Əsas Səhifə > Şou-biznes > Bütün Azərbaycan sənə gülür, sən kimə gülürsən...

Bütün Azərbaycan sənə gülür, sən kimə gülürsən...


30-11-2015, 09:27
Bütün Azərbaycan sənə gülür, sən kimə gülürsən...
“Bozbaş Pikçers” Azərbaycanda ən çox baxılan yumor komandalarındandır. Bu komandanın üzvləri istər ayrı-ayrılıqda, istərsə də qrup şəklində əksəriyyət tərəfindən bəyənilir. Biz də “Bozbaş Pikçers”in sevilən aktyorları ilə söhbətləşmək qərarına gəldik. Vaxtları az olsa da, onlar bizim suallarımızı cavablandırdılar və ilk dəfə olaraq, komanda şəklində məhz Axar.az-a müsahibə verdiklərini bildirdilər.

Axar.az “Bozbaş Pikçers” yumor komandasının aktyorları ilə müsahibəni təqdim edir:

- İlkin, necə oldu ki, “Bozbaş Pikçers” komandası yarandı?

İlkin Həsəni: - Belə deyim də, 2004-cü ildə mən Ramil Babayevlə (Şöşü) birlikdə “Bozbaş Pikçers”i yaratdım. İlk olaraq, xarici kliplərlə yerli musiqiləri sintez etdik, sonra filmləri dublyaj etdik, daha sonra isə indi çox məşhurlaşan Şəmi və Şöşü obrazlarını yaratdıq. İllər keçdi və komandamız daha da böyüdü. 2011-ci ildə bizə dostlarım – Azər Baxışəliyev (Ağsaqqal), Nicat Rəhimov (Şirin) və Elşən Orucov (Fəlakət) da qoşuldu.

- Azər, bildiyim qədər, komandada Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirməyən yeganə aktyor sənsən. Necə oldu ki, ixtisasca diplomat olmağına baxmayaraq, ölkənin ən maraqlı komandalarından birinin üzvünə çevrildin?

Azər Baxışəliyev: - Əslində, mənim komandaya gəlişim elə də təsadüfi olmadı. Çünki mən məktəbdə oxuduğum vaxtlardan bəri KVN komandalarında oynayırdım. Universitet vaxtı da bütün KVN uşaqları ilə əlaqəm var idi. Bu əlaqə məni ATV telekanalına gətirdi, orada “Çəkirəm haa” verilişində işləməyə başladım. Daha sonra mən dostlarım – İlkin, Ramil və Elşənlə daha çox birlikdə olduq. “Bozbaş” proyekti artıq serial kimi çəkilməyə başlayanda da bir yerdə işləməyə qərar verdik.

- Ramil, bu komandanın yaranmasında rol oynayanlardan biri də sənsən. Bəs, sən özün hazırkı yumor komandalarından hansını bəyənirsən?

Ramil Babayev: - Düzdür, Azərbaycanda bir çox yumor komandası fəaliyyət göstərir, amma mənim ən sevdiyim – Tahir və Cabir İmanov qardaşlarının yaratdığı “Planet Parni iz Baku” komandasıdır. Onlara təşəkkür edirəm ki, əfsanəvi “Parni iz Baku” komandasını bu günə kimi yaşadırlar.

- Nicat, sən böyük aktyorumuz, xalq artisti Yaşar Nurinin yaxın qohumusan, necə düşünürsən, onun yolunu davam etdirirsən, ya sənin öz üslubun var?

Nicat Rəhimov: - Yaşar Nuri böyük sənətkardır. Mən onun kimi ola bilmərəm. Allah hərəni ayrı-ayrı yaradıb, fərqli istedad verib. Mənim yolum başqadır, amma rollarımda Yaşar Nuriyə toxunuram, bəzi oxşarlıqlar olur. Hansısa bir sözdə, hərəkətdə baxırsan ki, ona oxşayıram. Bu da özümdən asılı olmur, qanda var, qohumuq, ondan irəli gəlir. Mənə çox deyiblər ki, üslubunuzda oxşarlıq var.

- Elşən, bütün Azərbaycan sənin Fəlakət obrazına gülür desək, yanılmarıq. Bəs, səni kim və ya hansı hadisələr güldürə bilir?

Elşən Orucov: - Mən daha çox internetdə olan şeylərə gülürəm. Bəzən internetdə elə videolar rastıma çıxır ki, məndə böyük maraq doğurur. Son vaxtlar ancaq belə videolara gülürəm.

- Bütün rayonlarda çəkiliş etdiniz, hətta Azərbaycanın hüdudlarını aşaraq xaricdə də çəkilişlər apardınız. Yəqin ki, çəkiliş vaxtı başınıza maraqlı hadisələr gəlib.

R.B: - Hə, belə şeylər çox olub. Deməli, bir dəfə çəkiliş zamanı tullananda çiyin sümüyüm sınmışdı. Uşaqlar çox dedilər ki, təcili həkimə gedim. Amma mən uşaqların təkidinə baxmayaraq, çəkilişi yarımçıq saxlamadım və davam etdim. Çəkiliş bitdi və biz həkimə getdik, orada sümüyümün ortadan ikiyə bölünməsi məlum oldu.

- Ramil, sən digər komanda üzvlərinə görə mediaya daha qapalısan, ümumiyyətlə, necə bir insansan?

R.B: - Əslində, insanın özündən danışması düzgün olmaz. Mənim haqqımda yaxşı olar ki, dostlarım danışsın. Həyata baxışım isə çox gözəldir. Allaha çox şükür ki, əlim var, ayağım var, gözlərim görür, tam sağlamam. Həyat isə çox gözəldir. Sadəcə, onu yaşamağı bacarmaq lazımdır. Hər günümüzə şükür edib, ətrafdakı рisliklərdən dərs almaq lazımdır. Mən nə qədər zarafatcıl olsam da, o qədər ciddiyəm. Hər şeyin öz yeri var, mən özümü harada, necə aрarmağı bacarıram.

- Eyni sualı hər birinizə verirəm: Özünüzü necə biri kimi görürsünüz?

İ.H: - İlkin Həsəni özünü təmkinli, çox səbirli, çox qulaq asıb, az danışan biri kimi görür.

A.B: - Mən, əslində, çox ünsiyyətcil adamam. Demək olar ki, hər gün dostlarımla görüşürəm, oturub deyib-gülürük. Məncə, belə olmasaydı, heç “Bozbaş Pikçers” yaranmazdı. Bizim verilişin bəyənilməsinin səbəblərindən biri də elə budur. Biz əvvəl dost olmuşuq, daha sonra isə komanda.

N.R: - Mən həm zarafatcılam, həm də ciddi. Amma hər şey öz yerində yaxşıdır, hərdən qapalı oluram.

- Nicat, ciddilik demişkən, nə zamansa dramatik rolda çıxış etmək fikrin varmı?

N.R: - Hə, dramatik rolda çıxış etmək mənim arzumdur. Məndə alınar, özü də yaxşı alınar. Mən hər zaman hazıram. İnanıram ki, öhdəsindən gələ bilərəm.

- Elşən, bir çox adamın kumirisən, bəs, sənin kumirin kimdir?

E.O: - Kumir deməzdim, amma həmişə sənətini çox sevdiyim və böyük həvəslə izlədiyim aktyor Yaşar Nuri olub.

- Yavaş-yavaş sona yaxınlaşırıq, istəyirəm, ölkəmizin ən məşhur ağsaqqalı da hələlik son sözlərini desin. Azər, necə düşünürsən, sən yaşlananda necə ağsaqqal olacaqsan?

A.B: - Ümid edirəm ki, yaşlananda oynadığım obraz kimi bir ağsaqqal olmayacağam. Çünki elə adamla yola getmək çox çətin olar. (gülür)

- Hər kəs səbirsizliklə “Axırıncı yol” filmini gözləyir, çəkilişlər bitib. Bəs, filmi nə zaman təqdim edəcəksiniz?

İ.H: - “Axırıncı yol” bizim üçün həqiqətən çətin oldu, 3 ay davam edən çəkilişlər bitib, hazırda montaj işlərinə başlamaq üzrəyik, təqdimat isə mart ayında olacaq.

- Eşitdiyimə görə, formatı dəyişirsiniz, serial yeni üslubda olacaq, elədir?

İ.H: - Bəli, “Axırıncı yol” macəra komediyasının çəkilişlərini bitirdik, indi yeni serial layihəmizə hazırlaşırıq. Tam qərarlaşdırmamışıq ki, necə olacaq, amma beynimdə təxmini ideyalar var. Bu yaxınlarda yeni serialın adı və obrazları ilə bağlı məlumat verəcəyəm.



Geri qayıt