Əsas Səhifə > Şou-biznes > Teleaparıcı Nigar Sabirqızı: "Onları normal insan kimi qəbul etmirəm..."

Teleaparıcı Nigar Sabirqızı: "Onları normal insan kimi qəbul etmirəm..."


7-04-2015, 08:49
Teleaparıcı Nigar Sabirqızı: "Onları normal insan kimi qəbul etmirəm..."
DİA.AZ teleaparıcı Nigar Sabirqızının Milli.Az-a müsahibəsini təqdim edir:

- Nigar xanım, artıq bir neçə ildir ki, xəbər aparıcısısınız. Ampluanızı dəyişmək fikriniz yoxdur?

- Bəli, artıq bir neçə ildir ki, xəbər aparıcısıyam və bundan çox məmnunam. Çünki xəbər aparıcısı olmaq bir fərqlilikdir. Xəbər aparıcısı olmaq diqqət, məsuliyyət, birbaşa xəbərin içində olmağı və təbii ki, bu işi sevməyi tələb edir. Mən bu işi sevdiyim üçün xəbər aparıcılığını seçmişəm. Hələ ki, ampluamı dəyişmək fikrim yoxdur. Nə vaxt hiss etsəm ki, artıq “xəbərlər”də mənə ehtiyac yoxdur, o zaman ampluamı dəyişmək barədə düşünərəm.

- Xəbər aparmağın çətinliyi nədədir?

- Əslində, hər işin öz çətinliyi var. Bayaq da dediyim ki, xəbər aparmaq ikiqat diqqət və məsuliyyət tələb edir. Düşünmürəm ki, hər ekrana çıxıb üzündən xəbər oxuyan aparıcıdır. Bir çoxları aparıcı olmaq istəyirlər. Zənn edirlər ki, bu iş sadəcə “üzündən oxumaq”dan ibarətdir. Amma bu işin məsuliyyətini dərk etmək lazımdır. Əgər sən efirə çıxanda bu məsuliyyəti və həyəcanı hiss etmirsənsə, deməli, bu işə biganə yanaşırsan. Neçə ildir xəbər aparmağıma baxmayaraq, mən hər dəfə efirə çıxanda həyəcan hiss edirəm. Bu da məsuliyyətdən irəli gəlir.

- Efir zamanı diliniz dolaşıbmı? Dolaşıbsa, həmin an nə etmisiniz?

- Təbii ki, dilimin dolaşdığı anlar olur. Bu, normal haldır. Dilim dolaşdığı anda sadəcə gülümsəyərək ötüşdürmüşəm. Buna illərin təcrübəsi deyək (gülür).

- Qapınızda tezliklə toy çalınacaq, yoxsa hələ gözləyirsiniz?

- Şəxsi həyatımla bağlı danışmağı heç sevmirəm. Bu mənim həyatımdırsa, sadəcə məni maraqlandırmalı olduğunu düşünürəm. Ancaq sualınıza qısaca cavab verə bilərəm - hələ ki, subayam.

- Yorğunluğunuzu nə ilə çıxardırsınız?

- Yorğunluğumu kitab oxumaq, musiqi dinləmək və yatmaqla çıxardıram. İşdən fürsət tapan kimi isə bölgələrimizə üz tuturam. Gəzməyi və təbiəti seyr etməyi çox sevirəm. Bu, mənim ruhumu dincəldir.

- İçinizdən nəyə “yox” demək gəlir?

- İçimdən danışılan yalanlara, riyakarlıqlara, haqsızlıqlara “yox” demək gəlir. Özümə gəldikdə isə, “yox” demək istədiyim elə bir şey yoxdur. Çünki lazım olan məqamda özümə qadağa qoya bilirəm.

- Yaddaşınızı təzələmək istərdiniz?

- Əslində, hər yaşanan gündən sonra insanın yaddaşı yenilənir. Hər gün nəsə yeni bir şey barədə düşünməyə başlayırsan. Amma məncə, hər insanın həyatında elə anlar var ki, onları yaddaşından silmək istəyər.

- Sözünüz keçir?

- Bəli, lazımi məqamlarda keçir.

- Heç tələsib təndirə düşdüyünüz məqamlar olub?

- Mən, ümumiyyətlə, çox səbirsiz insanam. Bu mənim mənfi xüsusiyyətlərimdən biridir. Amma təndirə düşəcək qədər tələsik nəsə etməmişəm (gülür).

- Əyləncəli veriliş apara bilərsiniz? Sizcə, alınar?

- Əyləncəli veriliş aparmaq barədə heç bir zaman düşünməmişəm. Yəqin ki, alınmaz. Məncə, xəbər aparıcısının əyləncəli veriliş aparması qeyri-ciddi addım olar. Mən insanların yaddaşında olduğum kimi, ciddi bir insan kimi qalmaq istəyirəm.

- Həyatı daha da rəngarəng etmək üçün nə lazımdır?

- Həyatı rəngarəng etmək üçün bir çox nüanslar var. Əvvəla, insanlar bir-birinin həyatını mühakimə etməkdənsə, öz həyatları barədə düşünsələr, həyatın nə qədər gözəl olduğunu görərlər. Sevdiyimiz insanlarla zaman keçirmək, sevdiyimiz işlə məğul olmaq, arzuladığımız yerləri gəzmək həyatımızı daha da rəngarəng etmiş olar.

- Xəbər aparıcılarından bu vaxta qədər bostanınızı daşlayan olub?

- Xeyr, heç bir həmkarımdan bu günə qədər özümə qarşı xoşagəlməz bir hərəkət görməmişəm.

- Ürək ağrısı ilə çatdırdığınız xəbər hansı olub?

- Təəssüf ki, bizim işimizin çətinliklərindən biri də bəzən kədərli və ya faciəli xəbərləri də təqdim etməkdir. Daha çox isə şəhid xəbərlərini ürək ağrısı ilə çatdırıram. Bunları çatdırmaq çox çətin olur. Arzu edirəm ki, tamaşaçılara həmişə qələbə ruhlu xəbərlər təqdim edək.

- Nələrə və ya kimlərə reaksiya vermirsiniz?

- Dedi-qodu ilə məşğul olan insanlara reaksiya vermirəm. Çünki onları normal insan kimi qəbul etmirəm. Düşünürəm ki, kimsə arxamca danışırsa, bu onun mənim kimi olmaq istəyib, amma ola bilməməsindən irəli gəlir.

- Demək istədiyiniz, ancaq deyə bilmədiyiniz nəsə var?

- Yəqin ki, var... İnşallah, zamanı gələndə deyərəm. Tamaşaçılara isə onlara xidmət göstərməkdən məmnun olduğumu deyərək, müsahibəni də xəbərlərin sonunda hər zaman söylədiyim bir cümlə ilə bitirmək istəyirəm – “Bizi izlədiyiniz üçün təşəkkür edirəm”!

Geri qayıt