"Bahar enerji"də ÖZBAŞINALIQ DAVAM EDİR... - GİLEY
Tarix: 30-06-2020, 10:14 |
Çap et
"Bahar enerji" neft şirkəti 200-ə yaxın əməkdaşına işdən çıxarılacaqlarına dair xəbərdarlıq edib. İşçilərin əməkhaqqları da 20 faiz azaldılır. DİA.AZ bildirir ki, bu barədə şirkətin bir qrup əməkdaşı məlumat verib.
İşdən çıxarılma səbəbindən adlarının açıqlanmasını istəməyən neftçilər bildiriblər ki, şirkət Ukraynanın hansısa şirkətinə satılır. Yeni şirkət isə işçi sayını ən azı 50 faizədək azaltmağı planlaşdırır. "Bu günlərdə 100-ə yaxın əməkdaş işdən çıxarıldı. İndi də müddətsiz əmək müqaviləsi ilə çalışanlara təzyiq göstərməklə 6 aylıq, yəni müddətli əmək müqaviləsi bağlayırlar. Çünki bu halda işdən çıxarılmaların bəhanəsi olur. Müqavilə bağlamaqdan imtina edənlərə təzyiqlər olur", -işçilərdən biri söyləyib.
Neftçilərin Hüquqlarını Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə bildirib ki, şirkətin prezidenti Con Harkins və hazırda onun səlahiyyətlərini icra edən Deyl Makfadden işçilərə maaşların 20 faizini azaltmağı nəzərdə tutan müqaviləyə qol çəkməyə məcbur edirlər. Bu isə Əmək Məcəlləsinin pozulmasıdır. Bununla bağlı təşkilata şirkətin 200 əməkdaşının imzası ilə müraciət daxil olub. Lakin şikayətlər hələ də təmin olunmayıb.