. Allah eləməsin, tutaq ki, "Azad Azərbaycan" kanalı yoxdur, onda hansı kanalda işləyərdiniz? - Düşünürəm ki, müstəqil Azərbaycan var olduqca "Azad Azərbaycan" telekanalı da var olacaq. Bura mənim ikinci evimdir. Əgər dediyiniz hal olsa, mənə doğma olan digər bir kanalda - Dövlət Televiziyasında işləyərdim. Bildiyiniz kimi, mən əvvəllər bir müddət həmin telekanalın əməkdaşı olmuşam. Ümumilikdə isə bütün kanallarımızı izləyirəm. Hamısına böyük hörmətim var. - Sosial şəbəkələrdə kifayət qədər izləyiciniz var. Onlarla yalnız virtual olaraq ünsiyyətdə olursunuz, yoxsa görüşdükləriniz var? - Xeyr, görüşməyə o qədər də vaxt tapa bilmirəm. Amma onların arasında bir neçəsi var ki, bayramlarda, ad günümdə, özəl günlərdə mənim xəbərim olmadan iş yerimə gəlib məni təbrik edirlər. Mənə sürprizlər edirlər (gülür). Amma sosial şəbəkələrdə mənə yazılan sözlərin hər birini oxuyuram. O fikirlərin hər biri mənim üçün dəyərlidir. Vaxt tapdıqca da cavablandırıram. Düzdür, bəylər onların mesajlarına cavab yazmadığım üçün bəlkə də məndən inciyirlər, amma yenə də deyirəm, barəmdə deyilən hər bir fikir mənim üçün çox dəyərlidir. - Haqqınızda nə deyirlər ki? Nə eşitmisiniz? - Şükürlər olsun ki, bu vaxta qədər pis heç nə eşitməmişəm. Amma tərif varsa, tənqid və irad da olmalıdır. Mən də istənilən tənqidi, iradı dinləyirəm. Onun üzərində düşünüb, nəticə çıxartmağa çalışıram. Çünki iradı “həzm” edə bilməyən şəxs inkişaf edə bilməz. - Sizə baxıb sizin kimi xəbər aparan aparıcılar var? - Halal xoşları olsun... (gülür) - Deməli, var... - Deməli, mən varam... (gülür) - Heç olubmu, efirdən çıxandan sonra qarşınızı kimsə kəssin və "bu xəbəri niyə oxudun?" desin? - Xeyr, belə bir halın olduğunu xatırlamıram. Çox şükür ki, bu vəziyyətə düşməmişəm. - “Dərd ortağınız” necədir? Avtomobilinizi nəzərdə tuturam. - Yaxşıdır (gülür). O mənim doğrudan da ən yaxın sirdaşımdır. Ona görə ki, onun dili yoxdur və mən istədiyimi ona deyirəm. Yaxşı və pis günlərimdə yanımda olub. Amma ad günümə özümə yeni bir avtomobil hədiyyə etməyi düşünürəm. - Axı "hər şeyin təzəsi, dostun köhnəsi" deyirlər... - Elədir. Onu atmayacam ki, o da qalacaq (gülür). - Çörəkpulunuz ancaq xəbərdən çıxır? - Xəbərdən deməzdim, televiziyadan çıxır. Xəbərlərin sayəsində dövlət tədbirlərinə dəvət alırıq. Oradan da qonorar alırıq. Şükür, dolanışığımdan razıyam. - Yəqin ki, siz də el şənliklərinə, məclislərə dəvətə getmirsiniz... - Bəli, heç bir özəl tədbirin aparıcılığını etmirəm. Bunu sırf öz “sima”mı qorumaq üçün edirəm. - Bəs məclislərə qonaq kimi gedəndə həmin məclisin “lalə”si ola bilirsiniz? - Mən uşaqlıqda ərköyün olmuşam. Valideynlərim bir dediyimi iki etməyiblər. “Yox” sözünü eşitməmişəm. İndi də məclisə girəndə yaxınlarım tərəfindən həmin qayğını və nəvazişi görürəm. - Efirə çıxanda kifayət qədər ciddi geyimdə olmalısınız. Bəs adi həyatda necə? Geyim tərzinizi necə seçirsiniz? - Əslində, geyim tərzimə heç kim bir məhdudiyyət qoymur. Öz geyimimi özüm müəyyənləşdirirəm. Həddindən artıq vulqar görünəcək libaslardan istifadə etmirəm. Məsələn, əgər sinəsi açıq paltardayamsa, aşağı tərəf mütləq uzun olmalıdır, yaxud da qısa geyinmişəmsə, sinəm bağlı olmalıdır. Bir sözlə, balansı qoruyuram. Onu da deyim ki, efirə çıxarkən də bəzi şeylərə diqqət edirəm. Misal üçün, efir vaxtım həftənin cümə gününə təsadüf edirsə, ya qara, ya da tünd geyimlərdən istifadə edirəm. Çox makiyaj etmirəm. Bir söz də deyim ki, mən çox nadir hallarda qırmızı rəngli dodaq boyasından istifadə edirəm. Çünki valideynlərimin xoşuna gəlmir. - Xəbər aparıcısı efirdə olarkən öz hisslərini, emosiyalarını büruzə verməlidirmi? Bir növ “aktrisalığ”ı bacarmalıdırmı? - Əlbəttə, bu vacib şərtdir. Xəbəri oxuyarkən həm özün yaşamalısan, həm də tamaşaçıya yaşatmalısan. Mən idmanda düşmən kürəyini yerə vurub qələbə qazanan azəri oğlu haqqında xəbəri çatdırarkən necə qürur hissi keçirməyə bilərəm? Adi bir misal deyim. Bu yaxınlarda bir filmə çəkildim. Orada bir xəbər aparıcısı kimi Qarabağımızın işğaldan azad olma xəbərini elan etmişəm. İnanın mənə, o, film olsa da, mən onu reallıqda yaşayırdım sanki. Qeyri-ixtiyari olaraq kövrəldim. Gözlərim yaşardı. İnşallah, bir gün həmin xəbəri filmdə deyil, birbaşa efirdən çatdıraram. - Bu yaxınlarda 20 Yanvara həsr olunmuş xəbər buraxılışında da analoji hal oldu... - Bəli, həmin an atası 20 Yanvarda şəhid olmuş bir nəfər haqda süjet verirdik. Kadrda göstərilirdi ki, həmin şəxs illər sonra öz övladına şəhid olmuş atasının adını verib və onunla birlikdə Şəhidlər xiyabanına ziyarətə gedib. Mən xəbəri oxuyarkən həmin azyaşlı uşağın duyğularını yaşadım elə bil. Təsirləndim və efirdə ağladım... - Səhv etmirəmsə, iki qızın anasısınız. - Doğrudur, iki qızım var. Biri səkkiz, digəri isə beş yaşındadır. - Allah saxlasın! Onları gələcəkdə hansı peşənin sahibi kimi görmək istərdiniz? - Onlara yalnız istiqamət verə bilərəm. Seçəcəkləri peşəyə qarışmaram. Amma onları gələcəkdə özüm kimi patriot və vətənə layiqli bir övlad kimi görmək istəyirəm. İnanıram ki, belə də olacaq. Çünki böyük qızım indidən deyir ki, mən Azərbaycan əsgəriyəm. Bu məni çox sevindirir. Mən həmişə demişəm, qəhrəmanlıq qıza, ya da oğlana baxmır. Hamımız bu vətənin övladlarıyıq. - Qızlarınızın valideyn iclaslarında iştirak edirsiniz? - Mütləq şəkildə, bəli, edirəm. - Onları görənlər "Lalənin qızlarıdır" deyirlərmi? - Böyük qızım bundan bir az narahat olur. Deyir ki, ana, məni görən deyir ki, dünən anan efirdə belə danışdı, filan paltarı geyinmişdi və s. (gülür). Amma kiçik qızım belə hallarla fəxr edir. Ümumilikdə isə qızlarımın hər ikisi mənimlə qürur duyur. - Son bir ildə sizin üçün nə dəyişib? - Dəyişən yalnız zamandır. Bir az da fikirlərim dəyişib. Əvvəl daha çox ürəyimin səsini dinləyirdim. Daha ürəyimə qulaq asmıram. İndi həm qəlbimi, həm də ağlımı eşidirəm. Ola bilər ki, bir neçə ildən sonra yalnız və yalnız ağlım deyənləri edim. Geri qayıt |