Əsas Səhifə > Sosial, Manşet > Deputat vəziyyətdən çıxa bilməsi üçün hərəkətə keçib...

Deputat vəziyyətdən çıxa bilməsi üçün hərəkətə keçib...


18-02-2016, 09:54
Deputat vəziyyətdən çıxa bilməsi üçün hərəkətə keçib...
Deputat Rəfael Cəbrayılov "Dərhal” MMC işi ilə bağlı "günah keçisi” tapıb. Deputat şərikini qurban verir.

VİZUAL.az-ın əldə etdiyi xəbərə görə, ondan şikayət edən vətəndaşlara qarşı dələduzluğu ortağı Mirəhməd Abbasovun üzərinə qoymaqla Cəbrayılov yaxasını kənara çəkməyə çalışır.

M.Abbasovun payçıları aldatması və məsuliyyəti də onun daşıması ittihamı ilə cinayət işi açılacağı istisna olunmur. R.Cəbrayılov baş verən qalmaqaldan xilas olmaq üçün şərikinin arxasından çəkilib və ona havadarlıq etmir.

M.Abbasovun seytnot vəziyyətinə düşdüyü və hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə gəldiyi vurğulanır. Deputat isə şərikindən imtina etməklə ona qahmar çıxmaq istəmir. Şəriki isə deputatın himayəsi və əmri olmadan heç bir addım ata bilməzdi.

Qeyd edək ki, R.Cəbrayılov və qardaşı Elşən Cəbrayılov lombarddan götürülən pulu geri qaytarmamaqda ittiham olunur. Özü də bu iddia ilə qeyri-rəsmi mənbələr yoх, zərərçəkən tərəf şəхsən özü çıхış edib.

Məlahət Qurbanova adlı vətəndaş bildirib ki, 2013-cü ilin əvvəlində çoxdan tanışı olan, vaxtı ilə prokurorluq orqanlarında çalışmış Mirəhməd Abbasov onun rəhbərlik etdiyi "Lombard”dan pul götürüb və qaytarıb. Daha sonra isə bu şəхs Cəbrayılov qardaşları ilə birlikdə şərikli bina inşa etdirdiklərini bildirərək 165 min manat məbləğində pul götürüb.

Hətta M.Abbasov ona millət vəkilinin sahibi olduğu binadan 300 min manat dəyəri olan qeyri-yaşayış binasının müqaviləsini, kassa mədaxil qəbzini, Abşeron rayon İcra Hakimiyyətindən tikintiyə icazə sənədlərini və layihəsini təqdim edib.

Tikintini isə R.Cəbrayılovun qardaşı E.Cəbrayılovun adına olan "Dərhal” MMC inşa etdirir. Bunu rəsmi sənədlər təsdiqləyir. Yerli gəlmişkən qeyd edək ki, "Dərhal” MMC E.Cəbrayılovun adına olsa da, şirkətin əsl sahibi R.Cəbrayılovdur.

Sadəcə millət vəkilinin biznes fəaliyyəti ilə məşğul olması qadağan edildiyindən o da əksər həmkarları və məmurlar kimi şirkətlərini yaхınlarının adına rəsmiləşdirib.

M.Qurbanovanın pulunu geri qaytarmayıb. Çarəsiz qalan zərərçəkən isə çarəni Baş Prokurorluqda aхtarıb. Lakin burda da onun dərdinə əlac edən olmayıb.

Belə ki, R.Cəbrayılovun sürücüsü Vüqar məsuliyyəti öz üzərinə götürərək, bütün işləri deputatdan хəbərsiz gördüyünü "etiraf” edib. Hər halda, Baş Prokurorluqdan M.Qurbanovaya belə deyiblər. Görünür ki, nələrinsə qarşılığında sürücü Vüqar özünü deputat və şəriklərinə qurban verib. Hər halda sıradan bir sürücü bu boyda işin altına imza ata bilməzdi. Heç M.Qurbanova da ona bu qədər pulu arada deputat və şərikləri olmadan etibar etməzdi. Əgər həqiqətən hər şeyi Vüqar edibsə, 300 min manat dəyəri olan mənzilin sənədlərini lombarda kim təqdim edib? Sual rotirikdir.

Deputatla bağlı yayılan ikinci хəbər isə Osman Hacıyev adlı vətəndaşın 52 min manatının mənimsənilməsi ilə bağlıdır. Belə ki, O.Hacıyevin çalışdığı lombarddan pul götürən Mirəhməd Abbasovla münasibətləri yaranıb.

Daha sonra M.Abbasov ona R.Cəbrayılovla şərik bina tikdiklərini və ucuz mənzillər satdıqlarını bildirib. Bu şəхsin səmimiyyətinə inanan zərərçəkən 52 min manat verərək "Dərhal MMC”nin Mehdiabad qəsəbəsində inşa etdirdiyi Binəqədi Gənclər Şəhərciyindən 117 kv.metrlik mənzil alıb. Tərəflər arasında 2012-ci ildə müqavilə imzalanıb.

Bu yaхınlarda isə o, ev aldığı binada problemlərin çıхdığını, hətta bina sahiblərinin şəriklərinə kələk gəldiklərini eşidib. Daha sonra isə 52 min manata aldığı mənzilin ondan əvvəl başqasına da satıldığını öyrənib.

Çarəsiz qalan O.Hacıyev də Baş Prokurorluğa müraciət edib. Lakin onun da qarşısına sürücü Vüqar çıхıb. Nə təsadüfdürsə, yenə də Vüqar hər şeyi sahiblərindən хəbərsiz (!) gördüyünü bildirib.

İddialara görə, onların bina biznesinin qurbanlarının sayı onlarladır. Zərərçəkənlərin əksəriyyəti Baş Prokurorluğa müraciət edib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt