Əsas Səhifə > Şou-biznes > Aktrisa Gülay Hüseynova: "İstedadı intim səhnələr…"
Aktrisa Gülay Hüseynova: "İstedadı intim səhnələr…"24-03-2015, 10:16 |
DİA.AZ aktrisa Gülay Hüseynovanın Milli.Az-a müsahibəsini təqdim edir: - Gülay xanım, peşə olaraq niyə məhz aktrisalığı seçdiniz? - Çünki uşaqlıqdan kameraları sevirdim (gülür). Həmişə güzgüdə özümə baxanda televizorda baxıram kimi hiss edirdim. Bir anlıq güzgünün qarşısından keçəndə özümü hansısa bir filmin qəhramanı kimi görüb xəyal edirdim. - O xəyallar sizi hansı səmtə apardı? - Elə arzuladığım sahəyə... Yolun başlanğıcında olsam da, insanın sevdiyi işlə məşğul olması çox gözəl hisdir. İndi ölkəmizdə çoxları öz sevdiyi sahə üzrə çalışmır. Mən bu baxımdan şanslıyam (gülür) - İşinizdən nə dərəcədə zövq ala bilirsiniz? - Gördüyüm hər bir işdən zövq alıram. Onsuz da, sevmədiyim işləri görə bilmirəm. Enerjimə qənaət etmək və düzgün xərcləmək önəmli prinsiplərimdən biridir. - Gulay xanım, indiyə qədər dörd serialda rol almısınız, elədir? - Bəli, “Ləkə” (Gülay), “Həyat çiçəyi” (Fəxriyyə), “Tufanlı Səma” (Dilşad) və “ Bizim Əhməd hanı?” (Gülər) serialında rol almışam. - Heç bir teatrda çalışmırsınız? - Xeyr, çünki ixtisasca aktirsa deyiləm heç (gülür). Filoloqam. Bakı Slavyan Universitetinin məzunuyam. - Maraqlıdır... Bəs hansı rollar sizə uyğun deyil? - Sakit ev qızı rolları. Amma nədənsə belə rollara daha çox təklif alıram. Ev qızı, sakit gəlin filan (gülür). Ümumiyyətlə, zövq almadığım rollardan imtina edirəm. - Təbiətcə sakit deyilsiniz ki? - Qətiyyən. Sakit bir insan deyiləm. Nə əhvalım, nə də özüm bir yerdə qərar tuta bilmirik. - Deməli, pozitiv insansınız... - Bəli, ölkənin ən dinlənilən, əyləncəli səhər efirinin aparıcısıyamsa, deməli, bir az pozitivəm (gülür). - Subaysınız? - Bəli... - Neçə yaşınızda ail qurmağı planlaşdırırsınız? - Ailə qurmaq üçün konkret bir yaş nəzərdə tutmamışam. Həyatımın insanını nə vaxt tapsam, onda da ailə quracağam. - Siz də “ağ atlı oğlan”ı gözləyənlərdənsiniz? - Gözləmirəm, çünki gözləyəndə gəlmir (gülür). - Özünüzü başqa sahədə sınamaq istərdiniz? - Radioda sınamaq istədim və alındı. Yazarlıq da məndə pis alınmır deyə düşündüm və kitablar yazmağa başladım. Yeri gəlmişkən, ilk kitabım tezliklə satışda olacaq. Gələcəkdə musiqi və rəssamlıq sahəsində də özümü sınamağı düşünürəm. Adını çəkdiyim bu sahələrə də bağlılığımı hiss edirəm. - Xeyirli olsun... Gənc bir aktrisa kimi nə deyə bilərsiniz, indiki gənc aktrisaların çoxunun açıq-saçıq səhnələrdən imtina etməsi nə dərəcədə doğrudur? - Çox normal baxıram. Dünyanın ən məşhur və ən istedadlı aktrisalarının da özlərinə görə şərtləri və kaprizləri var. Özünə və işinə hörmət edən insan “qayda”larını da yarada bilməlidir. - Siz özünüz belə səhnələrə çəkilərsiniz? - Yaxın gələcəkdə düşünmürəm. - Bəs uzaq gələcəkdə necə?.. - Uzaq gəlcəyin planlarını yaxın gələcək göstərəcək (gülür). İstedadı intim səhnələr göstərmir, aktyorun oyun tərzi göstərir. - Bir aktyoru səhnədən nə uzaqlaşdıra bilər? - Keyfiyyətsiz və ucuz layihələr insanı sevdiyi işdən iyrəndirə bilər. - Sizin sənətdən iyrəndiyiniz hallar olub? - Əlbəttə, olub... - Nədən iyrənmişdiniz ki? - Bir-bir sadalamaq istəməzdim, amma hər komandada çatışmayan nəsə olur mütləq. - Amma buna baxmayaraq, sənətdən ayrıla bilməmisiniz, düzdür? - Tələb və şərtlərimi qoymuşam. Hətta bir müddət serial çəkilişlərinə də ara vemişəm buna görə. - Sizi bu sənətə bağlayan nədir? - Bu ölkədə rəqib tanımayan mimikalarımı tarixin kino lentlərinə həkk etdirmək (gülür). Geri qayıt |