Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > "Uşaqlarım beton üstündə yatır..."

"Uşaqlarım beton üstündə yatır..."


3-10-2024, 12:20
"Uşaqlarım beton üstündə yatır..."
Astara rayonu, Səlivə kənd sakini İbrahimov Bəylər Amil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, sosial yardım verilməməsindən şikayətçidir:

“Mən, İbrahimov Bəylər Amil oğlu, yazıb sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, sosial yardım üçün 2 dəfə müraciət etmişəm. Hər ikisində imtina cavabı gəlib.

Hazırda borcum çoxdur, məni polisə veriblər. Sahə rəisi deyir ki, marketin pulunu verməsən, səni məhkəməyə verərəm. Mən bilmirəm, 380 manat pulu hardan alım?!

Fəhlə işləyirəm. Gündəlik 15 manat fəhlə pulu ilə dolanmaq olar? Artıq bu əzaba dözə bilmirəm. Bir daxmada yaşayırıq. Uşaqlarım beton üstündə yatır. Vəziyyətimlə bağlı səlahiyyətli şəxslərdən kömək istəyirəm”.

Şikayətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mtbuat xidməti ilə əlaqə saxladıq. Verilən məlumata görə, Astara rayon sakini İbrahimov Bəylər Amil oğlunun ünvanlı sosial yardımla bağlı müraciətinə əsasən ailəyə 1 sentyabr 2024-cü il tarixindən 1 il müddətinə 550.80 manat məbləğində ünvanlı sosial yardım təyin olunub.

Geri qayıt