TÜRK “SPESTNAZ”INDAN UĞURLU ƏMƏLİYYAT
Tarix: 12-11-2011, 12:26 |
Çap et
PKK-LI CƏHƏNNƏMƏ VASİL EDİLDİ
Türkiyə təhlükəsizlik qüvvələri “Kartepe” adlı dəniz avtobusunu qaçıran terrorçunu məhv edib.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə jurnalistlərə İstanbul valisi Hüseyn Avni Mutlu açıqlama verib.
Onun sözlərinə görə, bu gün səhər xüsusi təyinatlılar bərənin və girov saxlanılan sərnişinlərin azad edilməsi üçün əməliyyat keçirib. Əməliyyat nəticəsində PKK tərəfdarı olduğu ehtimal edilən terrorçu öldürülüb. Şəxsiyyəti hələlik müəyyənləşdirilməyən terrorçunun üzərində naməlum qurğu aşkarlanıb. Hazırda mütəxəssislər həmin qurğunu öyrənir.
Əməliyyat zamanı bəzi sərnişinlər bərədən dənizə tullanıb. Hüseyn Avni Mutlu 18 sərnişinin və 6 ekipaj üzvünün zərər çəkmədiyini və təhlükəsizliklərinin təmin olunduğunu vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də axşam saatlarında naməlum şəxs Türkiyənin şərqində yerləşən İzmit limanındakı dayanacaqda içində sərnişinlər olan bərəni qaçırıb. PKK-nın silahlı qanadı HPG-nin üzvü olduğunu söyləyən terrorçu jurnalistlərlə görüş tələb edib. Gəmi Yalova şəhəri istiqamətində hərəkət etdikdən sonra yanacağın qurtarması səbəbindən Silivri şəhəri yaxınlığında lövbər salmaq məcburiyyətində qalıb. Bərənin PKK lideri Abdullah Öcalanın saxlanıldığı İmralı adasına yan alma ehtimalı nəzərə alınaraq, adada geniş təhlükəsizlik tədbirləri görülüb.