Əsas Səhifə > Şou-biznes > Teleaparıcı Şəhla Hüseynova: "Qayınanam olmasa idi, çoxdan boşanmışdım..."
Teleaparıcı Şəhla Hüseynova: "Qayınanam olmasa idi, çoxdan boşanmışdım..."8-04-2015, 08:50 |
DİA.AZ teleaparıcı Şəhla Hüseynovanın Milli.Az-a müsahibəsini təqdim edir: - Şəhla xanım, uşaqlığınızı necə xatırlayırsınız? - Sözün düzü, xatırlamaqla bitmir, çünki mən hələ də uşağam. Böyüməmişəm ki... (gülür). - Bir zamanlar Çiçəyin səsi çoxlarının qulağına xoş gəlirdi, qəlblərə yağ kimi yayılırdı... O səsə qulaqlar çox alışmışdı... Amma nədənsə bir sükut, bir durğunluq oldu bir ara. Səbəb nə idi? - Həmin ərəfədə mən radiodan uzaqlaşmışdım. Başım ailəmə qarışmışdı. Həm də ailə qurandan sonra işləməyəciyimə dair söz vermişdim yoldaşıma. - Niyə söz vermişdiniz? İşləməyinizin əleyhinə idi? - Həyat yoldaşım çox qısqanc insandır. İşləməyimi istəmirdi. Onu incitməmək üçün, narahat olmaması üçün mən də işdən uzaqlaşmağa qərar vermişdim. Biz tanış olanda heç o, mənim radioda işlədiymi bilmirdi. - Doğurdan?! Maraqlıdır, bəs biləndə reaksiyası necə oldu? - Həyat yoldaşım məni avtomobildə görüb. Sonra haqqımda maraqlanmağa başlayıb. Arayıb-araşdırıb. Biz danışdığımız ərəfədə mən dəfələrlə ondan soruşurdum ki, radioda hansı aparıcını dinləyirsən? Deyirdi ki, Çiçəyə qulaq asıram. Soruşurdum ki, necə insandır, barəsində nə eşitmisən? Hər dəfə deyirdi ki, barəsində yaxşı danışırlar. Bir dəfə dedim ki, axı Çiçəyin haqqında yaxşı danışmırlar... Dedi ki, onun haqqına girmə, pis qız yoxdu, pis oğlan var. Bu sözdən sonra mən ona vuruldum. Ailə qurmağa qərar verdim. - Bu, sizin ilk sevginiz idi? - Xeyr, ondan qabaq sevmişdim, amma alınmamışdı. Mən qədərə, qismətə çox inanan insanam. Yəqin ki, xeyirlisi belə imiş. - Yaşadığınız o sevgi qarşılıqlı idi? - Xeyr, bəlkə də onun xəbəri yox idi. Platonik bir sevgi idi desək, daha doğru olar. - Artıq neçə ildir ki, ailəlisiniz? - Səkkiz ilə yaxındır. - Səhv etmirəmsə, bir övladınız var... - Bəli, bir oğlum var. - Adı nədir? - Onu iki adla çağırırıq - Məhəmməd və Vəqqas. Məhəmməd adını peyğəmbərimizin adından götürmüşük, Vəqqas adını isə dünyaca məşhur olan bir insan bizə məsləhət görüb. Amma o şəxsin ismini açıqlamaq istəmirəm. Onu da deyim ki, Vəqqas Məhməmməd peyğəmbərin ən sevimli sahabələrindən biri olub. - Allah saxlasın... Diqqətimi çəkən başqa bir məqam var. Həyat yoldaşınızın çox qısqanc olduğunu deyirsiniz. Belə hədsiz qısqanclıq sizi yormur? - Əvvəl çox bezirdim, yorulurdum. İndi isə alışmışam. Normal qəbul edirəm. Sözün düzü, ilk öncə elə bilirdim, bu, mənə qarşı olan inamsızlıqdır, amma sonra gördüm ki, onun sevgisindən irəli gəlir. Bir ara aramızda tez-tez mübahisələr olurdu. Hətta dəfələrlə boşanmaq istəmişəm. Qayınanam olmasa idi, çoxdan boşanmışdım. Bizim mübahisələrimiz zamanı o, həmişə araya girib, hətta mənə görə öz oğluna əl də qaldırıb. Deyib ki, bu qıza güldən ağır söz deməyəcəksən. O, mənim üçün qayınana deyil, sözün əsl mənasında, anadır. Amma mən yaxşı gəlin deyiləm. - Niyə belə düşünürsünüz? - Çünki onun haqqını lazımınca verə bilmirəm. Ona qulluq edə bilmirəm. - Bəs efirə qayıtmağınız necə oldu? - Gördüm ki, artıq qala bilmirəm. İşimi çox sevirəm. Onsuz xoşbəxt ola bilmirəm. Həyat yoldaşım da bunu görürdü. Bir gün mənə dedi ki, mən sənin xoşbəxtliyin üçün çalışıramsa, işləməyinə də izn verməliyəm. Beləliklə, yenidən efirə qayıtdım. - Amma simanız görünməyəndə daha da maraqlı idiniz tamaşaçılara... Necə düşünürsünüz? - Əlbəttə, onda radio proqramları da az idi, seçilmək, fərqlənmək olurdu. Dinləyici kütləsi də çox idi. Əslində, radio aparıcısı üzünü tamaşaçıya göstərməməlidir. Nə qədər gizli qalsa, bir o qədər də maraqlı olur. Ancaq efirə çıxmağın vaxtı yetişmişdi. Şükürlər olsun ki, indi də tamaşaçı kütləm az deyil. Hələ maraqdan düşməmişəm (gülür). - Bəs sizin üçün maraqdan düşən nədir? - Elə bir şey yoxdur. Həyat gözədir. Onu maraqlı və rəngarəng etmək də bizim öz əlimizdədir. - Geyim tərzinizi necə müəyyənləşdirirsiniz? Açıq libaslardan, qısa ətəklərdən istifadə edirsiniz? - Bəli, bu barədə kompleksim yoxdur, nə də ki, heç bir qadağa qoyulmayıb. Əgər yaraşırsa, istədiyim geyimi geyinirəm. - Hansı məqamlarda susursunuz? - Qeybət olanda susuram. Yanımda qeybət edənləri də yanımdan uzaqlaşdırıram, ya da həmin yeri özüm tərk edirəm. - Amma sizin də arxanızca çox danışırlar. Yəqin ki, gəlib qulağınıza çatır. - Bəli, eşidirəm. Ən çox da boşandığımı iddia edirlər (gülür). Amma indi mənim üçün heç nə maraqlı deyil. Reaksiya vermirəm. Əksinə, onlar qeybət etdikcə mən sevinirəm. Mənim günahlarımı yuyurlar (gülür). - Əliniz nəyə öyrəşib? - Əlim işimlə əlaqədar olaraq kompüterin düymələrinə, pulta, qulaqcığa və s. öyrəşib (gülür). - Dünyanı bir quyu təsəvvür edək... Siz o qoyudan ipi dartdıqca nə çıxır? - Heç nə... Boşluq... Dünyada nə varsa, dünyada qalacaq. Nə qədər sərvət çıxsa da, faydası yoxdur... - Nəticə etibarı ilə nə demək istəyirsiniz? - Onu demək istəyirəm ki, dünya fanidir. Dünya malına görə heyfslənmək olmaz. İnsan heç nəyi özünə dərd etməməlidir. O biri dünyanı fikirləşmək lazımdır. Çünki heç kim özü ilə heç nə aparmayacaq. Bizə qalan yalnız və yalnız yaxşı əməllər olacaq. Ən əsası da yaradılanı Yaradana görə sevək... Geri qayıt |