Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Bank sistemində "laxlama": “Premium Bank”, “Bank BTB”...

Bank sistemində "laxlama": “Premium Bank”, “Bank BTB”...


17-10-2024, 11:41
Bank sistemində "laxlama": “Premium Bank”, “Bank BTB”...
Birdən-birə neçə bankın depozit portfelinin əriməsi barədə məlumat açıqlanıb. Belə məlum olur ki, əhali əmanətlərini banklardan çəkir. Müştərilər 100 milyonlarla manatını geri götürmək qərarına gəlib. Deməli, banklara etibar azalıb. Əlbəttə, mütləq başqa səbəblər də var.

Bizimyol.info xəbər verir ki, “Premium Bank”ın depozit portfelində 54 milyon manat azalma gözə dəyir. Əhali bankdan 40,5 milyon manatını götürmək qərarı verib. Qalanı da şirkətlərin payına düşür. Beləcə, depozit istiqamətindən əhəmiyyətli dərəcədə imtina qeydə alınıb.

Açıq-aşkar görünür ki, “Bank BTB”-nin işləri yaxşı getmir. Depozit portfeli 3 milyon manat azalıb. Üstəlik, bank III rübü 493 min manat xalis zərərlə bitirib.

“Accesbank”ın geriləməsi göz qabağındadır. Son vaxtlar bankla bağlı çox da müsbət xəbərlər eşitmirik. Fiziki şəxslər 24 milyon manata yaxın əmanətini bankdan götürmək fikrinə düşüb.

Çox bankın adını çəkmək olar. Fakt odur ki, əhali də, şirkətlər də təşviş içindədir. Nədənsə pullarını banklarda saxlamamaq qərarına gəiblər. “Nədənsə” üzərində düşünməyə dəyər.

Nədir səbəb? Böyük ehtimalla devalvasiyaya hazırlıq gedir. Əhali, o cümlədən şirkətlər də hesab edir ki, indi vəsaiti xarici valyuta ilə saxlamaq zamanıdır. Çünki həm bankların, həm də valyutadəyişmə məntəqələrinin məsələyə münasibəti dəyişib. Valyuta əməliyyatlarına xüsusi həssaslıqla yanaşılır. Banklar xarici valyuta ilə çox ehtiyatlı davranır. Kassalarda dəqiq hesabat diqqət çəkir. Satılan hər dolların, avronun xüsusi dəftərçədə qeyd olunması nəzərə çarpır. Bir növ bu təşvişdə bankların birbaşa rolu var.

Ölkədən gedənlərin və ya bunun hazırlığını aparanların sayı da artıb. Çox acınacaqlı mənzərə yaranıb. Tibb Universitetinin sonuncu kurs tələbələri alman dili öyrənmək barədə xüsusi düşünürlər. Çünki əsas məqsəd ölkədən Avropanın qabaqcıl ölkəsinə getməkdir. Ölkədən həm beyin, həm də maliyyə axını var. Bankların dayaqlarının bir-birinin ardınca laxlaması heç də təsadüfi deyil. İqtisadi göstəricilərə nəzər salanda aydın olur ki, yaxın aylarda durum daha da mürəkkəb görünəcək.

Geri qayıt