QARA OĞLAN AĞ EVDƏ AND İÇDİ
Tarix: 21-01-2013, 09:07 |
Çap et
BİRİNCİ ZƏNCİNİN 2-Cİ PREZİDENTLİYİBarak Obama yanvarın 20-də prezident andı içib. Ağ evdə keçirilən mərasimdə prezidentin ailə üzvləri və ABŞ Ali Məhkəməsinin sədri Con Roberts iştirak edib.
Rəsmi andiçmə yanvarın 21-nə təyin olunub. “Lenta.ru” xəbər verir ki, Obama bu gün andını təkrarlayacaq və Kapitoli qarşısına toplaşacaq vətəndaşlar qarşısında nitq söyləyəcək.
Obamanın ilk prezidentlik müddəti yanvarın 20-si saat 12-də (Bakı vaxtı ilə saat 21-də) başa çatıb. Bazar günü məhkəmələr işləmədiyindən rəsmi andiçmə mərasimi yanvarın 21-nə qalıb.
Obama 1961-ci ildə Havay ştatının paytaxtı Honoluluda dünyaya gəlib. 1979-cu ildə Honoluluda özəl məktəbi bitirib, daha sonra Los-Ancelesdəki Qərb kollecində, Kolumbiya Universitetində, Harvard Universitetinin hüquq məktəbində təhsil alıb.
Siyasi karyerasına İllinoys ştatının Senatından başlayan Obama 1997-ci ildən 2004-cü ilə qədər ştat Senatında Demokratlar Partiyasını təmsil edib. 2004-cü ildə ABŞ Konqresinin yuxarı palatası olan Senata seçilib.
2008-ci ildə Respublikaçılar Partiyasının namizədi Con Makkeyni geridə qoyub ABŞ prezidenti seçilib. 2012-ci il noyabrın 6-da respublikaçı Mitt Romniyə qalib gələrək prezident postunu əlində saxlayıb.