Əsas Səhifə > Şou-biznes > "Bu yaşıma kimi kosmetoloqa müraciət etməmişəm"

"Bu yaşıma kimi kosmetoloqa müraciət etməmişəm"


6-03-2015, 09:19
"Bu yaşıma kimi kosmetoloqa müraciət etməmişəm"
DİA.AZ Əməkdar artist, rəqqasə Aliyə Ramazanovanın Milli.Az-a müsahibəsini təqdim edir:

- Aliyə xanım, özünüzü bu yaşda necə hiss edirsiniz?

- Çox sağ ol, oğlum. Həyatla çarpışıb-vuruşuruq. Ümid edirəm ki, hər bir şey yaxşı olacaq. O ki qaldı rəqs sənəti ilə bağlı arzularıma Azərbaycan milli rəqsləri mənim fikrimcə, dünyanın ən gözəl və ən incə rəqsləridir. Bizi o vaxt qastrol səfərlərinə göndərirdilər, inanın bizləri o ölkələrdə necə gözəl qarşılayırdılar. 17 yaşımda ikən bütün dünya ölkələrini gəzmək mənə nəsib olub. Yayın istisində də, qışın soyuğunda da çalışmışıq. Bir dəfə də olmayıb ki, deyim ki, artıq yorulmuşam. İndi hər cürə şərait də var, amma yeni quruluşlar, rəqs sənəti ilə ciddi məşğul olanlar çox azdır.

- İndiki rəqqasələr haqqında nə danışa bilərsiniz? Oyun tərzləri sizi qane edirmi?

- Bizim vaxtımızda tam folklor, milli rəqslər üstünlük təşkil edirdi. Hal-hazırdakı rəqslər baletlə qarışıb. Balet və başqa millətlərin rəqs hərəkətləri milliliyi üstələyib. O vaxtı mahnıya uyğun qurulan rəqslər bugünkü gündə yada düşmür. Onu da deyim ki, rəqs həm musiqi ilə, həm də rəssamlıqla bağlı sənətdir. Bunu dərk edənlər çox azdır.

- Bəzən də görürük ki, rəqqasə mahnı da oxuyur...

- Rəqqasənin əgər səsi varsa, o, oxuya bilər. Bu kimi hallar o vaxtı da var idi. Sadəcə, seçdiyin sənətin peşəkarı olmalısan. Rəqqasə rəqs sənətini inkişaf etdirməlidir, onu təbliğ etməlidir. İndi o qədər müğənni var ki, gərək sənətində lider olasan.

- Aliyə xanım kino üçün çox gözəl simanız var. Çalışdığınız illər ərzində heç filmə dəvət almısınızmı?

- O vaxtı məni “Arşın mal alan” filminə dəvət etmişdilər, elə oldu ki, qastrol səfərlərimiz oldu, mən bu filmdə çəkilə bilmədim. Onlar da məni o vaxt nəşrdə çıxan bir tanınmış jurnalda görmüşdülər. Filmə çəkilmədiyim üçün sonradan çox təəsüfləndim. Kim istəməzdi ki, çəkilsin?

- Ötən günlər sizi öz ağuşuna tez-tez qonaq edir?

- Mənim çox möhtəşəm, uğurlu günlərim olub. Əlbəttə ki, keçən günlərə nəzər salanda xatirələrə dalıram. Elə ailələr var, deyir ki, səni televiziyada görən kimi kanalı dəyişmirik (gülür). Yolda tanıyandan sonra mənə xoş münasibət göstərirlər. Mənim aləmimdə qocalığın da öz gözəlliyi var.

- Özünüzə vaxt ayırmağa vərdiş etmisiniz?

- Mən özümə qulluq etməyi çox sevirəm. Çünki gözümü açandan bizim rəqs sənəti ilə məşğul olan insanları görmüşəm. İncəsənət adamı həmişə formada olmalıdır. Bizim sənətimiz bunu tələb edir. Bu yaşıma kimi mən kosmetoloqa müraciət etməmişəm. İnsan yaşa dolsa da, özünü həmişə formada saxlamalıdır.

- Teatr sənətinə həvəsiniz necədir? Ümumiyyətlə, tamaşalara baxmağa gedirsinizmi?

- Hal-hazırda evdə bir az problemlərim var. Başım nəvələrimə, nəticələrimə qarışıb. Mən nəticələrimə baxaraq nəvəmə kömək edirəm. Vaxtilə teatra, kinoya çox getmişəm. Elə ki işdən çıxandan sonra boş vaxtımız olurdu teatra gedirdik. Hər dövrün gözəl aktyorları, tamaşaları var. Bunu qəbul etmək lazımdır.

Geri qayıt