Əsas Səhifə > Şou-biznes > Elza Seyidcahan: "Xəz geyinmək savabdı"

Elza Seyidcahan: "Xəz geyinmək savabdı"


21-07-2015, 09:41
Elza Seyidcahan: "Xəz geyinmək savabdı"
Kulisin “Yeməli söhbət” layihəsinin qonağı əməkdar artist Elza Seyidcahandır. Elza xanımla “Elmlər Akademiyası” metro stansiyasının çıxışı ilə üzbəüz olan “Künefe evi”ndə görüşdük. DİA.AZ həmin müsahibəni təqdim edir:



- Elza xanım, hansı yeməklərə üstünlük verirsiniz?

- Milli yeməklərimizi həddindən artıq sevirəm. Amma çox heyf ki, biz efirlərdə çox kök görünürük. Mən hazırda dietadayam. Anamın gözəl yeməklərini yeməyə vərdiş etmişik. Amma prinsipial xanım olduğum üçün özümü çox yeməkdən saxlayıram.

Tələbə vaxtları çox piyada gəzdiyimə görə belə kökəlmirdim. “28 may” metro stansiyasından çıxıb piyada konservatoriyaya gedirdim.

Xarici yeməkləri hazırlamağı sevirəm. Mənə həmişə deyirlər ki, əlinin duzu yaxşıdır. Evdə hazırladığım yeməkləri çox sevirlər. Əvvəllər anam bizimlə qalırdı. Oğlum mənə həmişə deyirdi ki, yeməyi sən bişir. Oğlumun belə deməsi anamı qısqandırırdı.

Biz müxtəlif ölkələrdə səfərdə oluruq. Məsələn, Türkiyədə toyuğun döş ətindən çox gözəl şirniyyat hazırlayırlar. Amma o şirniyyatı yeyəndə insan hiss etmir ki, bu toyuğun döş ətindəndir.



Türklərin “kumpiri”sini çox sevirəm. O yemək Bakıda olan türk restoranlarında da hazırlanır. Amma xarici mətbəx nə qədər zəngin olsa belə, Azərbaycan mətbəxinə çatmır. Xaricilər bizə deyir ki, sizin ətiniz çox dadlıdır.

Bəzən deyirlər, 11 iqlimin 9-u bizdədir. Amma belə eşitmişəm ki, əslində 11 iqlimin 11–də bizdədir. Hətta 12-ci iqlim var, o da bizdədir. Onun adını hələ açıqlamırlar.


- Dieta saxlayanda özünüzə hansı qadağalar qoyursunuz?

- Çalışıram, saat 6-dan sonra yemək yeməyim. Bundan əlavə, yağlı yemək və çörəkdən imtina eləmişəm. Bəzən dieta saxlayanda həyatın marağı olmur. Həyatda insana cansağlığı verilir və bu müddətdə insan yeməklərin dadına baxır. Amma müəyyən müddətdən sonra bəzi yeməkləri həkimlər qadağan edir. Ona görə, hər şeyin az da olsa dadına baxmaq lazımdır. İnsan gərək idmanla məşğul olsun. Mənim çatışmayan cəhətim ondan ibarətdir ki, müntəzəm idman eləmirəm.

- Siz fərqli layihələr edirsiniz. Öz gündəlik qida rasionunuza fərqli nə isə daxil etmisiniz?

- Bəli. Mən bizim televiziya kanallarının mətbəx verilişlərində fərqli yeməklər bişirmişəm. Həmin verilişlərdə hazırladığım yeməklər böyük müzakirələrə səbəb olub.

Azərbaycan televiziyasında aktyor Məbud Məhərrəmov mətbəx verilişi aparırdı. Həmin verilişdə mən İtalyan lazaniyası hazırladım. Bu yemək italyanların özəl yeməyidir. Bu yeməyin xəmiri xüsusi hazırlanır. Məxsusi ətdən içlik hazırlanır və holland pendiri vurulur.

Bir dəfə qəribə bir yemək bişirmişdim. Çiy yumurtanın başın qırıb için boşaldırsan. Mal ətinin suyuna kök, göyərti, pomidor doğrayıb boşaldırsan həmin yumurtanın içinə. Sonra həmin yumurtanı soyuducuya qoyursan. Həmin bu yemək çox dadlı olur.

- Siyəzən mətbəxinin spesifik yeməyi var?

- Göy qutabı. Bizim tərəflərdə həmin qutabı fərqli edirlər. Biz əslən Xızıdanıq. Xızının çox dadlı çörəyi var. Bundan əlavə bozbaş, süd çörəyi, səməni halvası bizim bölgədə çox dadlı hazırlanır. Səməni halvası sonsuzluğa qarşı çox effektlidir. Novruz Bayramı ərəfəsində Allah tərəfindən bizə lazım buyurulmuş qidaları almalıyıq. Amma indi səməni halvası az yeyildiyinə görə, sonsuzluq artıb.

- Heyvanların hüquqlarının qorunması üzrə müəyyən sosial aksiyalar keçirmisiz. Amma ət yeyirsiz. Bu nə dərəcədə doğrudur?

- Onda gərək biz təbii dəridən ayaqqabı geyinməyək, kamança, tar çalmayaq. Eramızdan əvvəl insanlar heyvanların dərisindən paltar tikirdi. Heyvan sümüklərindən kəsici alət kimi istifadə edirdilər.



Mən o aksiyalarla demək istəmişəm ki, kimsəsiz heyvanlara sahib olaq, onların dərisini diri-diri çıxartmayaq.

Məncə heyvan öləndən sonra onun xəzini geymək savabdır. Çünki dəri canlıdır və sən onu yaşadırsan.

Bəzi ovçular “Qırmızı kitab”a düşən və nəsli kəsilməkdə olan heyvanları ovlayır. Mən onları nəzərdə tuturam.

- Toylarda nə yeyirsiz?

- Biz müsəlmanıq. Ona görə, həmişə evimizə qonaq gələndə müxtəlif növ yeməklər hazırlanır. Bizim toylarda yeməklərin çeşidinin çox olması bundan asılıdır. Toylara gedəndə ananas, balıq yeyirəm. Spirtli içki və siqaretdən qətiyyən istifadə etməmişəm.

- Sizə nəyisə xatırladacaq yemək var?

- Südlü çörək mənə həmişə Novruz bayramını xatırladır. Novruz bayramında kənddə ondan çox bişirirlər. Pomidor çörək isə mənə nənəmi xatırladır. Nənəm həmişə bizə pomidor və bolqar bibəri verirdi.

-Kiminsə bişirdiyi yemək üçün darıxmısızı?

- Anamın yeməyi üçün darıxıram. Mən birinci sinifdə oxuyanda müəllim bizə sual verdi ki, kim yemək bişirə bilir? Dedim, mən, cınnağı bişirirəm. Cınnağ soğan supudur. Demək, soğanı qovurursan, sonra üstünə toyuq suyu tökürsən və yumurta vurursan.

- Müğənni dostlarınızdan kim yaxşı yemək bişirə bilir?

- Aybəniz Həşimova, Könül Kərimova, Ruhəngiz Allahverdiyeva çox gözəl yemək bişirir. İlhamə Quliyeva çox gözəl aş bişirir. O, əsl xanımdır. Mənim üçün yemək bişirə bilməyən qadın xanım deyil.

- Tələbə vaxtı harada yeyirdiz?

- Rəhmətlik Elçin Cəlilovla konservatoriyanın bufetində yeyirdik. Orda gözəl qazan kotleti, peraşki olurdu. Elçin Cəlilov o vaxt toylara gedirdi. Ona görə, həmişə bizə qonaqlıq verirdi. O vaxtlar çox yeyirdik. Tələbə olanda artıq mənim 2 uşağım var idi.

-Bazarlıqla aranız necədir?

- Bazarlığı bəzən özüm edirəm. Çox vaxt uşaqlarım və qızımın nişanlısı məşğul olur. Anamla bir yerdə qalanda bazarlıq əziyyətini o çəkirdi.

- Sırf bir yemək üçün harasa getmisiz?

- Hinduşka kababına görə Sumqayıta, balıq üçün Saray qəsəbəsinə gedirəm.

- Ovla aranız necədir?

- Ürəyim gəlmir. Xanəndə Babək Niftəliyev ova gedir. Bir dəfə onun maşınına mindim. Gördüm, maşınında qartal caynağı, canavar dişi var. Dedim, bunlar nədir? Dedi, özüm vurmuşam. Mən ac qalsam belə, ov etmərəm.

Qurban boyun olanda, qoyunu alıb kəsdirənə kimi Allah bilir, nə çəkirəm. Ona görə də, qurban deyəndə, onun məbləği qədər pulu insanlara paylayacam. Özümü çox pis hiss edirəm. Bilmirəm bu düzdür ya, səhv.

Maşınlarda Bakıya kəsilmək üçün gətirilən qoyunları görəndə özümü gələ bilmirəm.

Geri qayıt