Əsas Səhifə > Şou-biznes > “100 kağız” filminin rejissoru: “İşimdən tam razı deyiləm”
“100 kağız” filminin rejissoru: “İşimdən tam razı deyiləm”11-04-2015, 09:55 |
Kulis ekranlara yeni çıxan “100 kağız” filminin rejissoru Şahin Zəkizadə ilə müsahibəni təqdim edir. - Siz klip, reklam, serial sahəsində işləmisiz. Burda istifadə olunan iş metodları, estetika fərqlidir. Bu, sizə film çəkəndə mane oldu? - İllər boyu işlədiyim reklamlar bizim səriştəmizi, artırıb. Və mənə imkan yaratdı ki, qısa müddətdə filmi ərsəyə gətirim. Bizdə filmin istehsalında rejim bir az fərqlidir. Amma reklam sahəsində rejim daha ciddidir. Çünki qısa bir zamanda sən sifarişçiyə iş təqdim eləməlisən, keyfiyyətində heç bir qüsur olmadan onu təhvil verməlisən. Bu baxımdan neçə ilin səriştəsi mənə imkan yaratdı ki, filmi 4 aya çəkim. Sonra postprodakşn, montaj, səs yazma, dublyaj... - Dünən telefonla danışanda dediniz ki, filminizin pis tərəflərini bilirsiz. Deyə bilərsiz hansılardır? - “100 kağız” janrına görə komediyadır. Ona görə zala gələn tamaşaçı ard-arda gülüş dalğası gözləyir. Amma tamaşaçı da bunu bilməlidir ki, teatr, KVN səhnəsindən filmin fərqi ondadır ki, insanı həm də düşündürməlisən, yalnız güldürməməlisən. Dünya formatında çəkilən komediyalarda bu var. Mister Bindən başqa. Mister Binə uyğun filmlər bizdə də var. Amma bizim filmdə bir az da faciə xətti olduğuna görə düşündürücü nüanslar yer alıb. O ki qaldı qüsurlara, müəyyən aktyor oyununda var. Amma bu o demək deyil ki, aktyorlarla işləməmişik. Texniki qüsurlar da var. Bu, mənim birinci filmimdir. Bu sektorda maliyyə baxımından müstəqil filmlər iki ildir ki, çəkilməyə başlayıb. İki ildə rejissor quruluşuna, aktyor oyununa, filmin keyfiyyətinə görə Hollivud səviyyəsini gözləmək qeyri-mümkündür. Birinci, bizdə kinoya o qədər vəsait buraxılmır. Ssenari çox gözəl ola bilər. Amma lazımi maliyyə olmayanda yaxşı ssenaridən yaxşı film ərsəyə gətirmək olmaz. - Niyə bizim rejissorlar daim Hollivudla müqayisə aparırlar. Hollivudda keyfiyyətsiz filmlər də çox çəkilir. Müstəqil Amerika kinosu, az büdcə ilə çəkən rejissorlarla müqayisə yoxdur. Kristofer Nolan ilk tammetrajlı filmini 6 minə çəkmişdi. - Mən onun 7 minə çəkdiyi sənədli qısametrajlı filmə baxmışam. Məsələn, “Kriminal qiraət” filmi az büdcə ilə çəkilib, yaxşı gəlir gətirib. Amma baxaq onlar nəyə az deyir, biz nəyə az deyirik. Onlar 300 minə az büdcəli deyir. Halbuki bizdə 300 minə bədii film çəkilir. Sovet dövründə Cəfər Cabbarlı adın “Azərbaycanfilm” kinostudiyasında ardıcıl film istehsal olunurdu. O dövrdə müəyyən plan vardı ki, onu yerinə yetirirdilər. Ona görə insanlar nə qədər işləyirsə o qədər peşəkarlaşırdı. Amma uzun müddət durğunluq yaşandı kinoda. İndi-indi başlayıb dirçəlməyə. Sizin xoşunuza gəlməsə də “Cavad xan”, “Hökmdarın taleyi”, “Mən evə qayıdıram” kino olmayan yerdə yaxşı filmlərdir. Hər şeyi tənqid eləmək olar. Tənqid çox asandır. - Amma biz, məsələn, “Nabat”, “Axınla aşağı” filmlərini tənqid eləməmişdik. Əksinə, dünyaya çıxacaq çox normal, yaxşı filmlərdir. - Biz məsələn futbola baxıb çox oyunçuları tənqid edirik. Amma 60 minlik stadionda bir topu oynat görüm necə oynadırsan. Oyunun içində olmaq lazımdır. İçində olanda bilirsən ki, burda nə proses gedir. Dünya standartlarından danışırıqsa, Bollivud da var, Rusiya da, Türkiyə də. Onlarda inkişaf gedəndə biz durğunluq yaşayırdıq. Mən serial da çəkmişəm: “Həkimlər”. Seriallar da 3-4 ildir ki, başlayıb. Onlar serialları artıq bədii film kimi çəkirlər. Türkiyədən danışıram. Bizim aktyorlar teatr səhnəsindən gəlib. Teatr səhnəsi istəsə də, istəməsə də pafos tələb edir. Kamera isə böyüdücü şüşədir. Bir balaca gülürsən yekə gülüş çıxır. “Həkimlər”i çəkəndə əziyyət çəkmirdim, çalışırdım ki, onlardan teatrallığı uzaqlaşdırım. Bu da ki, ya alınır, ya alınmırdı. Bizim bədii filmdə də müəyyən aktyorlarda bu, qalıb. - Çəkilən bütün komediyaların üslubu eynidir: klip estetikası, sürətli montaj, bol musiqi... Sizin filmdə də var. - Mən heç inkar da eləmirəm. Müasir tamaşaçının gözü artıq belə estetikaya öyrəşib. Xaricdə də belə filmlər çəkilir. Bu, normaldır. Klip estetikasının özü də kinodan gəlib. Pərviz Məmmədrzayevin oynadığı mollanın simasının dəyişdiyi səhnə var filmdə. Mən özüm dinlə bağlı insanam, amma, din xadimi olsa da, ikiüzlü insanları sevmirəm. Onun situasiyaya uyğun olaraq molla paltarını dəyişməsi öz maskasını cırmasıdır. Mən onu ney, tütək səsi ilə eləyə bilməzdim. Janrın tələbatına görə ona istər-istəməz klip estetikasına görə müraciət etməliydim. Dinamik şəkildə çatdırmalıydı ki, tamaşaçıya daha tez çatsın. Polis saxlayanda “Bismillah” deməsi ona xidmət edirdi ki, iç üzü açılsın. Montaj janra və vəziyyətə xidmət eləməlidir. Bizim filmdə də süjetə xidmət edir. - Bir neçə yerdə sürətləndirilmiş kadrlar vardı ki, mənə elə gəldi asan yola qaçmısız. - Mən asan yola qaçmamışam. Qətiyyən. Tempo ritm, kadrdaxili dinamika deyilən şeylər var. Orda bir neçə yerdə dediyiniz səhnələr vardı. Birində Brilliant Dadaşovanın, birində Çarli Çaplinin musiqisindən istifadə elədik. Klassik filmlərə dəyər verən insanam. O kadrlarda dialoq vardı. Amma daha maraqlı sürətli versiyası idi. Çox dialoq olmasın deyə onu vermədik, görüntü ilə verdik. - Filmdə dram, faciə elementləri də vardı... - Tamaşaçı sırf komediya kimi qəbul edir və gözləyir ki, məni niyə güldürmürlər. “Ulduz” filminə baxanda daim gülmür axı. Bizim tamaşaçı öyrəşib pafoslu yumora, göbəkdən aşağı yumora. Bizim filmdə də elə nüanslar vardı, amma dərin deyildi. - Yeni çəkilən komediyalarda homoseksual obrazının, yaxud onlara eyham edən nələrinsə olması ənənə halını alıb. Sizdə homoseksual obrazının olması hansı ehtiyacdan doğdu? - Biz orda heç kəsi təhqir eləməmişik, çalışmışıq ki, situasiyanın özü gülməli olsun. Obrazın özü gülməli olsun. Mənə elə gəlir ki, bu, alınıb. Sizlə bir şeydə razıyam ki, bizdə filmlərdə də, KVN səhnəsində də o var. Biz Azərbaycanda yaşayırıq. Və eyni baxış bundan irəli gəlir, yəni başqa cür necə göstərmək olar. Biz orda onu təhqiramiz göstərməmişik. Necə ki, başqaları göstərir. Əksinə istədik gülüş doğursun. Mən onları təbliğ edən film çəkmərəm. Ümumiyyətlə, düşünürəm ki, hər filmin mesajı olmalıdır. Necə ki, bu filmdə var. Bir epizodda bunu vermişəm. - “Bomj”la bağlı, yoxsa Roza Zərgərli ilə bağlı səhnədə? - “Bomj”un Şekspirdən dediyi monoloq. “Bomj” görürüksə, o demək deyil ki, savadı yoxdur. Sadəcə onları həyat bura gətirib çıxarıb. Belə insan tanıyırdım. Məhəlləmizdə tikilinin altında yaşayırdı. Mən şokdaydım ki, insan haradan-hara gələ bilər. Onun danışığını sübut edən fotoları vardı. Özü ilə gəzdirirdi. Hər sözünün təsdiqi vardı. Brilliant zavodunun direktoru olub. Sonra müflisləşib. Əynində bir şalvarı vardı, iki tərəfdən sökük idi. Sual verirdim ki, daxili gücün yoxdur, qalxasan yenidən. Deyirdi, istəmirəm. Belə yaxşıdır. İmkanların olanda ölmək istəyirdim, amma indi yaşamaq istəyirəm. - “100 kağız” iki saata yaxındır. Çəkilən komediyaların hamısının həcmi bu qədərdir. Lakonik ola bilərdi ki, tamaşaçı yorulmasın. - Material üç saata yaxın idi. Montajda kəsib dinamik elədik. Daha dinamik ola bilərdi. Mən o həcmdə gördüm və elə təqdim elədim. Yeri gəlmişkən, müəyyən məbləği sponsorlar verib. Prodüserlik edən adamlar da vardı: Tahir Tahiri və Seymur Səfərov. Yaxın dostlarımdı. Onlar filmin yaranmasında dəstək oldular. Bizim ikinci filmimiz də var. Dövlət sifariş verib. “Əhməd hardadır” filminin remeyki. Sadəcə, olaraq məkan, zaman anlamında dəyişikliklər olacaq. - Aktyorlardan razı qaldınız? - Aktyorlar özləri özlərini kəşf elədilər. Ən çox özünü kəşf edən Elnur Kərimov oldu. - Homoseksual rolunu Elnurun oynaması mənim üçün də gəzlənilməz oldu. Rahatlıqla razılaşdı? - Yox. Hər aktyor o yükü öz üzərinə götürə bilməz. Yəni ki, razılığa getməz, cəmiyyətin reaksiyalarına görə. Dəfələrlə izah elədim, danışdıq və Elnur razılığa gəldi. Çoxuna elə gəlir ki, mənim tanışım olduğuna görə aktyorlar rahat razılıq veriblər. Dilarə xanımla “Soy” kompaniyası yaranandan bir yerdə işləmişik. Bəhram Bağırzadə ilə neçə illərdir tanışıq. Dostum ola bilərlər, amma özlərinə xələl gətirəcək şeyə görə razılıq verməzlər. Qurban İsmayılov kadra girəndə artıq, bu, kinodur. Bəhramın xarizması var. Bizim filmdə onun xarizması parlaq ifadə olunub. O, daha çox kino adamıdır. Dilarə xanım falçı obrazında oynamamışdı indiyədək. Özü də çoxu onu tanımadı... Saçı, makiyajı... Öz işimi tərifləmək istəmirəm. Özünü tərifləyəndə inkişaf dayanır. Öz işimdən razı deyiləm tamamilə. Birinci filmimizdir. Müəyyən hissələr kimisə qıcıqlandıra bilər, ya deyərlər ki, bu nədir. Vaxtilə “Bəxt üzüyü”, “Bəyin oğurlanması”nı qəbul etmirdilər. İllər keçdi anladılar. Dramaturji tərəfdən razıyam. Çünki son redaktə işlərini İlqar Fəhmi görüb. Müasir dövrümüzün çox savadlı yazarıdır. - Seanslara gedirsiz? - Biz Park Bulvarda bir seansa getdik ki, tamaşaçı harada gülür. Gələcək işlər üçün. Çox qəribə tamaşaçımız var. Ağlımıza gətirmədiyimiz yerlərdə gülürdü. Bir tamaşaçı vardı, hər detala gülürdü. Tamaşaçı diqqətlidir, peşəkarlaşır. Bəxtimizdən bizim filmlə eyni vaxtda “Forsaj” da nümayişə girir. Biz o boyda filmlə guya rəqabət aparmaq istəyirik. Nə dərəcədə alınacaq, bilmirəm. Bu da bir sınaqdır. Geri qayıt |