Əsas Səhifə > Şou-biznes > Müğənnilər ancaq qohum toyuna gedirmiş ki…

Müğənnilər ancaq qohum toyuna gedirmiş ki…


5-11-2015, 08:39
Müğənnilər ancaq qohum toyuna gedirmiş ki…
Mediada böyük rəqəmlər səsləndirən şou-biznes nümayəndələri indi bunun şişirtmə olduğunu vergi orqanlarına sübut etməlidir

Vergilər Nazirliyi bundan sonra şou-biznes nümayəndələrini də vergi yoxlamalarına cəlb edəcək. Nazirlikdən verilən xəbərə görə, ayrı-ayrı sənət adamları mediada vaxtaşırı toy qiymətlərini açıqlayırlar. Açıqlanan bu siyahılardan aydın olur ki, toy şənliklərində çıxışlara görə yüksək qonorar alınır. Amma onların bu qazanclardan dövlətə vergi ödəyib-ödəmədikləri sualı hələ açıq qalıb.

Müğənnilər, şou-biznes sahəsində çalışan sənətçilər vergiləri necə ödəyir? Ümumiyyətlə, vergi ödəyirlərmi?

Nazirliyin mətbuat xidmətindən bildirilir ki, şou-biznes və musiqi fəaliyyəti ilə məşğul olan müğənnilər, əyləncə obyektlərində çıxış edən fərdi şəxslərlə bağlı mütəmadi olaraq maarifləndirmə və nəzarət tədbirləri keçirilməsinə, onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu zümrədən olan vergi ödəyiciləri arasında vergi öhdəliklərinə əməl etmə səviyyəsi çox aşağıdır: "Cari ilin ötən 9 ayının nəticələri təhlil olunarkən, kütləvi informasiya vasitələrində tanınmış şou-biznes nümayəndələrinin toylarda və digər tədbirlərdə çıxış etmək müqabilində aldıqları və KİV-də açıq şəkildə bəyan edilən qonorarların məbləği ilə həmin şəxslər tərəfindən təqdim olunmuş vergi bəyannamələrinin göstəriciləri arasında ciddi uyğunsuzluqlar aşkar olunub. Hazırda şou-biznes və musiqi fəaliyyəti ilə məşğul olan, əyləncə obyektlərində fərdi qaydada çıxış edən sənət adamlarının vergi öhdəliklərinə vaxtında və tam həcmdə əməl etmələrinə nəzarətin gücləndirilməsi məqsədilə həmin şəxslərin kütləvi informasiya vasitələrində açıqlanan gəlirləri və dövlət büdcəsinə ödədikləri vergilərin məbləğləri araşdırılır".

Mövzumuzla bağlı xalq artisti Gülyanaq Məmmədova ilə əlaqə saxladıq. O qeyd etdi ki, vaxtlı-vaxtında dövlətə vergisini ödəyir: "Mən dövlət teatrının işçisi olduğum üçün maaşımdan vergi tutulur. Toy da elədir ki, hər gün toya gedən müğənnilərdən deyiləm. Ayda bir neçə dəfə toya getmişəm, məsləhət olunan zaman vergimi ödəmişəm. Azərbaycan Respublikasının vətəndaşı olaraq vergiləri ödəmək hər birimizin borcudur. Hər şeyə hörmət və sayğı ilə yanaşmaq lazımdır".

Xalq artisti müğənnilərin gileyində haqlı olduğunu bildirdi: "Elə dost-tanışlarımız, qohum-əqrəbalarımız var ki, biz onların toyldarında pulsuz iştirak edirik. Sənət adamıyıq. Dost-tanışlarımız çoxdur. Ona görə də toyların çoxuna pulsuz gedirik. Mənim imkanım olsa, heç vaxt toya getmərəm, səsim də yerində olar. Oturub öz maaşımı gözləyərəm. Müğənni olduğumuz üçün bizim qonorara ehtiyacımız çoxdur. Bu sizə asan görünməsin. Müğənninin yaradıcılığı, geyimi, hər şeyi puldur. Hətta sadə işlə təmin olunan həyat yolddaşımın pulu yetməz ki, bir müğənnini istənilən baxımdan təmin etsin. Ona görə biz də toylara getməyə məcburuq. Maddi cəhətdən ehtiyaclarımızı ödəmək üçün toylara gedirik. Bir mahnını oranjeman etdirmək üçün bizdən 1000-2000 manat pul tələb olunur. Sonra da deyirlər ki, nə üçün repertuarınızda yeni mahnı yoxdur. Efirə yeni geyimlə, bəzənməmiş çıxanda, bu, tamaşaçıya hörmətsizlik kimi qarşılanır. Sonra deyəcəklər ki, filankəs özünə diqqət etmir. Biz göz önündə olduğumuz üçün daha çox diqqətli olmalıyıq. Bəstəkar, studiyada səs yazdırma və s. hamısı puldur. Biz də balalarımızı yaxşı oxutdurmaq istəyirik. Bunun hamısı maddiyyət tələb edir. Aldığımız maaş buna çatmır. Mən dövlət teatrında işləyirəm, universitetdə baş müəlliməm, xalq artistiyəm, buna baxmayaraq, aldıqlarım mənim bir həftəlik xərcimi belə ödəmir.

Bu baxımdın toylar çox işimizə yarayır. Bunu "ağlamaq" kimi qəbul etməyin. Mən işimdən-gücümdən razıyam. Dövlət nə ayrırsa, bərəkətindən də razıyam. Dövlətdən aldığım pul mənim üçün daha bərəkətlidir, nəinki toylardan aldığım. Mənim VÖEN-im də var. Heç vaxt vergidən yayınmamışam. Biz toylarda zülm çəkirik. Çox istəyərdim ki, toya getməkdənsə, konsert verim. Ancaq bunun üçün yaxşı təşkilatçı yoxdur. Konsertə hazırlıq proseslərinə başlamaq üçün cibində azı 50-60 min manat pul olmalıdır. Onu gərək öz cibindən ödəyəsən, axırda da başabaş olsa, onu yerinə qoyasan. Bu gün bütün müğənniləri danışdırın. Biz nə konsertlərdən, nə də albomlardan bir şey qazanırıq. Məndən kimsə disk istəyəndə, gedib pulla öz diskimi alıb verirəm. Bu beləmi olmalıdır? Hamımız Azərbaycan vətəndaşıyıq. Azərbaycan qanunlarına hörmətlə yanaşırıq. Qohum-əqrəbaya da əl uzadırıq, onların da ehtiyaclarına kömək edirik. Məhərrəmlik dövründə müğənnilər borcla çıxırlar. Mən bunu açıq deyirəm, çəkinmirəm. Toylardan 5-3 manat pul qazanırıq, onu da yaradıcılığımıza xərcləyirik. Xarici müğənnilər kimi buradan pulu alıb, səhərisi gün dünyanı gəzmirik".

Əməkdar artist Baloğlan Əşrəfov da Vergilər Departamentində qeydiyyatda olduğunu bildirdi: "İstəsəniz, maraqlana bilərsiniz. Mən uzun müddətdir ki, dövlətin qayda-qanunlarına əməl edirəm. Ancaq burada bir məsələ var. Bu işi araşdıranlar çox gülməli bir nəticəyə gəliblər. Milyon belə gəldi, yüz minlər belə getdi... Bu yazıq müğənnilər haradan pul tapıb versinlər? Onların dedikləri ilə qazandıqları düz gəlmir. Bəziləri özləri mətbuata yalandan deyir ki, 30-40 minə toya gedirəm. Məgər, Bilal Əliyev 100 min manata toya gedir? Onlar başa düşməyiblər ki, bu sənətçi zarafat edir, yoxsa düz deyir. İndi o qiymətə toya gedən varmı? Bir nəfər toya gedirsə, onun 10 nəfər musiqiçisi, aparaturaları xeyli xərc tələb edir. Yazıq müğənni musiqiçi heyətinə pul payladıqdan sonra evinə heç 300 manat da apara bilmir.

Toy qiymətlərini bu formada şişirtmək lazım deyildi. Əgər söhbət məndən gedirsə, mən Azərbaycan vətəndaşı olaraq vergi ödəyicisiyəm. Verginin çox böyük əhəmiyyəti var. Vergi hər kəsin qazancına görə hesablanmalıdır. Müğənni böyük bir iş adamı kimi o qədər də çox pul qazanmır. O qədər böyük şirkətlər, firmalar var ki... Guya müğənni milyonlar qazanır. Belə şey ola bilməz. Qanı da damarına görə alarlar, daha bu qədər yox. Müğənnilərin özlərində də günah çoxdur. Daha bu qədər qiymətlərini şişirtməsinlər. Hansı müğənni 10-15 min manata toya gedir? Onlar bu ifadəni səsləndirəndə fikirləşmirdilər ki, məsələnin bu tərəfi də var? Belə yerdə özlərinə yalandan ad qoyurlar, indi də qalıblar yaman gündə. Vergilər Nazirliyi də çox yaxşı bir iş görüb, gəlib yapışıb yaxasından ki, bu sözü sən demisən. Atamın qəbrinə and olsun, heç bir müğənni 100-200 minə toya getmir. Müğənnilər ona görə elə deyirlər ki, özlərinə qiymət qoysunlar. Guya bahalı müğənnidirlər. Axı elə deyil".

Müğənni İbrahim Borçalı "Ümumiyyətlə, vergidən yayınan sənətkarlardan deyiləm. O adam vergi ödəyir ki, şadlıq evlərində, şou-proqramlarda iştirak edir. Toylara getməyən müğənnilər nə üçün pul ödəməlidir ki? Mən daha çox Azərbaycandan kənarda toylarda iştirak edirəm. Necə lazımdısa, vergini də elə ödəyirəm" deməklə kifayətləndi.

Xalq artisti Səməd Səmədov bizimlə söhbətində bildirdi ki, o, artıq pensiya alır: "Bu gün-sabah 70 yaşım tamam olur. Mən vaxtilə Sosial Fonda pul ödəyirdim. Artıq mənə Sosial Fond pensiya da təyin edib. Mən zamanında da, indi də vergi ödəyirəm. Hər bir vətəndaş mütləq vergi verməlidir".

Səməd Səmədov onu da söylədi ki, müğənnilər yalnız konsertdən vergi ödəməlidir: "Bütün sivil ölkələrdə müğənnilər şəhər-şəhər, ölkə-ölkə gəzir, milyonlar qazanırlar. O qazancdan vergi ödəyirlər. Mən eşitməmişəm ki, xaricdə müğənni getdiyi şou-proqramlardan vergi ödəsin. Mənim dünyanın müxtəlif ölkələrində dostlarım yaşayır. Toy elədir ki, bir ayda beş toyun varsa, onun 3-ü qohum, 1-i dost-tanışın toyudur. Mən onlardan pul almıram. Əksinə, ora gedəndə özüm pul salıram".

Müğənni Vasif Məhərrəmli də mövzu ilə bağlı açıqlamasında bildirdi ki, getdiyi toylardan öz vergisini ödəyir: "Mən Azərbaycan Respublikasının vətəndaşı olaraq vergi ödəyirəm. Sənət dostlarım hər kəs özü bilər. Müğənni bir fiziki şəxs olaraq qazancının bir qismini dövlətə ödəməlidir. Mən hər zaman qazancımın 4 faizini dövlətə ödəyirəm".

Əməkdar artist Abbas Bağırov isə sualımızla bağlı danışmaq istəmədiyini, "lazımdırsa, qoy araşdırsınlar" dedi.

Qeyd edək ki, Vergilər Nazirliyi şou-biznes nümayəndələrini dövlət büdcəsinə vergiləri tam həcmdə və vaxtında ödəməyə dəvət edir və bildirir ki, həmin şəxslər cari ilin sonuna qədər öz vergi öhdəliklərini tam həcmdə yerinə yetirməyəcəkləri təqdirdə, onların hər biri barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcək və nəticələri ictimaiyyətə açıqlanacaq.

Geri qayıt