ARZU KAZIMOVU NİYƏ BURAXMADILAR?
Tarix: 30-01-2013, 12:01 |
Çap et
HƏBS MÜDDƏTİ UZADILDIABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı video görüntülərlə bağlı tutulan iş adamı Arzu Kazımovun həbs müddəti uzadılıb.
Bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Ramiz Zeynalov məlumat verib.
Onun sözlərinə görə, iş adamının həbs müddətinin uzadılmasına dair Baş prokuror Zakir Qaralov təqdimat verib. Bu gün Səbail rayon Məhkəməsində baş prokurorun təqdimatına baxılıb. Hakim Famil Nəsibovun sədrliyi ilə keçirilən prosesdə Z. Qaralovun təqdimatı təmin edilib və A. Kazımovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay müddətinə uzadılıb.
Qeyd edək ki, təqsirləndirilən A. Kazımov ötən ilin noyabrında həbs edilib. Baş Prokurorluğun yaydığı məlumata görə, Mahir Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı Baş Prokurorluqda istintaq olunan cinayət işi üzrə törətdikləri cinayət əməllərinə görə Hüseyn Vaqif Əbdülhüseyn oğlu, Ağayev Nəriman Salman oğlu və Kazımov Arzu Firudin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri Mahir Abdullayevin bilavasitə itkin düşməsi ilə deyil, onların Elşad Abdullayevə qarşı törətdikləri dələduzluq cinayətləri ilə bağlıdır