Əsas Səhifə > Şou-biznes > “Həyatımı uşaqlara həsr etmişəm”

“Həyatımı uşaqlara həsr etmişəm”


11-01-2016, 09:02
“Həyatımı uşaqlara həsr etmişəm”
Səhnədə olmaq, uşaqları əyləndirmək, onların daxili dünyalarına baş vurmaq o qədər də asan məsələ deyil, hər nə qədər kənardan asan görünsə də. Və bunu nəinki iş prosesində, həm ailədə, həm efirdə, həm də səhnədə etmək çətindir. Ötən gün Abdulla Şaiq adına Kukla Teatrının qonağı olduq. Teatrda uşaqların Yeni ili üçün hazırlanmış “Oyaq gözəl” tamaşasını izlədik. Tamaşada Gözəl obrazını yaradan, teatrın gözəl akstrisası Elnarə Hacıyeva qəzetimizin bu dəfəki “Debüt” rubrikasının qonağı oldu.

Elnarə 1990-cı ildə Füzuli rayonunda dünyaya gəlib. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram-kino aktyorluğu” fakultəsini, Vaqif İbrahimoğlunun kursunu bitirib. Siz onu “Mən böyümüşəm” (Space), “Hazırcavablar” (AZTV) verilişlərindən daha yaxşı tanıyırsınız.

Elnarə bizimlə söhbətində aktryorluq sənətinə necə yiyələnməyindən danışdı. O, deyir ki, aktrisa olmaq üçün bəxt özü onun ayağına gəlib. Belə ki, Kukla Teatrına rəfiqəsi ilə görüşməyə gedən Elnarə teatrın baş inzibatçısı Səidə Haqverdiyeva ilə rastlaşır və o, Elnarədən kim olmaq istədiyini soruşur. Aparıcı olmaq istədiyini deyən Elnarə çox çəkmir ki, özünü “Space” televiziyasında uşaq verilişinin aparıcısı kimi görür. İşləmək üçün “Space” televizyasına sənədlərini aparan Elnarənin ilk gündən efir həyatı başlayır. Çox keçmir ki, o, teatrda da çalışmağa başlayır.

Müsahibimiz hazırda Azərbaycan televiziyasında “Hazırcavablar” verilişinin aparıcısıdır.

- Elnarə xanım, Universiteti bitirdikdən sonra qarşınızda sanki böyük bir qapı açıldı.

- Bəli. Universiteti bitirdikdən sonra “Space” telekanalında işləməyə başladım. Ümumiyyətlə, təhsil aldığım İncəsənət Universitetində çox şey öyrəndim. Tələbəlik illərimdə müxtəlif sənət adamlarından dərs aldım. Ancaq əsas öyrəndiklərimə görə, müəllimim Vaqif İbrahimoğluya borcluyam. O ki qaldı Universitetdən sonrakı fəaliyyətimə, nə yaxşı ki, Kukla Teatrına gəldim və nə yaxşı ki, Səidə Haqverdiyeva ilə qarşılaşdım. Bu sənətə gəlməyimdə onun böyük rolu olub. Belə ki, universiteti bitirdiyim ilin may ayında teatrın baş inzibatçısı Səidə xanımla tanış oldum, onun sayəsində uşaq verilişində aparıcı olaraq çıxış etdim. İndiyədək aktrisa kimi nəyə nail olmuşamsa, hamısı Səidə xanımın sayəsində olub. O, hər zaman mənim dəstəkçimdir.

- Demək olar ki, teatrda da, efirdə də uşaqlarla işləyirsiniz. Uşaqlarla işləmək çətin deyilmi?

- Demək olar ki, həyatımı uşaqlara həsr etmişəm. Uşaqlarla işləmək mənim üçün o qədər də çətin deyil. Düzdür, çətin tərəfləri də var. Bu çətinliyi televiziyada daha çox görürəm. Teatr canlı sənət növüdür. Orada öz obrazından çıxa bilmirsən. Ancaq televiziyanın yazılmamış qanunları var. Belə ki, biz uşaqlarla ünsiyyətdə olmalı, danışmalıyıq. İstənilən vəziyyəti idarə etməyi bacarmalıyıq.

- Həyat yoldaşınız sənətinizlə bağlı nə düşünür?

- Mənim efirdə olmağıma heç bir etirazı yoxdur. Çünki onun özü də televiziyada çalışır. Biz eyni kanalda çalışırıq. Ona görə də heç bir çətinliyimiz yoxdur.

- Başqa teatrlarda işləmək üçün təkliflər varmı?

- Başqa teatrlara getməyi düşünmürəm. Kukla Teatrı mənim ikinci evimdir. Bura mənə çox doğmadır. Səidə xanım burada yanımdadır, mənə dəstəkdir. Mənim bacım yoxdur, ancaq elə bilirəm ki, o, böyük bacımdır. Onun əziyyətini heç vaxt itirmərəm.

- Nədənsə sizi seriallarda görmürük.

- Əslində seriallara çəkilməkdən daha çox filmə çəkilmək istəyərəm. Özümü tamamilə fərqli bir obrazda görürəm. Hər zaman uşaqlarla işlədiyimdən, uşaq kimi olmuşam. İstəyirəm ki, ciddi bir rol canlandırım. Serial elədir ki, onunla bizim işimiz uyğun gəlmir. Serialın vaxtı ilə bizim məşqlərimiz üst-üstə düşmür.

- Niyə məhz uşaqlarla bağlı verilişlər aparırsınız?

- Mən doğrudan da uşaqları çox sevirəm. Onlarla işləməkdən yorulmuram. “Space” kanalında təsadüfən uşaq verilişində aparıcı oldum və işlədikcə gördüm ki, belə veriliş mənə, xasiyyətimə çox uyğundur. Vaqif müəllim bizə dərs keçərkən Rasim Aşın uşaq psixologiyası kursundan yararlandım. Vaqif müəllimi tez-tez xatırlayıram. Bizim nəsil aktrisaların bünövrəsini məhz həmin rejissor qoydu. Nə öyrənmişəmsə, ondan öyrənmişəm. Tez-tez onun sözləri yadıma düşür.

- Hazırda hansı tamaşalar üzərində çalışırsınız?

- Hazırda “Oyaq gözəl” tamaşasında Gözəl obrazını canlandırıram. “Pinokionun sərgüzəştləri” tamaşasında Pəri obrazı da maraqlı rollarımdandır. Bunlardan əlavə, teatrda yeni tamaşa hazırlanır. Orada da çox maraqlı bir obrazm var. Yaxın zamanlarda tamaşanı izləyicilərə təqdim edəcəyik.

- Elnarə xanım, Kukla Teatrının aktrisası olmaq çətindirmi?

- O qədər də yox. Çünki işimi sevirəm. Digər teatrlardan fərqli olaraq, biz burada həm obraza girməli, həm də kuklaları oynatmalıyıq. Bu baxımdan, Kukla Teatrında işləmək bir qədər çətindir. Bir obrazı canlandırmaq üçün aylarla məşq edirik. Həm vaxt, həm də can gedir. Ancaq istənilən halda, mən öz halımdan məmnunam.

Geri qayıt