Əsas Səhifə > Şou-biznes > Tağı Əhmədovla Rəqsanənin "tans"ı...

Tağı Əhmədovla Rəqsanənin "tans"ı...


27-04-2015, 09:28
Tağı Əhmədovla Rəqsanənin "tans"ı...
dia-az.life Milli.Az-a istinadən jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan “Həftəbecər”i (26-cı say) təqdim edir.

Geridə qalan həftəni xeyir işlər həftəsi kimi də qəbul etmək olar. Rəmiş Gülüsüylə, Musa Təranəsiylə evləndi. Aşıq Samirə dedi ki, bir də ərə getməyəcək. Amma heç bilmirəm bunun harası xeyir iş oldu. Ondan sonra aparıcı Elgiz Əkbərin də toy xəbəri yayıldı. İlhamə Quliyeva Flora Kərimova ilə bağlı xoş sözlər dedi. Tağı Əhmədov Rəqsanəylə Məleykə Əsədovanın ad günündə “tans” elədi.

Görürsünüz necə gözəl xəbərlərimiz var?

Hə, lap yadımdan çıxmışdı. Müğənni Nazəninə də söz vermişdim ki, sualıma cavab versə, “Həftəbecər”də bu məsələyə yer ayıracağam. Öncə xatırladım ki, Nazənin dolayısıyla vətəndaş nikahında yaşayan xanımların özünə hörmət qoymadığını bildirmişdi.
Mən də belə bir sualla sənətçiyə müraciət etmişdim: “Nazənin xanım, sizcə, 3-4 uşağın dədəsini arvadından boşatdırıb, yaxud da heç boşatdırmayıb, onunla bir müddət yaşamaq, sonra rəsmi nikaha daxil olmaq necə, ayıb sayılırmı?”

Rəsmi cavab olmasa da, eşitdiyimə görə, bir az inciyib. Elə mən də incimişəm. Amma bir oxucumdan. Mənə Nazənin xanımın aparıcısı olduğu verilişdən foto göndərib ki, buna baxın, necə qısa geyinib. Guya gizli fotoymuş. Bu, Nazənin xanıma qarşı yox, həm də mənə qarşı təxribatdır. İstəyir ki, bizi düşmən eləsin. Cavab verdim ki, o foto haqda heç bir şərh verməyəcəyəm, yazının yanında yerləşdirərik, camaat özü baxıb fikrini bildirər.

Ən yaxşı halda məlumat üçün deyə bilərəm ki, Nazənin xanımın 51 yaşı var, 3 övladın anası, yanılmıramsa, iki nəvənin nənəsidir. Foto da gözünüzün qarşısında. Özünüz qiymət verin, məni işə salmayın.

Toylardan danışacaqdım, fikrim yayındı. Onu deyirdim axı, Rəmişlə Gülü də 37 ildən sonra özlərinə toy çaldırdılar. Allah xoşbəxt eləsin. Məsələnin maraqlı tərəfi, bilirsiniz, nədir? Onların evləndiyi “Mənə bir az ondan danış” verilişinin aparıcısı Nanə Ağamalıyeva 2-3 ildir efirdə yoxdur, hər dəfə də yeni layihə ilə efirə qayıdacağını vəd edirdi. Qayıtdı, amma yeni layihə ilə yox, “A-dan Z-yə” verilişinin eynisi ilə. Birbaşa plagiat deyə bilmərəm, amma hər iki verilişin strukturu, hətta sonda çağırılan gizli qonağa qədər eynidir. Əvvəlcə mənə elə gəlmişdi ki, “A-dan Z-yə” “Mənə bir az ondan danış”ın plagiatıdır. Ancaq azacıq araşdırmadan sonra məlum oldu ki, Zaur Nəbioğlunun aparıcısı olduğu verilişin çəkilişləri hələ bu ilin əvvəlindən başlayıbmış. Nə isə... Ancaq fikrimcə, nə ATV kimi reytinqli telekanalın, nə də Nanə kimi zamanında müəyyən qədər tanınmış, sevilmiş aparıcının belə “yeniliyə” ehtiyacı yox idi.

Məleykə Əsədova 48-ci yaş gününü yaxın çevrəsiylə qeyd edib. Hər halda şəxsən mənə bu məzmunda bir press-reliz göndərilmişdi. Sonra məlum oldu ki, mərasimdə Bakı Metropoliteninin keçmiş sədri Tağı Əhmədov da iştirak edib. Hətta müğənni Rəqsanəylə “medlenni” də oynayıb. Məclisdəkilərdən birinin mənə verdiyi məlumata görə, Tağı müəllim Rəqsanə ilə oynadığı məqamda başqa bir sənətçi xanım da ona yaxınlaşıb, rəqs etmək istədiyini bildirib. Tağı müəllim də bərk əsəbləşib və... Sizcə nə deyib? Deyib ki, əəə, bir-bir...

Həftənin ən böyük şou hadisəsi isə İrəvanda olub. Rusiya prezidenti Vladimir Putin (bizim dildə Cahangir Yolçuyev), Fransa prezidenti Fransua Olland, canım sizə desin, xristian dünyasının digər xodgedən liderləri yığışıblar Ermənistana, hərəsinin əlində də bir güllü dəsmal. Serj Sarkisyan mərsiyədən deyib, bunlar ağlayıblar, Serj deyib, bunlar hönkürüblər. Sonra gedib qondarma erməni soyqırımı abidəsinin qarşısında bir az ağlaşıblar. Axırda da dağılışıblar. Allah heç rəhmət eləməsin.

Bu həftəlik də bu qədər. Yazdığım sonuncu şou xəbərinə görə üzr istəyirəm.

Geri qayıt