Əsas Səhifə > Şou-biznes > “Adamın üstündə Allah var, Şəmi maaşımı hər ay vaxtlı-vaxtında verir”
“Adamın üstündə Allah var, Şəmi maaşımı hər ay vaxtlı-vaxtında verir”24-02-2015, 10:34 |
“Gənclik qəzeti”-nin bu həftəki qonağı “My name is İntiqam” filmində yaratdığı Syoma rolu ilə tanınan, “Bozbash pictures” serialının Qılman həkimi aktyor İlkin Misgərlidir. İlkin 2004-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin “Dram kino aktyorluğu” fakültəsini bitirib. Görkəmli rejissorumuz, “Yuğ” Teatrının bədii rəhbəri Vaqif İbrahimoğlunun tələbəsidir. O, ikinci kursdan etibarən V.İbrahimoğlunun yaratdığı “Yuğ” Teatrında çalışıb. 2002-ci ildə Teatr Xadimləri İttifaqında keçirilən Monotamaşalar Festivalının “Debüt” bölümündə “Ən yaxşı kişi rolu”, “Ən yaxşı tamaşa” nominasiyasında qalib olub. Bu gün isə hər kəsin sevimlisi Qılman obrazı ilə qarşımızdadır. - Sizi Müşviq Şahverdiyevlə birgə rol aldığınız “Bu da bu” layihəsindən tanısaq da, tamaşaçı sizi daha çox “My name is İntiqam” filmindəki rolunuza görə sevdi. Hesab edirsinizmi ki, bu film sizə uğur gətirdi? - “My name is İntiqam” filmi və orada yaratdığım Syoma obrazının mənim üçün önəmi böyük idi. Çünki ilk dəfə idi ki, bədii filmdə çəkilirdim. Filmin bu qədər tamaşaçı tərəfindən sevilməsi məni, eləcə də bütün yaradıcı heyəti sevindirdi. Düşünürəm ki, filmin belə uğurlu alınmasında mənim də bir balaca rolum var. Çünki Syoma həqiqətən sevilən obrazlardan biri oldu. Tamaşaçılar “My name is İntiqam”, “Xoxan” filmindən çox şeylər gözləyirdi, ikisi də təqdim olunub və öz sözünü deyib. Qarşıda dostlarımın çəkdiyi “Ay brilliant” filmi gəlir. Bu filmdə oynamıram, amma İlkin deyib ki, əgər “Ay brilliant”ın davamı çəkilsə, mən də heyətdə yer alacam. İnanırıq ki, iki filmdən sonra bu film də uğurlu olacaq və bir az da çox tamaşaçı kinoteatrlara qayıdacaq. - Yaratdığınız Qılman obrazı qısa zaman ərzində çox tanındı. Onun tez bir zamanda bu qədər seviləcəyini gözləyirdinizmi? - Əlbəttə gözləyirdim. Niyə də gözləməyim? Hesab edirəm ki, insan gördüyü işdən arxayın olmasa, onu boynuna götürməz. Şəxsən bunu öz adımdan deyirəm. Syoma obrazı ilə yanaşı belə bir obrazı yaratmağın arzusunda idim. Syomanı tamaşaçıların yaddaşından çıxarmaq istəyirdim. Bu obrazımla tamaşaçıların xatirəsində qalmaq istəmirdim. Ona görə Qılmana çox güvənirdim. Hiss edirdim ki, Qılmanla nəsə edə biləcəyəm. - Filmin qala gecəsində zarafatyana rejissorlara ismarıc göndərdiniz. Bildirdiniz ki, siz Syomadan da gözəl obrazlar canlandıra bilərsiniz. Məhz bu müraciətdən sonra sizə belə bir obraz təklifi gəldi? - Əminliklə deyə bilmərəm ki, məhz həmin sözdən sonra mənə belə bir obraz təklif olundu. “Bozbash pictures” layihəsinin yaradıcı heyətinə minnətdaram ki, mənə belə bir rol təklif etdilər. Mən də bu serialda rol aldım. Çünki filmdən sonra yaradıcılığımda bir müddət boşluq yaranmışdı. Onlar məni seriala dəvət etməsəydilər, yəqin ki, bu günədək işsiz qalacaqdım. - Çəkildiyiniz serialda Qılman öz pulunu simic xalaoğlulardan ala bilmir. Bəs həyatda necə, Şəmidən qonorarınızı ala bilirsinizmi? - Həyatda Qılman deyiləm ki (gülürük). Qonorarımı vaxtında ala bilirəm. Qılman yazıq və fağır adamdır. Həm də çox kasıbdır. Amma real həyatda elə deyiləm. Adamın üstündə Allah var, İlkin Həsənli hər ay maaşımı vaxtlı-vaxtında verir. Rolumun mənim həyatıma heç bir aidiyyəti yoxdur. Sabah elə bir obraz olar ki, tamaşaçılar Qılmanı unudar və məni yaratdığım başqa obrazıma görə sevərlər. Sabahın nələr gətirəcəyini bilmək olmaz. - “Bozbash pictures”-in çəkdiyi “Ay brilliant” filmində nə üçün sizə rol verilməyib? - Həmin filmin çəkilişləri ərəfəsində mənim onlarla işbirliyim yox idi. Filmin çəkilişləri zamanı mən “My name is İntiqam” filmində çəkilirdim. Paralel eyni filmdə rol almaq mənim üçün çətin olardı. Əgər filmin ikinci hissəsi çəkilərsə, mütləq şəkildə orada rol alacam. - Müşfiq Şahverdiyevlə işbirliyiniz necə oldu? İndi onunla münasibətləriniz hansı səviyyədədir? - İndi onunla münasibətimiz əvvəlkindən də yaxşıdır. Hər şey qaydasındadır. Müşfiq mənim üçün əziz insandır. O mənə qardaşdan irəlidir. Biz onunla tələbə yoldaşı olmuşuq. Müşfiqdən təklif gəlsə, yenə də onunla işləyərəm. - Ağır janrlı “Yuğ” Teatrından çıxıb komediya obrazı yaratmaq sizə çətin gəlmirmi? - Teatrda işləyərkən belə, mənə yalnız xarakterik obrazlar verirdilər. “Yuğ” Teatrı psixoloji tamaşalar hazırlasa da, bilirdilər ki, mənim potensialıma hansı obrazlar uyğundur. Mən tələbəlik illərində də komediya obrazları canlandırırdım. Dram janrında özümü görmürdüm. - İndi sizə dram obrazları verilsə, o obrazları canlandıra bilərsinizmi? - Əlbəttə, canlandıraram. Məndə bacarmaram söhbəti yoxdur. Əgər bacarmıramsa, gecə-gündüz onun üzərində çalışaram. Alınması üçün əlimdən gələni edərəm. Bacardığım qədər çalışaram ki, həm rejissor, həm tamaşaçı məndən razı qalsın, ən əsası da özüm-özümdən razı qalım. - Şəmi ilə Şöşü xalaoğulları nə üçün Qılmanın başına bu qədər oyun açırlar? - Bu, bizim ssenaristimiz Ənvərin işləridir (gülür). Anlaya bilmirəm ki, o, Qılmanı nə üçün bu xarakterdə görür? Bir dəfə ondan xahiş edəcəyəm ki, şəxsi həyatda olmasa da, rolumda yuxuda da olsa 500 mini bir arada görüm. Ümid edirəm ki, heç olmasa bunu mənə çox görməzlər. - Deyirlər ki, Qılman Fəlakət obrazından da betər partlayış yaratmalıdır. Bu fikirlərlə razısınızmı? - Mən elə düşünmürəm. Çünki bugünkü günün özündə də mən Fəlakətə pərəstişkarlıq edirəm. Sevinirəm ki, onun kimi tərəfmüqabilim var. Biz hamımız birlikdə bir komandayıq. Bizim uğurumuz da birdir, uğursuzluğumuz da. Burada mən, sən söhbəti yoxdur. Ona görə kimin məşhur olmasının bizim üçün elə də önəmi yoxdur. Geri qayıt |