Əsas Səhifə > Şou-biznes > "Elxan rəhmətə gedəndən sonra mənə elçi düşənlər çox oldu, amma..."
"Elxan rəhmətə gedəndən sonra mənə elçi düşənlər çox oldu, amma..."6-04-2015, 08:52 |
DİA.AZ müğənni İlahə Fədanın Milli.Az-a müsahibəsini təqdim edir: - İlahə xanım, sənətinizdə çox böyük bir durğunluq əmələ gəlib... Bu nə ilə əlaqədardır? - Deməzdim ki, bu, böyük durğunluqdur. Sənətimdə hər bir şey öz axarı ilə gedir. Efirlərdə çox görünmürəm, sadəcə dəvət olunan yerə gedirəm. İndi əsl musiqiyə qulaq asanlar elə bil ki, azalıb. Bəstəkar Cavanşir Quliyevlə 2 mahnı üzərində işlədik, artıq hazırdır. Çox gözəl bir proyektim var, demirəm ki, sehri qaçmasın. İnşallah, bayramdan sonra yeni işlərlə partlayış edəcəyəm. - Sizi həmişə eyni saç düzümündə görmüşük... Kənardan baxanlara bu saç düzümü bir az özünə baxımsızlıq kimi görünə bilər.. İlahə xanım necə fikirləşir? - Məni yaxından tanıyanlar bilirlər ki, mən gözəllik salonuna nadir hallarda gedirəm. Saçımı yuyuram, necə qalırsa, eləcə də efirə gəlirəm. Məncə, məni belə də bəyənirlər. Bəyənmirsiz ki siz? - Bəyənirik... Hətta deyərdim ki, bu saç düzümü ilə Alla Puqaçovaya da bənzədirəm sizi... - Alla Puqaçova kimdir ki? Zeynəb Xanlarovaya bənzəyirəm (gülür). Zeynəb xanımı mən çox sevirəm, o, bizim musiqi dünyamızın ən böyük xəzinəsidir. - Həyatınız yarımçıq qaldı...Buna təəssüflənmirsiniz? - Həyat çox gözəldir. Həyatımda baş verən və verəcək heç bir hadisəyə təəssüflənmirəm. Təklikdən darıxmıram da, darıxmağa vaxt da yoxdur. Faciəni də, sevinci də, kədəri də olduğu kimi qəbul etmək lazımdır. Pisi yaşayırıqsa, yaxşını da yaşamalıyıq. - Başınıza gələn hadisələrə görə heç Allaha üsyan etmisinizmi? - Cahil vaxtlarımda Allaha çox üsyan etmişəm. Həmişə peşmançılıqlarım olub. Demişəm ki, niyə məhz mənim başıma gəlib bu hadisələr? Mən 4 dəfə yetim qalmışam. Birinci dəfə atam bizi atıb getdi, sonra anamı ərə verdilər bizi nənəm saxladı. Qumru nənəm rəhmətə gedəndən sonra isə ümumiyyətlə, yetimçiliyin nə olduğunu bildim. 4-cü dəfə isə sevdiyim oğlan, Elxanın rəhmətə getməsi ilə bütün həyatım alt-üst oldu. Qurban olum Allaha, onu məndən çox cavan aldı. - 14 il ərzində övladınızın olmamasının günahkarı siz oldunuz, yoxsa sevdiyiniz şəxs? - O, çox istəyirdi övladımız olsun. Sadəcə, mən istəmirdim, çünki özümü hazır hiss etmirdim. Həmişə qorxularım olub. Çünki uşaqlıqda atasızlığın nə olduğunu dərk etmişəm. Qorxurdum ki, uşağım olar, birdən xəstələnər, yaxud başına bir iş gələr. - Amma sevginizə sadiq qaldınız... - Elxan rəhmətə gedəndən sonra mənə elçi düşənlər çox oldu, amma sevgimə sadiq qaldım. İndi ailələr 14 il bir yerdə olmur, o ki qalsın insan sevgilisi ilə 14 il yaşaya... Biz çox mehriban idik, düzdür, arada söz-söhbətlərimiz olurdu. Bu da mənim günahım ucbatından olurdu... - Analıq sevginizi, yəqin ki, bacınız uşaqlarına göstərirsiz... - Özlərindən çox mən onlara analıq edirəm. Öz uşağım olmadığına görə peşman deyiləm. Sevinirəm ki, nə yaxşı ki, yoxdur. Azdan-çoxdan evim-eşiyim var, özümə görə olmasa da, mülkümə görə bacım uşaqlarından biri mənə baxacaq (gülür). - Küsülü olduğunuz sənətçilər varmı? - Siz bilirsiniz ki, mən həmişə qalmaqallardan uzaq durmuşam. Küsülü olduğum sənətçi yoxdur, amma xoşuma gəlməyənlər var. - Kimlərdir onlar? - Müğənnilərin 90 faizindən xoşum gəlmir. Oxuya bilmirlər axı, ona görə. Amma çıxıb sənətdən danışırlar, mən də əsəbləşirəm. Mən sənətimi sevirəm, ona heç vaxt xəyanət etmərəm. Təkcə "Gedəcəyəm" mahnıma görə toyda mənə 15 min azn ödəyiblər. - Fədayə xanıma daha çox nəyi irad tutursuz? - Bacım olduğu üçün demirəm, o, çox böyük sənətkardır. Kimdə var, Fədayədə olan səs? Daha çox geyiminin üstündə mübahisələrimiz düşür. Geri qayıt |