Əsas Səhifə > Şou-biznes > Cavan Zeynallı: "Aybəniz Haşımova istəyir ki..."

Cavan Zeynallı: "Aybəniz Haşımova istəyir ki..."


10-03-2015, 10:05
Cavan Zeynallı: "Aybəniz Haşımova istəyir ki..."
DİA.AZ Tanınmış cazmen, əməkdar artist Cavan Zeynallının Milli.Az-a müsahibəsini təqdim edir:

- Cavan müəllim, yaradıcılıqda hansı yeniliklər var?

- Mənim yaradıcılığımda hər gün yeniliklər olur.

- Bilirik ki, siz həm də mahnılar, kompozisiyalar bəstələyirsiniz. Yeni bəstələriniz varmı?

- Hər gün səhnədəyəm, oxuyuram, çalıram. Öz bəstələrim də var. Hamı da deyir ki, axı biz bunları eşitməmişdik. Çünki yeniliklərim həddən artıq çoxdur. Təvazökarlıqdan uzaq olmasın, amma mənim ifamda bütün əsərlər yeniləşir.

- Efirdə az-az görünürsünüz...

- Hər gün olmasam da, efirlərdə oluram. Amma sizin də işiniz elədir ki, izləmək imkanınız olmur. Jurnalistika çətin işdir. Bu günlərdə ANS-də “Günəbaxan” verilişində, Space-in səhər proqramında qonaq olmuşam. Ola bilər ki, diqqətinizdən qaçıb.

- Bəstələrinizdən ibarət disk buraxdırmaq fikriniz varmı?

- Bu günlərdə yeni diskim çıxıb. “Oxuyur Cavan Zeynallı” adlanır.

- Həm də Mədəniyyət və İncəsənət Universitetində müəllimsiniz...

- Bəli, orada bizim çox böyük kafedra var, rəhbərimiz də xalq artisti Yalçın Rzazadədir. Orada çox gözəl müəllimlər işləyir. Mənim tələbəm Fərid Məmmədov “Eurovision”da ikinci yeri tutdu.

- Amma deyirlər ki, Fərid Məmmədov əməkdar artist Aybəniz Haşımovanın tələbəsidir.

- Fərid uşaq olanda Aybəniz Haşımovanın “Bülbüllər”ində oxumuşdu. Amma universitetdə dörd il mənim tələbəm olub. Aybəniz istəyir ki, bütün yaxşı tələbələri öz adına çıxsın.

- Deməli, əslində, sizin tələbənizdir?

- Bəs necə, əlbəttə! Bunu univeristetin rektoru, bütün Azərbaycan bilir.

- Digər tanınmış tələbələrinizdən kimlər var?

- Digər tələbələrimin elə də böyük uğurları yoxdur. Amma Zaur adlı bir tələbəm var, o da çox istedadlıdır. Hazırda dördüncü kursda oxuyur. Azərbaycanın bəstəkarlarının lirik əsərlərini gözəl ifa edir.

- Bir müddət öncə verdiyiniz müsahibənizdə xalq artisti Faiq Ağayevlə bağlı fikirlər səsləndirmişdiniz. Aranızda nə baş vermişdi ki?

- Mənim Faiq Ağayevə çox böyük hörmətim var. Çünki o, öz sənətinin hesabına xalq artisti olub və çox populyardı. O sayt mənim fikirlərimi təhrif etmişdi ki, guya Faiq haqda pis fikirlər səsləndirmişəm. Mənim iradımdan sonra həmin səhvi düzəltdilər.

- Sonradan bu barədə Faiq Ağayevlə söhbətiniz oldumu? İzah etdinizmi ki, fikirlərinizi təhrif ediblər və sair?

- Yox, danışmadıq. Çünki o, mənə böyük hörmətlə yanaşır.

- Deyəsən, həm də restoranda işləyirsiniz.

- İndi zəmanə belədir ki, bir gün işləməsən, çətin olur. Hər şey bahadır, işləyib çörəkpulu qazanıram. Ayrı yolum yoxdur. Həm də özümü adamlara göstərirəm.

- Toylara gedirsiniz?

- Mən ancaq bir restoranda işləyirəm və caz klubda həftədə iki dəfə çıxışım olur.

- Sizi tez-tez parodiya edirlər, bu, xətrinizə dəymir ki?

- Yox, yox, əksinə çox sevinirəm. Məni parodiya edəndə xoşuma gəlir.

- Sənət dostlarınızdan eşitdim ki, Azərbaycandan birdəfəlik getmək istəyirsiniz. Doğrudanmı belə bir fikriniz olub?

- Mən dünyanın əksər ölkələrində qastrollarda olmuşam. İndi istərdim ki, olmadığım ölkələrdə konsert proqramı ilə çıxış edim. Mənimçün qastrolsuz çox çətindi. Çünki iyirmi il “Qaya” ansamblında çalışmışam və onlarla ölkələri gəzmişik, konsertlər vermişik. Rəşid Behbudovla Argentina, Kostra-Rika, Honduras, Boliviya kimi ölkələrdə çıxışlarım olub. Buna görə bəzən sıxılıram.

- Bu il həm də sizin yubileyinizdir - yetmiş yaşınız tamam olur...

- Mən yaşdan danışmıram, çünki mən Cavanam. Əsas odur. Şəxsiyyət vəsiqəmi gizlətmişəm, heç kim yaşımı bilmir. Axı heç öz yaşımı vermirlər. Niyə kimsə bilsin ki, mənim yetmiş yaşım var? (gülür)

- Yəqin ki, özünüzü 35-40 yaşda hiss edirsiniz...

- Yox, heç olmasa, 55 olsun (gülür).

- Boş vaxtlarınızda nə edirsiniz?

- Vaxtım olanda həyat yoldaşımla parka çıxıram, idman edirik, gəzirik. Piyada gəzmək insana xeyirdir. Düzünü deyim ki, boş vaxt az olur. Bütün günü ora-bura qaçırıq.

- Sənət aləmində hər kəs sizi özünə dost bilir. Maraqlıdır, sizin ən yaxın dost hesab etdiyiniz kimdir?

- Düz dediniz ki, sənət aləmində hamı mənim dostumdur. Amma ən yaxın dostum Sərxan Sərxandı. O, indi Moksvada yaşayır. Sərxan Bakıda olanda biz bir yerdə konsert vermişik. Mən royalda çalırdım, o da həm gitara çalırdı, həm də oxuyurdu. İndi hərdənbir bura da gəlir, görüşürük. Sonucu dəfə Polad Bülbüloğlunun yubileyində görüşdük.

- Solo konsert fikriniz var?

- Bunun üçün yaxşı sponsor olmalıdır. Həm də konsert salonlarının icarəsi üçün böyük pullar istəyirlər. Mənim də elə işlərlə aram yoxdur ki, özüm-özümə konsert təşkil edim. Heç maddi durumum da buna imkan vermir. Mənim efirə hər çıxmağım solo konsetdir də. Efirə çıxıram, milyonlar baxır da. Solo konsertlə nə işim var?

Geri qayıt