Əsas Səhifə > Şou-biznes > Ermənilərin Bakıdakı konserti ləğv edildi

Ermənilərin Bakıdakı konserti ləğv edildi


10-04-2015, 10:11
Ermənilərin Bakıdakı konserti ləğv edildi
Rusiyanın erməni əsilli şəxslər tərəfindən yaradılmış və idarə olunan Comedy Club Production şirkətinin “Comedy Woman” truppasının mayın 23-də Bakıda keçirilməsi nəzərdə tutulan konserti ləğv edilib.

Hazırda Facebook sosial şəbəkəsində konsertə həsr olunmuş xüsusi səhifə işləmir.

Təşkilatçı qismində çıxış edən 33 Event şirkəti isə “Comedy Woman”-ın Bakı konsertinə aid bütün afişaları öz Facebook səhifəsindən yığışdırıb.

Bundan başqa, bir müddət əvvəl həmin konsertə bilet satan saytlara daxil olarkən, həmin səhifə açılmır və saytın əsas səhifəsinə qayıdır.

Məsələ ilə bağlı əlaqə saxladığımız digər mənbələr də konsertin ləğv olunduğunu təsdiqlədilər.

Qeyd edək ki, erməni truppası “Comedy Woman”-ın Bakı konsertinin keçirilməsinə Oxu.Az vasitəsilə “Planeta Parni iz Baku” teatrının rəhbəri Tahir İmanov etiraz etmişdi.

T.İmanov bildirmişdi ki, “Comedy Woman” erməni layihəsidir, ona ermənilər rəhbərlik edir.

“Mən artıq bildirdim ki, onlar ermənidirlər və burada artıq məntiqlə düşünmək lazımdır. Sadə məntiq budur: burada pullar qazanılır, sonra Ermənistana göndərilir, bu pullara isə azərbaycanlı əsgərlərə atılacaq güllələr alınacaq. Xaricdə pul qazanan hər bir erməni istədi-istəmədi vətənə pul göndərir.

Bizim 20% torpağımız elə həmin ermənilər tərəfindən işğal edilib. Niyə hamı susur? Hamı haradadır?

Mən başa düşə bilmirəm niyə insanlar bu konsertlərə bilet alırlar? Onlar nə vaxt ayılacaqlar? Bizdə əsl müharibə gedir”, - Tahir İmanov deyir.

Öz növbəmizdə qeyd edək ki, “Comedy Woman”ın rəhbəri olan Nataliya Yeprikyan “Comedy Club Production”ın qrupuna daxildir.

Rusiyanın “Comedy Club”u 2003-cü ildə yaradılıb, bura Artur Canibekyan, Artak Qasparyan, Artur Tumasyan, Artaşes Sarkisyan, Qarik Martirosyan və bir çox başqalarının oynadığı “Noviye Armyane” ŞHK komandası daxildir...
Oxu.az

Geri qayıt