ƏLİ KƏRİMLİNİN BAŞI DƏRDDƏ
Tarix: 8-10-2012, 11:29 |
Çap et
AXCP SƏDRİ PROKURORLUQDA DİNDİRİLƏCƏK
“Əli Kərimli yaxın günlərdə prokurorluqda dindiriləcək”. Bu barədə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev mərhum eks-prezident Əbülfəz Elçibəyin ölümü ilə bağlı Bakı şəhər Prokurorluğunda başlanan cinayət işinin gedişatı barədə Modern.az-a açıqlamasında bildirib. Sabiq prezidentin silahdaşı Əli Kərimli tərəfindən zəhərlənərək öldürüldüyünü iddia edən MMP sədri qeyd edib ki, yaxın günlərdə AXCP sədri istintaqa cəlb olunacaq.
“Bu istiqamətdə çox ciddi şəkildə işlər aparılır. Əli Kərimli yaxın günlərdə istintaqa çağrılacaq. Artıq bununla bağlı ona çağırış edilib. Yaxın günlərdə çox mühüm hadisələrin şahidi olacağıq. Mən məsələ ilə demək olar ki, hər gün maraqlanıram. Çox böyük araşdırmalar aparılır. Cinayət işi ilə əlaqədar 100-ə yaxın şahid ifadələri alınıb”, - deyə H.Hacıyev bildirib.
Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bir müddət əvvəl Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin Əli Kərimli tərəfindən zəhərlənərək öldürüldüyünü iddia edərək Bakı şəhər Prokurorluğuna müraciət edib. Ölkədə böyük rezonans doğuran müraciətə əsasən Baş Prokurorluq tərəfindən mərhum prezidentin ölümü ilə bağlı cinayət işi açılıb. Həmçinin Ə.Elçibəyə o zaman yaxın olan bəzi şəxslər prokurorluq orqanlarına çağrılaraq istinataq ilkin ifadələrini veriblər.